“Həm böyüklərə, həm balacalara bu vitamin D – günəş şüaları, dənizin duzlu suyu lazımdır”

“Həm böyüklərə, həm balacalara bu vitamin D – günəş şüaları, dənizin duzlu suyu lazımdır”

Azərbaycanda çimərlik mövsümü hər il iyulun 15-də açılır. Bu il istisna oldu. Koronavirus pandemiyası və Azərbaycanda martın sonundan tətbiq olunan karantin rejiminə görə ölkədə çimərliklər yalnız avqustun 5-də açıldı.

Bu, ölkədə kafe, restoran, böyük ticarət mərkəzləri, kinoteatrlar, teatrlar, muzeylərin hələ də bağlı olduğu vaxtda hökumətin getdiyi iki “yumşaldılmadan” biri idi. İkinci yumşaldılma – ölkədə avqustun 5-dən həmçinin evdən SMS icazə ilə gündə bir dəfə olmaqla iki saatlıq çıxmaq qaydası ləğv edilib.

Bu günədək Azərbaycanda 34 747 koronavirusa yoluxma faktı aşkarlanıb, 509 nəfər ölüb. Koronavirusa görə ilk ölüm halı martın 12-də qeydə alınıb. Martın 24-də hökumət xüsusi karantin rejimin tətbiq edildiyini elan edib. Həmin vaxt ölkədə 72 koronavirusa yoluxma halı qeydə alınıb. Artıq martın 30-da yoluxmuş şəxslərin sayı 273-ə qalxdı.

İyunun ortalarında, koronavirus xəstələrinin sayının artıq 11 mini keçdiyi vaxt Azərbaycan hökuməti sərt karantin rejiminin tətbiq edildiyini elan etdi. İyulun 19-da hökumət sutka ərzində koronavirusa yoluxan şəxslərin sayının azaldığını elan etdi; sutka ərzində qeydə alınmış yeni yoluxmaların sayı 388, iyulun 18-də isə Covid-19 aşkarlanmış şəxslərin sayı 497 idi. Avqustun 18-ə olan məlumata görə, Azərbaycanda koronavirusa sutka ərzində 131 nəfər yoluxub.

AZIZ8061.JPG
Bakıda çimərlik
“Özünüzü və yaxınlarınızı Covid-19 infeksiyasından qoruyun”

Çimərliklərin açılması ərəfəsində dövlət qurumları çimərliklərdə olan vaxt riayət edilməsi lazım gələn bir sıra qaydalar haqqında videotəlimat yayıb.

Yeni qaydalara əsasən, çimərliyə getməzdən əvvəl Elektron Hökumətin İnkişaf Mərkəzinin hazırladığı “cimerlik.az” saytına nəzər salmaq tələb olunur. Saytda Bakı çimərliklərinin siyahısı qeyd olunub.

Hər çimərliyə kvota – həmin çimərlikdə eyni anda olmasına icazə verilən adam sayı ayrılıb. Bu say ərazinin böyüklüyündən asılıdır.

Yeni qaydalarda ilk öncə dənizə getməzdən əvvəl yer rezerv etmək və ya onlayn növbə tutmaq tələb olunsa da, hazırda belə tələb mövcud deyil.

Hazırda portala daxil olaraq siyahıda olan çimərliklərin sıxlıq dərəcəsini, qalan boş yer sayını görmək olar.

“Cimerlik.az” saytında yerləşdirilən qaydalara əsasən, çimərliklərdə yalnız ASAN könüllülər tərəfindən nəzarət olunan giriş-çıxışdan istifadə etmək lazımdır. Burada sizin temperaturunuz ölçülməli, dezinfeksiya məhsulları təklif olunmalı, həmçinin dəniz kənarında istirahətin yeni qaydaları izah olunmalıdır.

AZIZ7898.JPG
Bakıda çimərlik

Bundan başqa, sosial məsafəni saxlamaq, gigiyena qaydalarına və çimərliklərə nəzarət edən polisin tələblərinə əmək etmək, ancaq ayırıcı lentlərlə işarələnmiş yerlərdə istirahət etmək tələb olunur.

Hazırda çimərliklərdə qida və şəxsi istifadə əşyaları satılmadığı üçün onları özünüzlə gətirmək tələb olunur.

Sahildəki kafe və restoranlar da həmçinin fəaliyyət göstərmir.

Bundan başqa, çimərliklərdə voleybol və futbol və digər idman oyunlarının keçirilməsi də qadağandır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, çimərliyə gedən şəxslərin ailə üzvləri istisna olmaqla insanlar arasındakı məsafənin 2 metr, çətirlərin arasındakı minimal məsafənin isə 4 metr olması tələb olunur.

Nazirlik çimərliklərdə qapalı yerlərdə maska taxılmasını tələb kimi qeyd edib.

