“Onkologiyadan da təhlükəli xəstəliklər var dünyada”
“3 ildir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Bədbəxtlikdən anamda da 1 il əvvəl xərçəng aşkarlandı. Xəstəliyə görə peyvənd olunmamışıq. Anam yeni əməliyyat olunduğundan əks-göstəriş sertifikatını yerindəcə ala bildi. Mən ala bilməmişəm. Xeyli əziyyət çəkirəm. Deyə bilərlər ki, xəstəsən, otur evində, ancaq arada bir əhvalımın düzəlməsinə mənim də ehtiyacım var. Nəsə lazım olur, hərəkət etmək çətinləşir”.
39 yaşlı Aynurə Məmmədovanın sözləridir. Deyir, arada rayona gedir. Orda tanıyırlar deyə, heç nə tələb etmirlər. Ancaq Bakıda hərəkət etməsi çətinləşir:
“Artıq başını buraxmışam. Əslində oxuyuram, həkimlər də deyirlər ki, hazırda müalicə olunmursansa, peyvənd vurdura bilərsən. Sadəcə risk etmirəm, qorxuram. Atam sağlamdır, iş yerindən tələb etdilər deyə peyvənd olundu. Yaman pis keçirdi, 3 gün özünə gələ bilmədi. Belə görəndə heç risk etmirəm. Onsuz da bizim günümüz ağrı-acıyla keçir, çətindir, bir az da çətinləşməsini istəmirəm”.
Azərbaycanda onkoloji xəstəliklərə tutulan insanların sayı artıb. 2020-ci ildə ölkədə 54 min 403 nəfər onkoloji xəstə olub. Onlardan 11 min 595 nəfəri birinci, 4575 nəfəri xəstəliyin ikinci, 3876 nəfəri üçüncü, 3144 nəfəri isə dördüncü mərhələsində olub.
2018-ci ildə tibb müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 48 min 685, 2019-cu ildə 52 min 718 nəfər olub.
Rəsmi məlumata görə, 40 yaşdan sonra xərçəng xəstəliyinin yaranması riski 10 dəfədən çox artır. Həmçinin qadınlarda 60 yaşadək, kişilərdə isə 60 yaşdan sonra xərçəng yaranır.
Baş onkoloq Azad Kərimlinin deməsinə görə, xərçəng xəstəliklərinin sayı ölkə əhalisinin sayı ilə paralel artıb. Həkim onu da bildirib ki, qonşu ölkələrin statistik məlumatları ilə müqayisədə Azərbaycanda xərçəng xəstələrinin sayı o qədər də çox sayılmır:
“Xərçəng sözündən qorxmaq lazım deyil. Erkən mərhələdə aşkar ediləndə müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər də vacibdir. Xərçəng elə bir xəstəlikdir ki, ondan heç kəs sığortalanmayıb. İnsanlarda belə bir rəy formalaşıb ki, guya onkologiya diaqnozu həyatın sonu deməkdir. Əslində isə bu diaqnozla bir neçə on il yaşayan insanlar var və onların sayı az deyil”.
Həkim bildirir ki, bu xəstəlikdən qorunmaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Ancaq təəssüf ki, insanlar ancaq bu xəstəlik şiddətlənəndə və III-IV mərhələyə keçəndə ondan xəbər tuturlar.
“Yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən çox qorxur. Lakin onkologiyadan da təhlükəli xəstəliklər var dünyada”, – Azad Kərimli bildirib.
Xərçəngdən əziyyət çəkənlərin COVİD-19 virusundan qorunmasına gəlincə, Azad Kərimli bildirir ki, yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz:
“Həmçinin kimyaterapiya müalicəsi alan, ya da hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur. Ancaq müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də, pasiyent uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2020-ci ildə 11 min 595 nəfərə bədxassəli şiş diaqnozu qoyulub. Onlardan 1960 nəfəri süd vəzi, 1301 nəfəri mədə, 1225 nəfəri isə traxeya, bronx, ağciyər xərçəngindən əziyyət çəkir.