“Hələ rejim üçün daxili auditoriyanın qoyduğu suallar var”
Yola saldığımız həftə Rusiya rəsmilərinin Bakı səfərlərilə yadda qaldı. Əvvəl XİN rəhbəri Sergey Lavrov, ardınca baş nazir Dmitri Medvedev və onun müavini Dmitri Roqozin Azərbaycana gəldilər. Səfər zamanı Rusiya rəsmilərinin açıqlamaları Azərbaycan ictimai rəyində senssasiya kimi də qiymətləndirildi, xüsusilə Lavrovun bəyanatları.Tarixçi-alim Altay Göyüşovla son hadisələri ötən əsrin ikinci onilliyində baş verən olaylarla paralel şəkildə müzakirə etdik.
–
Altay müəllim, Sergey Lavrovun sonuncu bəyanatları 1919-cu ildə sovet Rusiyasının xarici işlər naziri Çiçerinin Azərbaycanın baş naziri və xarici işlər naziri Xoyskiyə göndərdiyi notalarını xatırlatdı. Nə baş verir, tarix yenidənmi təkrarlanır? Düzdür, siyasi dünya 100 il əvvəlkindən fərqlənir, Avropa Şurası, Avropa Birliyi, BMT var, amma narahatlıqlar da az deyil…
– Sözsüz ki, oxşar və fərqli cəhətlər var. Oxşar cəhət ondan ibarətdir ki, biz yenə 100 il əvvəlki qonşularla əhatə olunmuşuq. İkinci oxşar cəhət, o zaman çar imperiyası dağılmışdı, 2 illik vətəndaş müharibəsinin sonuna yaxın Rusiya yenidən dirçəlməyə və köhnə ərazilərini qaytarmaq istiqamətində fəaliyyətə başlamışdı. İndi də təxminən həmin vəziyyətdir, SSRİ dağıldı, bu dəfə Rusiyanın zəiflik dövrü bir az uzun çəkdi, amma Putinin son 7-8 illik fəaliyyəti nəticəsində dövlət yerini məhkəmlətmək üçün çalışır. Təbii olaraq Rusiya öz ətrafına diqqət yetirməyi vacib sayır. 1917-ci ildə Rusiya dağılanda Finlandiya və Polşanı itirdi. Düzdür, İkinci Dünya Müharibəsindən sonra Polşanı sosialist bloka qata bildi. 1991-ci il çöküşündən sonra isə baltik respublikalarını tamamilə itirdi və həmin ölkələr əvvəl NATO-ya, sonra Avropa Birliyinə üzv oldular. Artıq baltik respublikaları Rusiyanın nəzarətindən çıxıb, Moskvanın onları yenidən təsir dairəsinə salmaq istəməsi İkinci Dünya Müharibəsinə oxşaya bilər. O zaman vəziyyət bir az fərqliydi, Rusiya İkinci Dünya Müharibəsində qalib olduğundan bütün Avropada sözü keçirdi. Təsəvvür edin ki, müharibə Polşaya görə başladı, Hitler Almaniyasının işğalından sonra Fransa və Böyük Britaniya Berlinə müharibə elan etdi. Ancaq müharibə bitəndən sonra Polşa Böyük Britaniya və Fransa üçün də itirildi. İndiki vəziyyətin ötən əsrin əvvəllərinə oxşar olmayan cəhəti ondan ibarətdir ki, 1919-cu ildə artıq ingilislər yox idi, Türkiyədə yeni hərəkat başlayır və Antanta bölgədə möhkəmlənməyin mümkün olmadığını anlayırdı.
Bu gün fərqli situasiyadır, Qərb və Rusiya arasında qarşıdurma var. Biz bunu Ukrayna və Gürcüstanda gördük. Eyni zamanda, Azərbaycandan enerji xətləri keçdiyindən gələcəkdə Orta Asiya enerji məhsullarının da ora qatılması fikri var. Çox ciddi qarşıdurma getsə də, vəziyyət o dövrdəki kimi deyil.Birinci səbəb odur ki, artıq Azərbaycanı Rusiyanın tərkib hissəsi etmək olduqca çətindir. Hətta 1920-ci ildə də çətin idi, ona görə bizi Rusiya Federasiyasının tərkib hissəsi etmədilər, məhz Cənubi Qafqazdakı duruma görə SSRİ yaratdılar. İndi müxtəlif adlarla regionu təsir altına salmaq istəyirlər.
