Həkiminə inanmırıq, dərmanına inanaq?

Əvvəl bəzi həkimlərdə vicdan istehsal edin…

Source:



Sonradan bir şey də məlum olub ki, əslində səhv aparılan müalicə xəstənin vəziyyətini daha da ağırlaşdırıb və ölüm qaçılmaz olub. İndi mən hadisəni qısa şərh etdim, yəqin ki, aydın oldu bir həkimin xəstəni necə məhv etməsi.




Oğluna dedim ki, həmin həkimdən şikayət elə. İmkan vermə bu hadisə belə qalsın. Baxın ən pisi bu sözlərimdən sonra onun dilindən eşitdiklərim oldu. Dağ boyda oğul qarşımda elə nazildi ki, üzünə baxanda ürəyim bulanırdı. Həkimin hansısa vəzifəli qohumundan qorxub, qonşularının qınağından utanıb, özünü o həkimdən aslı bilib, nə vaxtsa işi bir də düşəcəyini düşünüb, anasının öldürülməyinə göz yumurdu.

İndi yazacağım hadisə iki il bundan qabaq şahidi olduğum və məni dəhşət sarsıdan bir hadisədir. İki il əvvəl yaxından əlaqəm olmayan, evlərinə yolum düşməyən uzaq qohum ailənin bir üzvü həkimin əli ilə ölüb. Xəbəri eşidib, həmin evə, yas yerinə getdim. Əslində, həmin söhbəti qabaqcadan eşitməyim və bir insanın həkim əli ilə necə öldürüldüyünün təəccübü idi məni o evə aparan.

Açığı, Azərbaycanda təəccüblənəcəyimiz bir şey də qalmayıb, indi yazdığım mövzu da oxucuya yad deyil, kimisinin ailəsinin, kimisinin qonşusunun, kimisinin də qohumunun başına belə hadisə mütləq gəlib.

Az olmayıb, savadsız cərrahların adi əməliyyatı apara bilməməyi ucbatından ölənlər, savadsız həkimin yaramaz müalicəsinin qurbanı olanlar, hələ doğuş zamanı ölən körpələr, analar da az olmayıb.

İndi burada əhalinin müalicə üçün xaricə getməyi haqqında yazmaq istəmirəm, bu özü böyük problemdir və geniş yazı tələb edir. Mən yüngül xəstəliklərdən, adi əməliyyatlardan həyatını itirən insanlardan, xalqı dolayan savadsız həkimlərdən yazmaq istəyirəm. Dəfələrlə öz başıma gəlib, heç bir xəstəliyim olmadığı halda, həkim bir vərəq dərman yazıb.

Həmin yas yerində ilk gördüyüm iş həyatını itirən qadının oğullarının birini kənara çəkib, məsələnin necə baş verdiyini soruşmağım oldu. Mənə dedi ki, anasının qan təzyiqi yüksək olub, uzun zaman ondan əziyyət çəkib. Həm də şəkər xəstəsi imiş, müalicəsini daimi aparan həkimi tez-tez evlərinə də çağırırmışlar.

Hər gələndə, ən azı əlli manat pullarını alırmış. Ümumiyyətlə, qadını başqa həkimə aparmayıblar, nə qədər narazı olsalar da, elə həmin həkimlə daimi təmasda olurmuşlar. Sonradan məlum olub ki, həkim bir il imiş, səhv müalicə yazırmış, artıq qadın yataqdan çıxa bilmirmiş. Ölümü isə nə şəkər xəstəliyindən, nə qan təzyiqinin yüksək olmağı səbəbindən olub. Bu hadisədən sonra həkimlə münasibətləri pozulub, amma həkim əmin edib ki, yenidən hər şeyi düzəldəcək.

Dərmana, həkimə o qədər pul xərcləyiblər ki, qadını başqa həkimə apara bilməyiblər.

Oğlu dedi ki, anasının həmin gün səhərdən halı pisləşibmiş, günorta məcbur qalıb bir yolla xəstəxanaya-həmin həkimin yanına aparıblar və sonunda pul vermədikləri üçün həkimlə davaları da düşüb, hətta həkim əsəbləşib onları otağından da qovub. Gecə isə halı pisləşəndə köməyə gəlməyib, təcili tibbi yardım maşını da həmişəki kimi gecikib və xəstə ölüb.

