”Həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin vəkilləri çıxış etdi

Source:
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev


Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin vəkilləri çıxış etdi

Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

Təqsirlədirilən Camal Məmmədovun vəkilləri Şəmsəddin Quliyev və Vüqr Hüseynzadə iclasda iştirak etmirlər. Hakim bildirib ki, prosesin gec başlamasına da vəkillərin məhkəməyə gəlməməsi səbəb olub. Buna görə məhkəmədə fasilə elan edilib.

Şəmsəddin Quıiyev məhkəməyə gəldikdən sonra proses yenidən davam etdiirlib. İclsada təqsirləndirilən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev müdafiə çıxışı edib. O, bildirib ki, müdafiə etdiyi şəxsə Rasim Əliyevin telefonunu oğurlamaqla bağlı ittiham verilib: “Ona verilən ittiham düzgün deyil. Arif ağır maddələrlə ittiham olunur. Mən gözləyirdim ki, məhkəmə ədalətli şəkildə aparılacaq. Lakin qanunvericiliyin tələbləri pozuldu. Heç bir vəsatətimiz təmin olunmadı. Dövlət ittihamçısı ona ən ağır cəzanı istəyib. İttihamda qeyd edilib ki, Arif Əliyev zərərçəkənə ağır iztirab verib. Kiməsə yumruq, təpik vurmaq xüsusi amansızlıq deyil. Hesab edirəm ki, prokurorun çıxışı qərəzlidir”.

Vəkil Arif Əliyevə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə bəraət verilməsini xahiş edib: “Həkimlərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün sənədlərin Baş Prokurorluğa göndərilməsini xahiş edirəm”.

Daha sonra prosesdə Samir Mustafayevin vəkiləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev çıxış ediblər. R.Həsənov bildirib ki, prokuror onun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib: “Samirin nə günahı var axı? Məgər kiməsə “Bayıl market”in yerini göstərmək cinayətdir? Xahiş edirəm, onun barəsində bəraət hökmü çıxarılsın”.

Bəxtiyar Hacıyev də Samir Mustafayevin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

İclasda daha sonra digər təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək qeyd edib ki, hadisə bir neçə saniyə ərzində baş verib: “Kənan heç kimi vurmayıb. Elşənin onu vurduğunu görüb şoka düşüb. Onda gərək orda durub baxanların hamısı həbs olunardı. Rasim həkim səhlənkarlığı nəticəsində ölüb. Dünyada ilk dəfədir ki, zərərçəkənlər təqsirləndirilənlərin mövqeyi üst-üstə düşür. Lakin məhkəmə buna məhəl qoymur. Xahiş edirəm, Kənanın ittiham olunduğu 126.3-cü maddə 307.1-ci maddəyə tövsif edilsin”.

Bundan sonra hakim Eldar İsmayəlov bildirib ki, Camal Məmmədovun digər vəkili Vüqar Hüseynzadə iclasda iştirak etmir: “Nə qədər ki, təqsirləndirilən şəxs ondan imtina etməyib, biz onu dəvət edib çıxışını dinləməliyik”.

Buna görə də məhkəmə prosesində martın 10-dək fasilə elan edilib.

Dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov həbs olunublar. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Hazırda Səbail rayon Məhkəməsində Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Ana səhifəXəbərlər”Həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”