–
Elə mən söhbətimizi bu istiqamətə yönəltmək istərdim. Rusiya XİN-nin rəhbəri Lavrov bildirib ki, Azərbaycan nə Avrasiya İqtisadi Birliyinin, nə də Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq vəziyyətin dəyişə biləcəyinə ümid edir. Bu, Kremlin Bakıya təzyiqinin ilk simptomları deyilmi?
– Onsuz da Rusiyanın əvvəldən niyyəti bu olub ki, əldən çıxan postsovet ölkələrini bacardıqca öz təsir dairəsinə qaytarsın. Birinci Qarabağ müharibəsində Azərbaycan ordusu Ağdərəni azad etdi, artıq Xankəndinin 10 kilometrliyindəydi, Rusiyanın təşkil etdiyi əks-hücumla itkilərə məruz qaldıq. Nəticədə Bişkek protokolunu imzalayıb MDB-yə daxil olduq. Hazırda MDB özünün əhəmiyyətini əvvəlki kimi saxlamır, ancaq Kreml KTMT-ni, Gömrük Sazişini və Avrasiya İqtisadi Birliyini yaradıb, deməli, Rusiya öz niyyətindən əl çəkmir və müxtəlif imkanlardan istifadə edir.
–
Nəticədə baş nazir Medvedev və onun müavini Bakıya gəldi, ondan əvvəl isə yenə Lavrov 7 rayonun qaytarılmasının statusla birgə həllinin təklif olunduğunu bildirmişdi. Deməli, bu, mərhələli plan deyil?
– Qətiyyən mərhələli plan deyil. Mərhələli plan Ermənistanın sabiq prezidenti Petrosyanın zamanında oldu, sonra onu da devirdilər və plan sıradan çıxdı. Rusiya indi məsələni belə qoyur, ikisi bir yerdə həll olunmalıdır, həm Azərbaycan ərazilərinin bir hissəsi qaytarılır, paralel olaraq status məsələsində razılığa gəlinir, çox güman ki, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilir.
–
Ancaq Lissabon Sammitində sülhməramlı qüvvələrin həmsədr dövlətlərin kontingentindən olmaması razılaşdırılıb…
– Onlar artıq keçmişdə qaldı, yeni situasiya yeni qaydalar tələb edir.
–
Rusiyanın təklifləri baxımından Qərbin mövqeyi necə olacaq, çünki amerikalı həmsədr Uorlik də sonuncu Bakı səfərində 5-7 rayonun qaytarılmasını vurğulamışdı. Bu baxımdan Rusiya və Qərbin mövqelərində uzlaşma görürsünüzmü? O cümlədən, Azərbaycanın bu təkliflərə mövqeyi necə olmalıdır?
– Azərbaycan əvvəldən KTMT-yə daxil olmaq istəmirdi və bunu onunla izah edir ki, ərazimizi işğal edən bir ölkəylə təhlükəsizlik müqaviləsində necə olabilərik? Bu, nonsens olardı! Düzdür, qarşı tərəf Avropa Şurasında üzv olduğumuzu xatırlaya bilər. Amma söhbət yalnız Azərbaycandan, Rusiyadan və Ermənistandan getmir, Qərbin də maraqları nəzərə alınmalıdır. Ona görə də Minsk Qrupunun tərkibində Amerika və Fransa var, prosesə yaxınlaşmada Rusiya və Qərbin üst-üstə düşən və fərqli cəhətlər də var. Üst-üstə düşən məqamlar nədir, bəlkə bu barədə danışan olmayacaq, amma mən açıq danışacam, Qərb və Rusiya Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının tərəfdarıdırlar. Amma bu Dağlıq Qarabağ məsələsinə aid edilmir. Açıq deməsələr də, pərdəarxasında niyyətlərinin nədən ibarət olduğunu bilirik. Dağlıq Qarabağ məsələsi mübahisə olaraq qalır və bölgənin Azərbaycanın daxilində muxtariyyat kimi qalmasını istəyənlər də var, amma xeyli adam da müstəqil olmasını istəyir.
–
Konkretləşdirəsiniz bəlkə, kimdir onlar?
– İctimai rəyi formalaşdıranlar, elmlə məşğul olanlar, siyasətçilər və diplomatlar.
–
Altay müəllim, gəlin konkret danışaq, dediklərinizdə Vaşinqtonun, Parisin və Moskvanın mövqeyi necədir? Üçü də Dağlıq Qarabağın müstəqil olmasını istəyir?
