Həkimi döyən Bərdə sakininin məhkəməsi başlayır

Həkimi döyməkdə təqsirləndirilən Bərdə sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev cinayət məsuliyyətinə cəlb edilib.

Foto: Meydan TV


İstintaq dövrü üçün onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib

Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın döyülməsini əks etdirən görüntülərlə bağlı istintaq araşdırmaları başa çatıb. Cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib. Söhbət əlillik müddətinin bitməsilə əlaqədar verilən rəyə görə həkimin döyülməsindən gedir.

Həkimi döyməkdə təqsirləndirilən Bərdə sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham verilib. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 221.2.2 maddəsində 2 ilə qədər islah işləri, yaxud 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılandan sonra Şamayıl Mustafayevin Qarabağ qazisi olmaması haqda fikirlər səsləndi. Bunun ardınca Qarabağ Qaziləri Birliyindən Rey Kərimoğlu bu haqda səslənən məlumatları təkzib edərək bildirdi ki, Şamayıl Mustafayev Ağdərə istiqamətində döyüşüb.

Ana səhifəSosialHəkimi döyən Bərdə sakininin məhkəməsi başlayır