Sonradan bir şey də məlum olub ki, əslində səhv aparılan müalicə xəstənin vəziyyətini daha da ağırlaşdırıb və ölüm qaçılmaz olub. İndi mən hadisəni qısa şərh etdim, yəqin ki, aydın oldu bir həkimin xəstəni necə məhv etməsi.

Oğluna dedim ki, həmin həkimdən şikayət elə. İmkan vermə, bu hadisə belə qalsın. Baxın, ən pisi bu sözlərimdən sonra onun dilindən eşitdiklərim oldu. Dağ boyda oğul qarşımda elə nazildi ki, üzünə baxanda ürəyim bulanırdı. Həkimin hansısa vəzifəli qohumundan qorxub, qonşularının qınağından utanıb, özünü o həkimdən aslı bilib, nə vaxtsa işi bir də düşəcəyini düşünüb, anasının öldürülməyinə göz yumurdu.

Həkimə nə qədər qəzəbli olsa da, ondan lazımi orqanlara şikayət etməyi heç düşünmürdü. Əsəbləşib, onu söyməsi, danışanda üzündən yağan qəddarlıq, danışdıqca qəzəbli şəkildə əlini-qolunu sağa-sola atmağı və həkimdən qorxmağı çox acınacaqlı bir mənzərə yaradırdı. Bir həkimin rüşvətlə və savadsızlıqla məhv etdiyi insan və qarşımda duran savadsız, öz haqqlarını bilməyən, hansısa vəzifəli şəxsdən qorxan, qonşularının qınağından utanan insan…

Bəli, bu gün Azərbaycanda cəllad həkimlər var ki, onlar əlini-qolunu sallayıb, azadlıqda rahatlıqla gəzir. Sadə, savadsız, avam insanlar isə o qatillərdən qorxub, susurlar. Bir yazımda qeyd etmişdim, bu sistem elə qurulub ki, lazım gələndə valideyn övladı, övlad valideyini ayaqlamağa hazırdı. Və elə qurulub ki, susduqca faciələr mütləq sənə də gəlib çatacaq. İndi bilmək olmaz, həmin adam həmin həkimə özünü, uşağını, həyat yoldaşını etibar etdikdə başlarına bir daha nələr gəlib ya da gələcək? Hələ bilmək olmaz, o həkimin əlindən neçə sağ insane ölü çıxıb ya da çıxacaq…

Bu gün eşitdiyim xəbərə görə, Azərbaycanda dərman istehsal edəcəkmiş. Mən Səhiyyə Nazirliyinə məsləhət görərdim ki, ondan əvvəl Azərbaycanda xəstə və həkim arasında olan münasibətləri bərpa etsin. Azərbaycanda istənilən adamın içində həkimlərə qarşı bir şübhə, bir nifrət , bir inamsızlıq var.

Ona görə uşaqları ya özləri qan qusana qədər evindən çıxıb, həkim yanına getmirlər. Birinci, öz bildikləri yollarla müalicə aparmaq istəyirlər, sonra molla yanına, pirə, caduya gedirlər. Hər şeydən əlləri üzüləndə isə həkimə üz tuturlar. Həkimlərin rüşvət alması, pula görə xəstənin həyatını ciddiyə almaması, ən əsası savadsızlığı bu millətin kabusuna çevrilib.

Adi xəstəlikləri müalicə edə bilməyən həkimlər hər xəstəxanada var. Hələ müalicə üçün xaricə axışan əhalinin hər il daha da artması… İndi həkiminə inanmayan xalq onun yazdığı yerli məhsul olan dərmana necə inansın?! Ümumiyyətlə, hansı yerli məhsula inam var ki, dərmana da olsun.

Azərbaycanda istehsal olunan bir-iki məhsul var, onun da tərkibi o qədər bərbaddır ki, bilmək olmur, səni öldürəcək yoxsa, sənə rəhmi gələcək?! Əvvəl səhiyyədə olan bu halların qarşısını alın, əgər bunu bacarsanız, sonra dərman da istehsal edərsiniz.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəHəkiminə inanmırıq, dərmanına inanaq?