– Bu məsələ hələ sona qədər oturuşmayıb. Əldə rəsmi qərar olmadığından fikir söyləmək olmur, biz ictimai rəydən danışırıq ki, həm diplomatlar, həm siyasətçilər, həm elm adamları, bunların içində məsələyə ikili münasibət var. Açıq deyək, hər üç ölkədə həm Dağlıq Qarabağı müstəqil, həm də Azərbaycan daxilində görmək istəyənlər var. Hansının gücü çoxdur, hansı ictimai rəydə üstün gələ bilər, bu, artıq yerdə olan situasiyadan asılıdır. Amillər çoxdur, ayrı-ayrı məqamlar ola bilər ki, orda kiminsə mövqeyi üstün gəlsin. Sadəcə, bu məsələyə qətiyyən belə baxmaq olmaz ki, ərazi bütövlüyümüz tanınır, başqa yol ola bilməz, biz Kosovanın taleyini gördük, hər şey situasiyadan asılıdır. İkinci məqam Azərbaycanla Ermənistanın münasibətlərindən kənardır, söhbət Rusiya və Qərb arasındakı geopolitik davadır. Hər ikisi problemin həll olunmasını istəsə də, hər biri bu həll olunmanın onun adıyla bağlı olmasında maraqldır. Çünki buna nail olan güc hər iki tərəfə yaxın olacaq və özünün başqa niyyətlərini gerçəkləşdirməkdə avantaj qazanacaq. Burda vəziyyətdən asılı olaraq hansı məsələnin prioritet olması da var. Bəzən tarixi və taktiki məqamlarda aralarındakı nifaqı kənara qoyub problemi həll etmək istəyirlər, ancaq bəzən özlərinin münasibətləri o qədər gərgin olub ki, Dağlıq Qarabağ məsələsindən öz qarşıdurmaları üçün istifadə ediblər.
–
Bəlkə misal çəkdiyim məqam naşı kimi görünəcək, amma sizin Dağlıq Qarabağı müstəqil görmək istəyənlərə cavabınız kimi istəyirəm xatırlayaq. Dağlıq Qarabağın 140 min əhalisi var, özləri də bunu etiraf edirlər, Sabirabad rayonunun da 145 min əhalisi var, amma Dağlıq Qarabağ ermənilərinin artıq Ermənistan adlı dövləti var. Şərti danışaq, sabah sabirabadlılar da dövlət olmaq istəsələr, o zaman nələr olacaq?
Bəli, Aland modelini xatırlaya bilərlər…
– Yox, Aland, Tirol modelləri vaxtilə müzakirə olunub. Amma prosesin necə başladığını xatırlayırsınız da, şüarın adı nə idi?
–
Miatsum.
– Bəli, nə deməkdir?
–
Ermənistana birləşmək. Hətta Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın özlərinə birləşdirilməsi ilə bağlı qərarı da var.
– Ay sağ ol, 1989-cu ildə belə qərar olub, amma ondan danışmırlar, halbuki, məsələnin məğzi Miatsumdur, Ermənistana birləşmək. Bu birləşmə başqa formalarda de-fakto artıq həyata keçib, Ermənistanın son iki prezidenti Dağlıq Qarabağın rəhbəri olub. De-yure məsələsi Azərbaycan əraziləri işğal olunduğu üçün həll olunmur. Əgər məsələ, Allah etməsin, istəmədiyimiz kimi həll olunsa, qalır onların birləşməsi, bu, formal bir şeydir. Çünki Dağlıq Qarabağın öz müqəddəratını təyin edib müstəqil olması məsələsi onlar tərəfindən siyasi konteksdə meydana gəlmiş siyasi mübarizə üsuludur. Fakt isə meydana çıxan Miatsumdan ibarətdir, yəni ərazinin birləşdirilməsi. Bəzən bizim yanaşmamızda strateji və taktiki səhvlər olur, birinci strateji səhv odur ki, Ermənistan Ali Sovetinin 1989-cu ildə qəbul etdiyi Dağlıq Qarabağın birləşdirilməsi haqda qərarını beynəlxalq tədbirlərdə səsləndirmirik. Onlar hər yerdə öz müqəddəratını təyin etməyi qabardırlar, ancaq proses bir ölkənin başqa ölkəyə ərazi iddiasından, Miatsumdan başladı. İkinci səhv, – bunu artıq politoloqlar və siyasilər səsləndirir – ermənilər deyir ki, Dağlıq Qarabağı azərbaycanlılara Stalin verib. Tarixçilər arasında bunu demək mümkün deyil, çünki arxivlər açıldığından hər şey aydındır. Biz hələ xanlıq dövrünü qabartmırıq, 1918-ci ildə müasir 3 dövlətin yaranmasından danışırıq. Hamı bilir ki, Qarabağ ərazisində qubernatorluq yaradılıb və idarəçilik Azərbaycana verilib. Bəli, gələcəkdə Paris Konfransında məsələnin müzakirəsi nəzərdə tutulurdu, amma təkcə Qarabağ yox, Zəngəzur və digər mübahisəli ərazilər də bura daxil idi. De-fakto isə idarəçilik Azərbaycana verilmişdi. Bir dəfə Qərbi Avropa paytaxtlarından birində əvvəlki həmsədrlərin biri ilə söhbətdən gəldiyim qənaət o idi ki, diplomatın konflikt haqda məlumatları kifayət qədər deyil. Halbuki, bu barədə məlumatlı olmaq onun işidir. Hesab edirəm ki, həmsədri Azərbaycan Xarici İşlər Nazirliyi məlumatlandırmalıydı. Deməli, nazirlik bu istiqamətdə öz funksiyasını yerinə yetirməyib.
