”Həkimlərin məvacibi 150-160 manatdır, biz bununla hara gedirik?”

Deputatlar bir çox sahələr üzrə maaşların artırılmasını təklif edirlər

Source:


Deputatlar bir çox sahələr üzrə maaşların artırılmasını təklif edirlər

“Poliklinikada çalışan tibb bacısının maaşı 110-120 manatdır. Yüksək savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Biz bununla hara gedirik?! Xaricdə təhsil alan tələbələrimiz-həkimlərimiz Azərbaycana dönmək istəmirlər. Onlar öz sahələrinin uzmanıdırlar və deyirlər ki, bura dönsələr cəmi 250-300 manat alacaqlar”.

Bunu deputat Elmira Axundova 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, çox acınacaqlı bir haldır.

Gövhər Baxışəliyeva

“Nəticədə də ələbaxımlılıq, digər mənfi hallar yaşanır. Belə halları aradan qaldırmaq üçün də mütləq həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır”.

Deputat Gövhər Baxışəliyeva isə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının aldığı maaşlarının ürəkaçan vəziyyətdə olmadığından, bunun artırılmasını təklif edib.

Diplomatların ezamiyyə xərcləri artırılsın

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öz növbəsində diplomatların xarici ezamiyyə məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasını təklif edib.

Səməd Seyidov

O, qeyd edib ki, “Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək.

“Qanuna ediləcək dəyişikliklər qəbul edildikdən sonra həm XİN-də, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşında dürüstləşmə həyata keçiriləcək. Diplomatların maaşının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur. Bununla bağlı məsələnin büdcədə indidən əksini tapması yaxşı olardı”.

Ehtiyac meyarı artırılmalıdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda ehtiyac meyarının məbləğinin artırılmasını təklif edib. O, bildirib ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

“Ötən il də bu məbləğ 116 manat idi. Maliyyə Nazirliyi bu məbləğin artırılmasını təmin etsə, yaxşı olar. Çünki ünvanlı sosial yardımın təmin edilməsində ehtiyac meyarı əsas götürülüb”.

Hadı Rəcəbov

Komitə sədri əlavə edib ki, 2018-ci il üçün yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.

Büdcə zərfində 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

Azərbaycanda hər 1000 doğuşdan 8-14-də ciddi ürək qüsurlu uşaqlar dünyaya gəlir

Deputat Rəşad Mahmudov deyib ki, Azərbaycanda hər 1000 doğuşdan 8-14-də ciddi ürək qüsurlu uşaqlar dünyaya gəlir.

“Bu uşaqların 25 faizi dünyaya gəldikləri ilk ay, 60 faizi 6 ay, 80 faizi isə 1 il ərzində həyatını itirir. Hesablanan rəqəmlərə görə, bu problemlərin həlli üçün Azərbaycanda ildə 800-1000 arası əməliyyat aparıla bilər. Hazırda bunun 10 minə çatdırılması üçün işlər aparılır. Bunun üçün ilkin göstəricilərə görə, 15 milyon manata yaxın vəsaitə ehtiyac var”.

Rəşad Mahmudov

R.Mahmudov deyib ki, bu gün dövlət xəstəxanasında 250-yə yaxın uşağın əməliyyatı təşkil olunur, amma, bunun üçün hər hansı bir dövlət proqramı yoxdur.

“Hesab edirəm ki, dövlət proqramı çərçivəsində bu il və ya gələn il Səhiyyə Nazirliyinə təklif təqdim olunmalıdır. Gələcəkdə canımızı əmanət edə biləcəyimiz səhiyyənin olmasını və bunun inkişaf etməsini arzulayırıqsa, səhiyyəyə qarşı iqtisadi baxış olmalıdır”

Şəkərli-diabetxəstələrinə dərman çatmaya bilər

Deputat Rafiq Məmmədhəsənov deyib ki, şəkərli-diabet xəstələri haqqında proqrama əsasən ayrılan vəsaitin keçən ilki səviyyədə saxlanılması dərman çatışmazlığına və xəstələrin haqlı narazılığına səbəb ola bilər.

Rafiq Məmmədhəsənov

“Azərbaycanda da şəkərli-diabet xəstələri haqqında proqrama əsasən keçən ilki qədər vəsait ayrılıb. Ümumdünya statistikası isə göstərir ki, hər il şəkərli-diabet xəstələrinin sayı 10-15 faiz artır. Ayrılan vəsaitin sabit qalması, xəstələrin sayının artması isə ona səbəb ola bilər ki, yeni qeydiyyata götürülən şəkərli-diabet xəstələrinə dərman çatmasın”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq.

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov

“Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır. Çünki işləmək, əmək haqqını leqallaşdırmaq və sosial sığorta haqları ödəmək lazımdır ki, bu vəsait hər kəsin hesabında toplansın, onun pensiya almasına imkan yaratsın. Bu imkanlar yoxdursa, həmin şəxs pensiya ala bilmir. Onlar yaşa görə sosial müavinət almaq məcburiyyətindədir. Buna görə də bu insanların sayı müəyyən qədər artır”, – deyə nazir vurğulayıb.

Komitələrin birgə müzakirələrdən sonra büdcə zərfi yekdilliklə parlamentin plenar iclasına tövsiyə edilib.

Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat səviyyəsində proqnozlaşdırılır. Neftin ixrac qiyməti dövlət büdcəsində 45 dollar səviyyəsində müəyyən edilib.

Ana səhifəXəbərlər”Həkimlərin məvacibi 150-160 manatdır, biz bununla hara gedirik?”