“Mənfur zorakılıq aktı zamanı vəhşicəsinə öldürülmüş 613 kişi, qadın və uşağı yad edirəm”
Xocalı soyqırımının 27-ci ildönümündə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqressmen Alsi Hastinqs bəyanat verərək, Azərbaycan xalqına başsağlığı verib.
Məlumatı “Turan” Agentliyi yayıb.
“Hesab edirəm ki, həyatından məhrum olanları tanımaq və xatırlamaq vacibdir”, deyə bəyanatda bildirilir.
O bildirib ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının 27-ci ildönümünü tanımaq üçün ayağa qalxıram və bu mənfur zorakılıq aktı zamanı vəhşicəsinə öldürülmüş 613 kişi, qadın və uşağı yad edirəm.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlıların ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.
Xocalı faciəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 1275 insan əsir və girov götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.