Dünyada koronavirusla bağlı göstəricilər
İyunun 7-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb. 221 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilir ki, analiz nümunələri müsbət çıxan 4 nəfər həyatını itirib.
Qonşu ölkələrdə
Ermənistanda son gündə 32 nəfər COVID-19-a yoluxub.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların sayı 223 212-yə çatıb. Son sutkada virusdan 5 nəfər həyatını itirib və ölənlərin sayı 4 463-ə çatıb. Bugünədək virusdan sağalanların sayı 214 504, aktiv xəstə sayı isə 3 154 nəfərdir.
Gürcüstanda son sutkada 307 nəfərdə koronavirus aşkarlanıb. Test nəticələri müsbət çıxmış 24 nəfər isə həyatını itirib, 1 014 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Gürcüstanda bugünədək COVID-19 infeksiyasına 349 405 nəfər yoluxub, onların 4 934-ü ölüb, 334 519 nəfər isə sağalıb.
Rusiyada isə COVID-19-a yoluxma sayında artım var. Ən son açıqlanan məlumata görə, Rusiyada bir gündə 9 163 nəfər COVID-19-a yoluxub.
Rusiyanın Operativ Qərargahının məlumatına görə, bununla ölkədə koronavirusa yoluxanların sayı 5 126 437 nəfərə çatıb.
Ölənlərin sayı isə 351 nəfər artaraq – 123 787-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 4 736 446 nəfər sağalıb.
Türkiyədə isə ən son açıqlanan statistikaya görə, 1 gündə 204 827 nəfərə COVID-19 testi edilib. Onlardan 5 min 386 nəfərin nəticəsi pozitiv çıxıb. Test nəticəsi pozitiv çıxan 96 nəfər həyatını itirib.
Türkiyədə koronavirusa günlük yoluxma sayı “covid19.saglik.gov.tr” saytından yayımlanır.
İndiyədək Türkiyədə 5 milyon 287 min 980 nəfər COVID-19-a yoluxub. Onlardan 5 milyon 160 bin 774 nəfər sağalıb, 48 min 164 nəfər həyatını itirib.
Bəzi ölkələrdə yoluxmalar artır
Tokio da daxil olmaqla Yaponiyanın bir çox yerində koronavirusla bağlı fövqəladə tədbirlər bu gün də qüvvədədir. COVID-19-a yoluxmalarda isə tədricən azalma müşahidə
olunur
.
Tayvanla Avstraliya COVID-19-un yeni dalğası ilə mübarizə tədbirlərini açıqlayıblar və COVID-19 qadağalarını iyunun 28-dək uzadıblar. Ölkədə məktəblər yay tətili başlayanadək qapalı qalacaq.
Hökumətin 7 iyun açıqlamasında belə deyilir.
Pandemiya başlanandan Tayvanda 11 mindən çox yoluxma və 260 ölüm qeydə alınıb.
Avstraliyanın Viktoriya vilayəti isə iyunun 7-dən son bir həftədə yoluxmalarda ən böyük artım qeydə alındığını bildirib. Hakim orqanlar yüksək yoluxucu Delta variantının mənbəyini tapmağa çalışırlar.
Vilayətin paytaxtı Melburnda iyunun 10-dan lokdaun sona çatmalıdır, amma hakim orqanlar bununla bağlı hələlik, qərar verməyiblər.
İyunun 7-də Melburnda sərt lokdaunun 11-ci günüdür.
Bəzilərində isə azalır
Hindistanda aprelin 5-dən bu yana ən aşağı göstərici olan 100 minə yaxın yeni yoluxma sayı qeydə
alınıb
. Buna baxmayaraq, ölkə yoluxma sayına görə hələ də birinci yerdədir. İndoneziyada gündəlik yoluxma fevrala nisbətən 2,5 dəfə azalaraq 5-6 minə düşüb. Türkiyə və İranda da göstərici aprelə baxanda 10 və 2,5 dəfə azalıb.
ABŞ-da da gündəlik yoluxma sayı 20 mindən aşağı düşərək 2020-ci ilin mart ayı səviyyəsinədək enib.
Cənubi Amerikada isə gündəlik yoluxma pandemiya dövrünün ən yüksək həddinə çatıb. Braziliyada cümə günü 95,6 min yoluxma qeydə alınmışdı. Argentinada isə gündəlik yoluxma sayı 30-35 min ətrafındadır.
Xatırlatma
COVID-19 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılmağa başlayıb. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyədək 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə bugünədək 334 747 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 327 8114-ü sağalıb, 4 945-i vəfat edib, bugünkü aktiv xəstə sayı isə 2 688 -dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.
Azərbaycanda apreldən bu yana COVID 19-a yoluxma sayı azalır. Sonuncu ən yüksək göstərici aprelin 20-də qeydə alınıb – də 2197 nəfər. Ondan bir gün sonra, aprelin 21-də 2 075 nəfərin koronavirus testi müsbət çıxmışdı.
Aprelin 22-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev həbs olundu. Onlar koronavirusa yoluxmuş şəxslərin yaxınlarından rüşvət almaqda ittiham olunurdu.
Pərviz Abbasovla bağlı cinayət işinin materiallarında iddia olunur ki, onun rəhbərlik etdiyi klinikada hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb.
Pərviz Abbasova qarşı isə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Digərlərinə isə 32.5, 311 (rüşvət almaqda kömək etmə) maddəsilə ittiham verilib. Direktordan fərqli olaraq, onların barəsində ilkin istintaq dövrü üçün həbslə bağlı olmayan növdə qətimkan tədbiri seçilib.
FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə gəlincə, o da koronavirus xəstələrinin rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi, daha yaxşı şərait və müalicə ilə təmin olunması müqabilində rüşvət almaqda təqsirləndirilib.
İttihama bidirilib ki, baş həkimə bu işdə hospitalın qeydiyyatçıları Qulu Orucov və Taleh İmanlı yardım edib. Onlar baş həkimin qeyri-rəmi köməkçiləri olub.
“Razılaşmaya uyğun olaraq, xəstələrin hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusuna yerləşdirilməsi və başqa üstünlüklər əldə etmələri müqabilində hər xəstədən müxtəlif məbləğlərdə rüşvət alıb, aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluqdan bildirilib.
Baş həkim İmran Ağayev, Taleh İmanlı və Qulu Orucova qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.
Bu həbslərdən sonra Azərbaycanda COVID-19-a yoluxma statistikası enməyə başlayıb. Aprelin 23-də 1809, 24-də 1 676, 26-da 806 nəfərdə virus aşkarlanıb.
Ən son açıqlanan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 935 004 nəfər vaksin olunub.