İlqar Vəlizadə: ”Vasitəçilər Ermənistana təzyiq etməlidirlər, bu təzyiq mexanizmi yoxdur”
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Sergey Lavrov (Rusiya), Con Kerri (ABŞ) və Jan-Mark Eyro (Fransa) Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar.
APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:
“Biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq. Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir. Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik. Biz tərəfləri, region xalqlarını barışığa aparan yeganə yol kimi, sülh yolu ilə həllə çağırırıq. Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994/95-ci il atəşkəs haqqında razılaşmaya sadiq qalmağa çağırırıq.
Biz İrəvan və Bakını Vyanada 16 may tarixində və Sankt Peterburqda 20 iyun tarixində keçirilən yüksək səviyyəli görüşlərdə qəbul olunan bəyanatlarda əks olunan razılaşmalara hörmətlə yanaşmağa çağırırıq. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tərəflər arasında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin həyata keçirilməsində irəliləyişi alqışlayırıq. Biz tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq.
Təkliflər münaqişənin nizamlanması üzrə danışıqların dərhal bərpası ilə birlikdə həyata keçirilməlidir. Biz Azərbaycan və Ermənistan liderlərinə çağırışlarımızı təkrarlayaraq, çeviklik nümayiş etdirməyə və hazırkı işçi təkliflərin əsasında dayanıqlı sülhə doğru irəliləmək məqsədilə danışıqlar masasına qayıtmağa çağırırıq. Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri yalnız artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq.
Biz tərəflərə xatırladırıq ki, münaqişənin həlli Helsinki Yekun Aktının əsas prinsiplərinə, yəni: güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi və həmsədr ölkələrin prezidentləri tərəfindən təklif olunan əlavə elementlər, o cümlədən, Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ; və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatına əsaslanmalıdır. Bizim ölkələrimiz tərəflərlə sıx əməkdaşlığı davam etdirəcəyik və biz tərəfləri vasitəçi kimi Minsk Qrupu həmsədrlərinin yardımından tam istifadə etməyə çağırırıq”.
Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin, onların buna hazır olacaqları təqdirdə, görüşünü keçirməyə hazırdır: “Biz qətiyyətlə əminik ki, prezidentlər ilk fürsətdə xoşməramlı danışıqlar aparmalıdırlar. Həmsədrlərin vasitəçiliyi ilə prezidentlər arasında mütəmadi və birbaşa danışıqların aparılması etimadın möhkəmlənməsi və sülh prosesinin irəliləməsi yolunda mühüm elementlərdən biri olaraq qalmaqdadır”.
Siyasi icmalçı İlqar Vəlizadə Meydan TV-yə deyib ki, indiyə qədər bir-birini təkrarlayan bəyanatlar çox olub. Yenə də hansısa müddəaları götürüb şərh etmık əhəmiyyətsiz olardı: “Çünki bəyanatların necə icra olunduğunu və onlara necə yanaşıldığını da görürük. Məsələ ondadır ki, həmsədr ölkələrin xarici işlər nazirlərinin bəyanatlarından da əsas BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və bu sənədin də necə əksini tapdığını görürük”.
İlqar Vəlizadə hesab edir ki, vasitəçilər Ermənistana təzyiq etməlidirlər, bu təzyiq mexanizmi yoxdur:
“Başqa münaqişələri götürdükdə, bəyanatlarla yanaşı təsir və təzyiq mexanizmlərilə də rastlaşırıq. 25 il ərzində Dağlıq Qarabağ münaqişəsilə bağlı həmin mexanizmlər yaradılmadı. Bizə bəyanatlar yox, onun həyata keçirilməsi vacibdir. Beynəlxalq hüquq normaları belə mexanizmlərin yaradılması üçün imkanları açır, BMT və ATƏT-nin əsasnamələrində müddəalar var ki, onları götürüb qərarlar qəbul etmək olar. Nə qədər ki, mexanizmlər yoxdur, bəyanatlar kağız üzərində qalacaq”.