Çimərlikdə istirahət edənlərə bütün bu qaydaları sahildə növbə çəkən xilasedicilər zaman-zaman səsgücləndirici ilə xatırladır.

AZIZ8081.JPG
Bakıda çimərlik

Vətəndaşlar bütün bunlar haqqında düşünür?

Yeni qaydalar ölkə vətəndaşlarının dəniz kənarında heç olmasa mövsümün sonuna yaxın (Azərbaycanda çimərlik mövsümü rəsmi olaraq sentyabrın 15-də bağlanır) günəş vannası qəbul etmək həvəsini aparmayıb.

Çimərlik mövsümünün rəsmi açılmasından sonrakı ilk həftəsonu Xəzər dənizinin Bakı sahillərində anşlaq müşahidə olunur. Sosial mediadakı müzakirələrdə “çimərliyə tez gedək, bir də gördün təzədən bağladılar” kimi şərhlərə tez-tez rast gəlmək olurdu.

Meydan TV-nin çəkiliş heyətinin baş çəktiyi Bakı çimərliklərində insanlar hökumətin bu qərarını necə çoxdan gözlədikləri barədə həvəslə danışırdılar.

“Kaş, bundan bir az, 5-10 gün də qabaq bu qaydaları verəydilər, çünki həkim məsləhət görüb ki, uşağı gətirmək lazımdır, elə qaydalar verilən günün səhərindən uşağı gətirdik dənizə. Təmizlik də Allaha şükür, hər şey qaydasında, su dupduru, təmiz. Hər şey yaxşı, hər şey gözəl”, – çimərlikdəki Bakı sakini bizə danışıb.

3H3A0399.JPG
Bakıda çimərlik

İstirahət edənlərin dediklərinə görə, portaldan istifadə edənlər azdır. Bir çoxu artıq dənizə getməyə imkan tapanların sözlərinə və tövsiyələrinə inanır.

“Portaldan baxmadıq, soruşduq qohum-qonşudan, dedilər ki, problem yoxdur yəni. Heç portala ehtiyac yoxdur ki. Boşdur, yer var, yəni, gedib çimə bilərik”, – istirahət edən başqa biri dedi.

Çimərliklərdə istirahət edənlərin sayına könüllülər və polis nəzarət edir. Əgər siz artıq dolmuş çimərlik ərazisinə gəlmisinizsə, onlar hətta qonşu çimərlik ərazisində boş yer tapmağa kömək edə bilərlər.

"Biz bu çimərliyə daxil olan insanların neçə nəfər olduğunu qeyd edərək burada neçə nəfər olduğunu bəlli edirik", – Bakı çimərliklərinin birindəki könüllü danışır – " Məsələn, buradakı limit 800 nəfəri keçdikdə vətəndaşlardan xahiş edərək digər sahələrə, digər ərazilərə getmələrini xahiş edirik. Çimərliyə əgər üç nəfər girirsə, (telefonunda saytı göstərir) biz 3 yazıb “giriş”ə basırıq və bura avtomatik olaraq 70 nəfər olur və 3 nəfər çıxdıqdan sonra “çıxış”a basaraq yenidən əvvəlki sayına qaytarmaq mümkündür".

Elə bu könüllülər sizi çimərliklərin girişində qarşılayır. Sosial məsafənin qorunmasına xüsusilə ciddi nəzarət edilir.

"Girişdə bizi qarşılayıb, hərarətimizi ölçüb, əlimizi spirtləyib, məlumat verirlər ki, hansı ərazidə oturmaq olar, hansı ərazidə olmaz, sosial məsafəni saxlamaq barədə məlumat verirlər", – orta yaşlı kişi bizə deyib.

AZIZ8043.JPG
Bakıda çimərlik
“Nəzarətsiz çimərliklərə” olmaz

“Cimerlik.az” saytında siyahıda olan çimərlik ərazilərinin girişində polis avtomobilləri dayanır və bütün ərazilərə polis nəzarət edir.

Çimərlik ərazisinə ayrılan kvota dolduqda, polis nəfərləri vətəndaşların həmin əraziyə daxil olmasını dayandırır və onları yaxınlıqdakı digər çimərliklərə yönləndirir.

Lakin Bakıda həm də “nəzarətsiz çimərliklər” adlandırılan və portalda dərc olunan siyahıya salınmayan ərazilər də var. Yeni qaydalarda bu çimərliklərdə “pandemiya ilə bağlı monitorinq aparılmadığı üçün” ehtiyatlı olmaq tövsiyə olunur. Bununla yanaşı, adı siyahıda olmayan çimərliklərə giriş qadağası barədə hər hansı elan verilməyib.

Lakin çimərliklərin açılmasının elə ilk günlərində sosial şəbəkələrdə polisin insanları bu çimərliklərdən çıxardığını göstərən həvəskar çəkilişlər yayılıb.

Bu görüntülərin birində polisin nəzarətsiz çimərliklərdə vətəndaşlardan ərazini tərk etməyi tələb etdiyi görünür.

