Həmsədrlər Azərbaycana münaqişənin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini xatırladıblar

Konfliktoloq Elxan Mehdiyev həmsədrlərin tənqidlərinin demokratik dünyanın qaydalarına və mandatlarına uyğun gəlmədiyini hesab edir

Source:


Konfliktoloq Elxan Mehdiyev həmsədrlərin tənqidlərinin demokratik dünyanın qaydalarına və mandatlarına uyğun gəlmədiyini hesab edir

Yanvarın 27-də Krakovda ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

ATƏT-in məlumatında deyilir ki, həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində itkilərə səbəb olan hücumlar haqqında məlumatlarla bağlı ciddi narahatlılqlarını bildiriblər.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında etimadı bərpa etmək və tərəqqiyə nail olmaq üçün ötən ildən başlayan zorakılığın artması hallarının qarşısını almaq lazımdır”, – məlumatda deyilir.

Həmsədrlər Azərbaycanı münaqişənin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıblar.

“Biz həmçinin Ermənistanı gərginliyin azaldılması üzrə bütün tədbirləri görməyə çağırırıq. Bütün tərəflər atəşkəs haqqında sazişin şərtlərinə riayət etməlidir. Zorakılıq sülhün əldə edilməsi üzrə səyləri pozur”, – məlumatda qeyd olunur.
Vasitəçilər nazirlə sülh prosesi çərçivəsində növbəti mümkün addımları, o cümlədən davamlı nizamlanmaya gətirib çıxara biləcək və bütün regiona fayda verə biləcək hərtərəfli danışıqları müzakirə ediblər.
ATƏT-in hazırki sədri, Serbiya XİN rəhbəri İvitsa Daçiç də  Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını bildirib.
Daçiçin bəyanatında atəşkəs rejiminə əməl olunmasına çağırılır: “Mən insanların ölümünə səbəb olan silahlı toqquşmalardan məyus olmuşam. Tərəfləri gərginliyin artmasına xidmət edən hərəkətlərdən çəkinməyə çağırıram.
“Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Nyuport və Paris görüşləri müsbət olub. ATƏT birbaşa əlaqələrin qurulmasını sadələşdirməyə çalışır, lakin tərəflər də öz hərbi komandanlıqlarını atəşkəs rejiminə əməl etməyə məcbur etməlidirlər”.

Bəyanatı Meydan TV-yə şərh edən konfliktoloq Elxan Mehdiyev bildirib ki, həmsədrlərin bəyanatını oxuduqca, onların Azərbaycanı ittiham etdiyi açıq-aşkar görünür: “Faktiki olaraq, həmsədrlər vasitəçilik mandatına uyğun olmayan tərzdə Azərbaycanı günahkar sayırlar. Bu, o zaman baş verir ki, Ermənistan ordusu Azərbaycan tərəfə keçib 3 əsgərimizi öldürüb. Eyni zamanda, Sərkisyanın Azərbaycana preventiv zərbələr vuracağı haqqında bəyanatından 1 gün sonra həmsədrlər belə açıqlama yayıblar. Təhlil edəndə həmsədrlərin ermənilərin Azərbaycana zərbələr vurması üçün mühit hazırladığını görürsən. Görünür, həmsədrlər Ermənistanın informasiyaları əsasında hərəkət edib onların tərəfini tutur”.
Elxan Mehdiyev həmsədrlərin bəyanatında Azərbaycana qarşı tənqidlərinin demokratik dünyanın qaydalarına və mandatlarına uyğun gəlmədiyini dedi: “Çox maraqlıdır ki, Azərbaycan hökuməti, müxalifəti, müstəqil media və rəsmi qəzetlər həmin bəyanat haqqında yazmadılar. Hakimiyyət dairələri də heç bir reaksiya vermədilər. Halbuki, bəyanat hadisələrin istiqamətini çox təhlükəli olacağından xəbər verir. Artıq həmsədrlər açıq şəkildə təcavüzkarın tərəfini tutur, onların fikrindən çıxış edirlər. Bu isə Ermənistanın işğalı üçün əsas yaradır”.
Elxan Mehdiyev hesab edir ki, ATƏT-in hazırki sədri, Serbiya XİN rəhbəri İvitsa Daçiçin bəyanatının heç bir təsir imkanı yoxdur: “Çünki cənab Daçiç bu işlərlə məşğul olmur, simvolik xarakter daşıyır və danışıqların gedişinə də heç bir təsiri yoxdur. Bu münaqişəni üç həmsədr ölkə monopoliyada saxlayır. Onların bəyanatından başqa istənilən təşkilatın açıqlamasının heç bir təsiri yoxdur”.

Ana səhifəXəbərlərHəmsədrlər Azərbaycana münaqişənin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini xatırladıblar