Həmsədrlər həlak olan Azərbaycan əsgəri haqda bəyanat yaydı

”Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır”

Source:


”Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır”

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

Bu barədə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında deyilir.

Məlumatı APA yayıb.

İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında bildirilir: “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır”.

2016-cı ilin dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

Ana səhifəXəbərlərHəmsədrlər həlak olan Azərbaycan əsgəri haqda bəyanat yaydı