“Təmiz oradan girişi bağlayacağıq, bura heç kim girməyəcək”, – videoda polis əməkdaşı deyir.

İstirahətə gələn şəxsin “Niyə? Biz çimməyə hara gedək?” sualına cavabında polis ictimai çimərliklərə getməyi məsləhət görür.

Çimərliklər təhlükəlidirmi?
AZIZ8059.JPG
Bakıda çimərlik

İnsanların sosial şəbəkələrdəki reaksiyalarına görə, çimərlik mövsümünün açılmasını hamı gözləyib. Bir çoxu hətta hakimiyyətin bu qərarda gecikdiyini düşünür. Hətta bəzi məşhurlar ölkədə bütün ictimai yerlərin bağlı olduğu vaxtda "heç olmasa çimərliklərin açılmasını" tələb ediblər.

Dənizdə koronavirusa yoluxmaqdan da heç kim qorxmur.

“Sosial məsafəni qorumaq üçün görürsünüz stol-stulu nə qədər məsafədə qoymağa icazə verirlər”, – gənc qadın masalar arasındakı məsafənin böyüklüyünü göstərərək deyir, – “Yəni, bununla bağlı problem yoxdur”.

Azərbaycanlı həkim Adil Qeybulla çimərliklərin açılması qərarını doğru addım hesab edir.

AZIZ7716.JPG
Bakıda çimərlik

Deyir ki, o və bəzi digər həkimlər karantin qaydalarının tamamilə yumşaldılmasını, karantin davranışlarının isə sərtləşdirilməsini təklif edib.

“Yəni, insanların “karantin davranışlarına” ciddi nəzarət olmalıdır. Yəni, insanlardan sosial məsafənin gözlənilməsi,qapalı məkanlarda maska taxılması, dezinfeksiya vasitələrindən istifadə etmək tələb olunmalıdır”, – o, Meydan TV-yə danışıb, – “Buna görə də, çimərliklərin açılmasında hər hansı problem görmürəm”.

Adil Qeybullanın sözlərinə görə, gigiyena qaydalarına riayət olunarsa və sosial məsafə saxlanılarsa, dənizdə virusua yoluxma potensialı praktiki olaraq “minimuma enir”.

“Xüsusilə günəş şüaları altında bu, daha da ciddidir. Ağız-nəfəs boşluğundan düşən virus o temperaturda daş və qum üzərində uzun müddət qala bilməz”, – həkim izah edir, – “Bu baxımdan, çimərlikdə yoluxma şansı çox aşağıdır. Əlbəttə, insanlar çox yaxın məsafədə təmasda olsalar, heç bir qayda-qanun gözləməsələr, bu artıq təmas kimi dəyərləndirilir və burada artıq yoluxma şansı var. Çimərlikdə virusdan qorunmaq üçün onun içərisində çimərlik sahəsinə uyğun olaraq insan sayı olmalıdır. Ən əsas faktor budur. Yəni, sosial məsafəni gözləməyi təmin edəcək qədər adam olmalıdır. Əgər ondan çox adam olsa, təbii ki, bu, yoluxma şansı yaradır”.

3H3A0433.JPG
Bakıda çimərlik

Psixoloq Cəmilə Rəhimli deyir ki, çimərliklərin açılması insanlara hətta “gələcəyə inam hissi” verə bilər.

Psixoloqun sözlərinə görə, koronavirus pandemiyası və karantin rejiminin tətbiqinə görə insanların vərdiş etdiyi həyat tərzi dəyişib və onlarda “itki hissi” yaranır.

“Yay mövsümü başa çatırdı. Bir çoxu artıq bu il günəş vannası qəbul etməyə ümid etmirdilər. Bu, özlüyündə güclü qəzəb və aqressiya hissi yarada bilir. Bundan başqa, bir çoxu hesab edir ki, dənizdə çimmək və günəş vannası qəbul etmək onların immunitetini artırmalı idi. Lakin bu imkan onlardan alınıb. Belə bir inam da var ki, dənizə getmədikləri üçün virusa yoluxma və xəstələnmə ehtimalları artır. Bu fikirlərə görə insanlar gələcək barədə qorxu hissi keçirirlər”.

Onun bu sözlərini çimərlikdəki insanlar da təsdiq edir.

“Özünüz çox gözəl bilirsiniz ki, həm böyüklərə, həm balacalara bu vitamin D – günəş şüaları lazımdır, dənizin duzlu suyu lazımdır”, – orta yaşlı kişi deyir, – “Bütün bunlar insanların immunitetini möhkəmlədəcək. Mənə elə gəlir ki, biz ikinci dalğaya da qalib gələcəyik”.


Mediaşəbəkənin dəstəyi ilə

Ana səhifəVideo“Həm böyüklərə, həm balacalara bu vitamin D – günəş şüaları, dənizin duzlu suyu lazımdır”