Həkimin etirafları

Savadlı həkim – savadsız həkim.

Source:

Həkim işlədiyim müddətdə, rastlaşdığım iki hadisəni sizinlə bölüşmək istəyirəm, məsələyə başlamazdan əvvəl.

Birinci hadisə. Universiteti yenicə bitirib, təyinatla yaşadığım şəhərə gəlmişdim. İdeyalara inanan, reallıq hissini itirmiş biri idim. Mingəçevir adlı bir yerdə Çexov, Nərimanov kimi bir adam olmaq istəyirdim. Bir gün növbəti xəstəmə baxan zaman, o mənə astadan, məhrəmanə bir sual verdi: Həkim, özünüz oxumusunuz universiteti, yoxsa atanız? Elə belə də soruşdu: “Özünüz oxumusunuz, yoxsa atanız?”

İkinci hadisə. Xarici ölkələrin birində təcrübədə olanda, həkim xəstəni müayinə elədikdən sonra, onu əməliyyat edəcəyini və xayalarından birini çıxardıb, yerinə protez qoyacağını dedi. Xəstə yanındakı həyat yoldaşına döndü, öz aralarında nəsə pıçıldaşdılar. Bu zaman professor gülüb, “narahat olmayın, zarafat edirəm, elə ciddi bir əməliyyata ehtiyac yoxdur” deyəndən sonra, adamın cavabı o oldu ki, biz narahat olmadıq, sadəcə əməliyyatın zamanını, ondan sonrakı həyatımızı fikirləşdik.

Yaxşı, bütün bunları yazmaqda məqsədim nədir? Xəstənin, mənim təhsil almağımda öz kəlləmin, yoxsa atamın pulunun rol oynadığını bilmək marağıyla, profeesorun belə kobud zarafatı arasında nə əlaqə var? Deyim sizə – həkimə inam. Həkimin savadına etibar. Həkimin seçdiyi diaqnoz, taktikaya inam. O cərrah, Azərbaycanda, xəstəyə birdən-birə elə bir diaqnoz desəydi, elə bir cərrahi əməliyyat olunacağını desəydi, reaksiya nə olardı? Mənim özümə də maraqlıdır.

Xəstəyə hər hansı bir müalicəni yazanda az qalsın ki, and içək, müqəddəsləri, hansısa başqa bir sahədə işləyən keçmiş tələbə yoldaşlarımızı şahid çağıraq ki, xəstə inansın qarşısındakı həkimin savadlı olmağına. Bu ölkədə hansısa bir dərdiniz olan zaman, həkimə gedəndə əvvəl gördüyünüz iş nə olur? Getdiyiniz sahə üzrə, savadlı həkim axtarmaq. Ola bilər, bunu hardasa ibtidai özünümüdafiə instinkti ilə əlaqələndirə bilərsiniz – həkimə gedirəmsə, istəyərəm ki, savadlı həkim olsun. Amma işə başqa prizmadan baxaq.

O qədər şahidi oluram ki, dəhlizdə kimdənsə soruşurlar: bu həkim savadlıdırmı, qəbuluna gələn xəstələr sağalırmı? İnsanla risk eləmək istəmirlər, inanmırlar həkimlərə. Xəstəxanaya gəlib, savadlı həkim axtarmaq- yenə deyirəm, bu sizə ilk baxışdan adi bir şey görünə bilər. Amma xəstə insan, dərdi azmış kimi, niyə hələ bir həkim seçimi də aparsın? Niyə həkimin yanına tam inamla girməsin? Həkimin dediyi hər bir sözü qayda-qanun kimi qəbul eləməsin? Bu qədər inamsızlıq nədəndir? Tibb təhsilində kütləvi savadsızlıqdan, konveyer üsulu ilə həkim diplomunun verilməsindən. Və sairədən, və ilaxırdan. Saymaqla bitməz. Amma istədiyim bu deyil. Bu barədə kifayət qədər danışıblar.

Ola bilsin, bu yazını oxuyanlar arasında həmkarlarım da olacaq. Əzizlərim, nəyi isə dəyişmək bu gün gec deyil, amma sabah artıq gec olacaq. Bu gün göz görə-görə itirdiyimiz dəyərlər, sabah ardınca bizim şəxsiyyətimizi də aparacaq, vicdanımızı da, sağlamlığımızı da. Hər şeyimizi. Ona görə, yenə fikirləşək, fikirləşək. Baxaq, görək xəstə, köməyə ehtiyacı olan insanları “savadlı həkim-savadsız həkim” sualı qarşısında qoymamaq üçün əlimizdən nə gəlir, neyləməliyik?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəHəkimin etirafları