Həkim: “Rasim Əliyevi o korpusdan bu korpusa gəzərək gətirdik”

“Onun dalağı partlamışdı, əzilmə fonunda qan yığışmışdı”

Source:


“Onun dalağı partlamışdı, əzilmə fonunda qan yığışmışdı”

“Rasim Əliyev gecə saat 12-dən sonra əməliyyata götürülüb”. Bunu Meydan TV-yə açıqlamasında 1 saylı şəhər Klinik Xəstəxanasının həkimi Babək Zeynalov deyib.

Jurnalist Rasim Əliyevin xəstəxanada dünyasını dəyişməsindən sonra həkimlərin mətbuata verdiyi ziddiyyətli açıqlamalar mövzunun təkrar işlənməsinə səbəb olur. Belə ki, professor Saday Əliyev Report.az saytına açıqlama verərək, xəstənin 18:45-də qəbul edildiyini və 20:00-da əməliyyat olunduğunu bildirmişdi. Halbuki jurnalistin yaxınları və dostları həmin gün gecə 23 radələrində onun yanında olduqlarını deyirlər və bunu təsdiq edən videogörüntülər də var.

Saday Əliyevin məlum açıqlamasından sonra həkim Babək Zeynalov da aznews.az-a danışıb: “Rasim Əliyev gələndə onun kəlləsi 2 proyeksiya, döş qəfəsi 2 proyeksiya rentgen olunub, UZİ-yə salınıb, qan analizləri götürülüb, beyin cərrahı, ümumi cərrah, üst cənə cərrahı, travmatoloq – hamısı ona baxıb. Hamısının da qeydi xəstəlik tarixçəsində öz əksini tapıb. Baxılıb və həmin vaxtı əməliyyata göstəriş olmayıb. Uzandırmışıq palataya, sistem köçürmüşük, ağrıkəsicilər vurmuşuq, nəzarətdə saxlamışıq. 1 saat, saat yarımdan sonra isə halı pisləşib və təcili əməliyyata almışıq”.

Babək Zeynalovun əməliyyatın saatı ilə bağlı Meydan TV-yə açıqlaması isə Rasim Əliyevin yaxınlarının məlumatları ilə üst-üstə düşür. Həkim deyir ki, jurnalist anasının iştirakı ilə yoxlanılıb, şöbəyə yerləşdirilib və müalicəsinə başlanılıb: “Anası gələnə kimi ultrasəs müayinəsi etmişik, döş qəfəsinin rentgeni çəkilib. Rentgen zamanı 4 qabırğasının sındığı, ağciyər(plevra boşluğu) ətrafında az miqdarda maye olduğu aşkarlandı.Qulaq həkimi olmadığından xəstəyə dedik ki, birinci gün qulağını müayinə edəcəyik. Yaxşı ki anası gəldi, çünki Rasim Əliyev xəstəxanada qalmaq istəmirdi”.

Həkim deyir ki, anasının iştirakı ilə hətta üst çənə cərrahı da onu müayinə edib: “Müayinələr zamanı onun daxili qanaxması olduğu aşkarlanmamışdı. “Travmada qanaxma əlamətləri ya dərhal olur, ya da sonradan yaranır. Elə xəstələr olur ki, bu, hətta bir həftə sonra baş verir. Rasim Əliyevi anası ilə o korpusdan bu korpusa gəzərək gətirdik. Mən ona dəfələrlə anasının yanında dedim ki, sən uzanmalısan, sənə sistem qoşulmalıdır. Çünki gəzəndə səndə qanaxma ola bilər. Qanaxma olsa, səni əməliyyat edəcəyik”.

Babək Zeynalov “Əgər Rasim Əliyevin qanaxması var idisə, biz onu niyə əməliyyat etmirdik? Qanaxması olan xəstə o cür müsahibə verə bilər? Rasimə bir neçə dəfə deyəndən sonra xəstəxanada qalmağa razılıq verib. Hətta mən tibb bacısına dedim ki, sistemi yavaş-yavaş köçür ki, xəstə durub gəzməsin. Rasimin yanında yoldaşları da var idi. Onlar da Rasimi aparmaq üçün icazə istəyəndə mən bildirdim ki, qəti şəkildə olmaz. O, 5-6 gün xəstəxanada qalmalıdır, qanaxma təhlükəsi var. Biz ona ağır travmalarının olduğunu dedikdə, Rasimin bir növ xətrinə dəyirdi”.

Həkim deyir ki, jurnalist qanaxma baş verən kimi əməliyyata götürülüb: “Xəstənin tərləməsi, nəbzinin tezləşməsi və təzyiqinin düşməsi qanaxmanın əlamətidir. Tibb bacısı xəbər verdi ki, xəstə özünü narahat hiss edir. Təzyiqini ölçdüm, 80-nin 40-a idi, dedim, onu qoyun xərəyə, qəbul şöbəsinə – ultrasəs müayinəsinə göndərin. Müayinədən sonra gördük qarında qan var, göndərdik əməliyyat otağına. Rasim Əliyevi professor Saday Əliyev əməliyyat etdi. Əməliyyat zamanı dalaq partlamışdı. Litr yarım qan var idi. Onun 1 litr 200 qramı özünə köçürüldü. Daha sonra əlavə olaraq 300 qram qan köçürüldü. Ciyərdə (plevra boşluğu) yarım litrdən yuxarı qan olanda, biz ora “trupka” qoyuruq. Rasim xəstəxanaya gəldikdə onun hemoqlabini 146 olub. Bu da normadan çox yuxarıdır. Qohumlarına zəng etdim, onlar da gəldilər. Lakin hemoqlabini yüksək olduğu üçün qan köçürə bilmədik. Sadəcə travma fonunda Rasimin 4 qabırğası sınıb, ağciyəri əzilmişdi. Onun dalağı partlamışdı əzilmə fonunda qan yığışmışdı. Biz həmin vaxt onu əməliyyat etmişik, lakin aparılan əməliyyatla onun aldığı travma uyğun gəlmədiyinə görə biz onu xilas edə bilmədik”.

Babək Zeynalovun sözlərinə görə, təbabətdə belə hallara çox vaxt rast gəlinir: “Əməliyyat zamanı ağciyər ətrafına “trupka” qoyulub. Nəticədə 150 ml qan gəlib. Bu, həyat üçün təhlükəli deyil”.

Babək Zeynalov əməliyyatın saat 8-də olması ilə bağlı yayılan xəbərlər haqda məlumatının olmadığını deyib.

Ana səhifəXəbərlərHəkim: “Rasim Əliyevi o korpusdan bu korpusa gəzərək gətirdik”