”Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm”
Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: “Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm”.
Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Əliyevanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib (
lent.az
).
***
Həkimin səhvi sosial mediada da ciddi müzakirə olunub. Həkim Vasif İsmayıl öz Facebook səhifəsində cüt orqanların əməliyyatı zamanı belə halların ola biləcəyini deyir:
“Cüt orqanlarda sağ ilə solu səhv salmaq asandır. Cleveland klinikasının məlumatlarına görə, cüt orqanlar bir yana qalsın – səhv orqanları əməliyyat praktikası belə yayğındır. Adam qulaq əməliyyatına gəlib, durub burnunu düzəldirlər. Mədə əməliyyatına gələn xəstənin yoğun bağırsağını çıxartmaq kimi.
Həkim xəstə orqanı görmür ki? Bəli, görmür. Doğrudur, ayaq üçün bu keçərli deyil. Amma kim bilir.
Heç bir həkim səhv orqanı əməliyyat etməkdən sığortalanmayıb. Mən, öz praktikamda buna yol verməmək üçün müəyyən qaydalar tətbiq edirəm. Hərdən bunlar haqqında da yazıram.
Məsələn, liftdə, yolda, həyətdə heç kəs məndən xəstəliyini soruşa bilməz. Ancaq müayinə otağında. Camaatın xətrinə dəyir. “Doktor yaman yekəxana və özünübəyənmişdir” deyirlər.
Amma səbəbi çox sadədir. Əməliyyat otağına gedərkən bir az əvvəl liftdə müzakirə etdiyim xəstənin sağ böyrəyi yadımda qalıb əməliyyat masasına uzanmış xəstənin xarab olmuş sol böyrəyi yerinə ……sağını çıxara bilərəm”.