”Həm ”intizamlı ödəyicisən” deyirlər, həm də 2900 manat borc yazırlar”

Bərdə sakini iddia edir ki, əlində ödəmə qəbzləri olduğu halda ona 2500 manat borc yazılıb

Foto: arxiv
Sayğac
Sayğac


Bərdə sakini iddia edir ki, əlində ödəmə qəbzləri olduğu halda ona 2900 manat borc yazılıb

“Adamların evdə olmamasından istifadə edirlər, sayğacı açıb, qoltuqlarına vurub aparırlar, sonra da xəbər göndərirlər ki, bu qədər borcu var, gətirib ödəsin”.

Bərdənin “Qarabağstroy” adlanan qəsəbəsində yaşayan Mənsur İlyasov Meyan TV-yə danışır ki, oktyabrın 23-də yaşadığı ünvana gələn yerli qaz idarəsinin işçiləri həmin ünvana məxsus qaz sayğacını çıxarıb özləriylə aparıblar. Bir neçə gündən sonra isə ailəyə bildirilib ki, qaz istehlakına görə olan 2900 manat məbləğində borcu ödəməsələr, ünvana mavi yanacaq verilməyəcək.

Aldadıb, aktı imzalatdırıblar

“21 yaşlı oğlum evdə tək olub, görüb ki, iki nəfər çöldə sayğacı açır. Soruşub, nə məsələdir? Deyiblər, qaz idarəsindən gəlmişik, sayğacları dəyişirik, sizin də sayğacı çıxarırıq, aparırıq, gətirib yerinə yenisini qoyacağıq. Sonra akt yazıblar, deyiblər, yeni sayğaca görədir, imzala. Heç aktı oxumağa da imkan verməyiblər ki, guya hələ çoxlu ünvana getməlidilər, köhnə sayğacları çıxarmalıdılar. Beləcə, çaşqınlıq yaradıb oğluma akta imza atdırıblar”,- Mansur İlyasov deyib.

Ailə üzvləri yalnız 3 gündən sonra xəbər tutublar ki, əslində sayğac başqa səbəbdən açılaraq aparılıb:

“3 gün idi ki, mavi yanacaqsız qalmışdıq. Küçədə qaz idarəsinin işçiləri qarşıma çıxdı, dedim, bəs, nə yerdə qaldı bizim sayğac məsələsimiz? Yenisini nə zaman gətirib quraşdıracaqsız? Dedilər, a kişi, nə yeni sayğac, apar 2900 manat borcunu ödə, ondan sonra gətirib sayğac quraşdırsınlar. Getdim qaz idarəsinə…”

Mənim borcum yoxdur

Rayon Qaz İdarəsində Mənsur İlyasova 2900 manat borcu olduğunu təsdiqləyiblər. Mənsur İlyasovsa deyir, intizamlı ödəyici olub:

“İş orasındadır, həmişə borcumu vaxtında və artıqlamasıyla ödədiyimi təsdiqləyən ödəniş qəbzlərim var. Hamısını idarəyə təqdim etmişəm. Özləri də təsdiqləyirlər ki, mən intizamlı ödəyici olmuşam. Üstəlik, indiyədək ünvanıma göndərilən bildirişdə aylıq borcumdan başqa hər hansı borcumun olması göstərilməyib, xəbərdarlıq bildirişi almamışam. Nə yazılı, nə şifahi xəbərdarlıq olmayıb. Ümumiyyətlə, hər ay işlətdiyim qaza görə borcu vaxtında ödəmişəm. İndi oturduğumuz yerdə bu boyda borc hardan yazıldı ayağıma, nə özüm bilirəm, nə də deyəsən idarədəkilər bilir. Eləcə, üzümə baxıb deyirlər ki, sən həmişə vaxtında ödəmisən. Deyirəm, yaxşı, bəs, bu nədir? Deyirlər, kompüterə düşüb”.

Gəlsin, araşdıraq

Bərdə rayon Qaz İdarəsindən bildirilib ki, Mənsur İlyasov idarəyə dəvət olunacaq və qaz sərfiyyatına görə yığılan pul borcu araşdırılacaq: “Ancaq borc olmasaydı, abonenti narahat etməzdilər. Aktı imzalayan oğlu savadlı, universitet bitirmiş adamdır, necə olub ki, aktı oxumadan imzalayıb? O aktda hər şey aydın qeyd olunmuşdu”.

Hüquqşünas Namizəd Səfərov deyir, abonent məhkəməyə müraciət etməlidir: “Borca dair aylıq bildirişləri və aylıq ödəniş qəbzlərini məhkəməyə təqdim etməlidir. Çünki abonentin sərfiyyata görə yığılan borcu varsa, o borc mütləq hər ay təqdim olunan aylıq borca dair bildirişdə qeyd edilir”.

Mənsur İlyasov deyir, oktyabrın 29-da məhkəməyə müraciət edib.

Ana səhifəBölgə”Həm ”intizamlı ödəyicisən” deyirlər, həm də 2900 manat borc yazırlar”