Helena Dallin: Avropa Birliyi bütün əsirlərin sərbəst buraxılmasını istəyir

”Minalanmış ərazilərin xəritəsi də təqdim edilməlidir”

Foto: Ivor Prickett – The New York Times


”Minalanmış ərazilərin xəritəsi də təqdim edilməlidir”

Avropa Birliyinin bərabərlik üzrə komissarı Helena Dallin Ermənistan və Azərbaycan arasındakı müharibədən və əsirlərdən danışıb.

Helena Dallin

bildirib

ki, Avropa Birliyi bu mövzuda açıq mövqe tutub və dəfələrlə hər iki tərəfi atəşkəs razılaşmasına əməl etməyə çağırıb: “Beynəlxalq humanitar hüquqa və atəşkəs razılaşmasına əsasən, tutulma şəraitlərindən asılı olmayaraq hərbi əsirləri ölkələrinə geri qaytarmağa səsləmişik. Bütün erməni əsirlərin sərbəst buraxılması özünəinam və etimad yaratmaq üçün vacib siyasi jest olardı“.

Komissar bildirib ki, yanvarın 29-da 5, mayın 4-də isə 3 erməni əsirin sərbəst buraxılmasını alqışlayır, digər bütün əsirlərin də tezliklə sərbəst buraxılmasını istəyir: “Avropa Birliyi hər iki tərəfin yalnız əsir götürülənlərin geri qaytarılması mövzusunda deyil, digər vacib humanitar məsələlərdə də əməkdaşlıq etməsini gözləyir. Eyni zamanda, itkinlərin tapılması və repatriasiyası da davam etməlidir”.

Helena Dallin daha sonra deyib ki, müharibə zamanı dağılmış ərazilərə qayıtmaq üçün əvvəlcə oralar minalardan təmizlənməlidir: “Bunun üçün də minalanmış ərazilərin xəritəsi təqdim edilməlidir. Bu işləri həyata keçirmək üçün lazımi məlumat mübadiləsi istiqamətində addımlar atılmalıdır. Gərginliyi aradan qaldırmaq və cəmiyyətlərin normallaşmağa doğru irəliləməsinə imkan vermək üçün qızışdırıcı ritorikalardan çəkinmək lazımdır”.

Avropa Birliyi tərəflərdən beynəlxalq humanitar qanunların pozulmasına görə məsuliyyətli olmağı tələb edir.

Komissar hesab edir ki, əsirlərə işgəncə, pis rəftar və ya edam iddiaları və son hərbi əməliyyatlar zamanı törədiləbiləcək digər hərbi cinayətlər hərtərəfli araşdırılmalıdır: “Avropa Birliyi beynəlxalq və müstəqil ədliyyə mexanizmlərini, belə iddiaların müstəqil araşdırılmasını dəstəkləyə bilər. Hərbi əməliyyatların dayandırılması və təcili humanitar məsələlərin həlli uzun sürən Dağlıq Qarabağ münaqişəsinə son qoymağın ilk addımıdır”.

Helena Dallin çıxışının sonunda Avropa Birliyinin ATƏT-in Minsk qrupunu dəstəklədiyini də söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılıb. ABŞ, Rusiya və Fransa isə həmsədr dövlətlərdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəXəbərlərHelena Dallin: Avropa Birliyi bütün əsirlərin sərbəst buraxılmasını istəyir