“Həkimlər dedi, uşağı xəstəxanaya gətirmə, ağlayıb ürəyi dayansın”

“Həkimlər dedi, uşağı xəstəxanaya gətirmə, ağlayıb ürəyi dayansın”

Mehparə İmanova 26 yaşlı tənha anadır. Övladlarını böyüdərkən yanında olan yalnızca xəstəliklər, işsizlik, yoxsulluqdur.

“Mübarizə aparıram. Başda da özümlə mübarizə aparıram. Deyirəm, sənin həyatın artıq özünə yox, uşaqlarına məxsusdur. Onlar üçün ayaqda durmalısan. Dərdlərinə uduzmalı deyilsən,”-Mehbarə İmanova danışır.

4 yaşlı Renat anadan ürəyindən qüsurla doğulub. Həkimlər yaşamayacağını desə də, anası onu yaşatmaq uğrunda verdiyi mübarizəni dayandırmayıb.

“Renat təzə doğulanda bütün həkimlər deyirdilər ki, öləcək. Hər dəfə krizə düşəndə gətirirdim xəstəxanaya. Həkimlər tərəfindən tənqidlərə, təhqirlərə məruz qalırdım. Deyirdilər, gətirmə. Ağlayanda heç nə eləmə, ürəyi dayanıb öləcək,”-Mehbarə İmanova deyir.

Azərbaycanda müalicəsi tapılmayan Renat imkanlı bir nəfərin köməyi ilə Türkiyədə ürək əməliyyatı edilib. Lakin bu müalicəyə də sonra davam etdirilməyib:

“Həkim dedi ki, oğlum 5 yaşında ağciyər əməliyyatı olunmalıdır. Ayağından damar çıxarıb, ağciyərinə əkəcəklər. Ürəyindəki dəlikləri də bağlamalıdırlar. Həkim dedi, dözsə, elə onu da 5 yaşında edərik. Lakin dözə bilməsə, ağırlaşdığı an əməliyyata salmalıyam. Mən oğlum ağırlaşanda nəinki onu əməliyyat etdirməyə, heç Türkiyəyə gedən təyyarəyə verməyə pulum yoxdur”.

Mehbarə İmanova oğlunun xaricdə əməliyyatı üçün dövlət qurumlarına etdiyi müraciətlərə “yox” cavabı alıb.

“Mənim dövlətimin altı da, üstü də qızıldır. Bunu bilirəm. 50-60 min manatla dövlət büdcəsi boşalmayacaq. Lakin dövlətim bu pulu mənə verməyəcəyi halda mənim bu kiçik ailəm darmadağın olacaq”.

Vaxt daraldıqca, ölüm təhlükəsi onlara daha çox yaxınlaşır. Çarə isə yaxında görünmür. Mehbarə İmanova hara üz tutacağını bilməsə də, heç vaxt dayanmayacağını deyir:

“İndi fikirləşirəm ki, sabah uşaqlarıma nə yedizdirəcəm? Ev pulunun vaxtı gələcək, nə ilə verəcəm? Kommunalı necə ödəyəcəm? Uşağı müayinəyə necə aparım? Əlim-qolum hər tərəfdən bağlıdır, amma nə qədər çarəsiz qalsam da, mübarizə aparıram. Təslim olmuram”.

Ana səhifəVideo“Həkimlər dedi, uşağı xəstəxanaya gətirmə, ağlayıb ürəyi dayansın”