–
Rusiya rəsmilərinin bəyanatlarından çıxış edərək yaxın bir neçə ayda gözləntiləriniz nədən ibarətdir?
– Bu, ən ağır məsələdir. Çünki biz son həftədə nə baş verdiyini, nə məna daşıdığını detallı şəkildə bilmirik. Düzdür, ümumi şəkildə bilirik, ərazi bütövlüyümüzə qəsd olub, amma konkret indiki məqamda niyə baş verdiyini və nəticələrini sona qədır bilmirik. Məsələ ondadır ki, hər iki tərəfdən məlumatlar daha çox təbliğata yönəldilib, kifayət qədər informasiya olmadığından nəticələr haqda danışmağa çəkinirik. Danışanda da bu, ya konsprilogiyaya, ya da spekulyasiyaya oxşayacaq. Ancaq çox az müddətdən sonra biz müəyyən aydınlaşmaları görəcəyik. 1992-ci ildə Ağdərə azad olunandan bir müddət sonra rusların hansı həmləylə üstümüzə gəldiklərini gördük. Nəticədə nə oldu, Bişkek Protokolu və ardınca MDB-yə üzv olduq. Bu şəraitdə Rusiyanın fəallığı göstərir ki, onlar gedişatdan qazanmaq haqda düşünürlər. Amma bütün hallarda Rusiya son hadisələrdə itirən tərəf oldu. Birincisi, ictimai rəydə Rusiyanın mövqeyi tamamilə aşkarlandı, halbuki, ötən il 20 yanvarı da Kremlin üstündən götürmə cəhdləri vardı. Aprelin 1-dən sonra Azərbaycan ictimaiyyəti Rusiya televiziyalarının hansı mövqeni sərgilədiklərini gördü. Xüsusən yeni nəsil var ki, onlar 1989-cu ildən sonrakı hadisələri bilmir, bizim nədən birdən-birə sovet hakimiyyətinə qarşı çıxmağımızı da görməyiblər, bax, o gənclik Rusiyanın həmin münasibətini gördü. Çox maraqlı nüans isə budur ki, Ermənistan da Rusiyanın o dərəcədə inanılası müttəfiq olmadığının şahidi oldu. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir üzvü Ermənistana dəstək vermədi, hətta Belarusun Ermənistandakı səfirindən izahat istədilər. Bununla da KTMT-nin mənasız və süni qurum olduğu aşkarlandı. NATO-ya baxmayın, onları dəyərlər birləşdirir. KTMT-dəkiləri hansı dəyərlər birləşdirir? Ancaq Rusiyanın geopolitik maraqları. Bu mənada aprelin 2-dən sonra Rusiya hər iki ölkənin ictimai rəyində uduzdu. Hətta Ermənistan KİV-i yazırdı ki, rəsmi İrəvan seçdiyi yolun nə qədər səhv olduğunu bilsin və normal vəziyyətə gəlmək üçün yenidən Qərblə yaxınlaşmaq vacibdir. Tarixdə belə şeylər olub, Suriya ilə Misir bir yerdə İsrailə hücum etdilər, Suriya uduzdu Holan təpələrini itirdi, amma Misir ordusu müəyyən qədər irəli getmişdi. Müharibənin nəticəsi o oldu ki, Misir Rusiyayla bütün əlaqəsini kəsib Kemp-Deviddə İsraili dövlət kimi tanıdı, ardınca Süveyş kanalına və Sinay yarımadasına nəzarəti yenidən ələ keçirdi. 2-5 aprel əməliyyatı kiçik toqquşma deyildi, onlarla insan həlak olub, biz hələ bilmirik ki, nəticə necə olub. Hələ rejim üçün daxili auidotoriyanın qoyduğu suallar var. Yekun olaraq, ən əsası informasiya ictimailəşmədiyindən indiki şəraitə qiymət vermək çətindir.