Həkim-ginekoloq: Hamiləlik planlaşdıranlar mütləq peyvənd olunmalıdır

“Hamilə qadınlar COVİD-19 infeksiyasını çox ağır keçirir”

Source: A


"Hamilə qadınlar COVİD-19 infeksiyasını çox ağır keçirir"

“Peyvənd edilməmiş, hamiləlik keçirmək düzgün deyil. Öz həyatını bilə-bilə təhlükəyə atmaqdır. Çünki hamilə qadınların orqanizmi həssas, müdafiəsiz olur. Hamiləlik planlaşdıranlar mütləq peyvənd olunmalıdır”.

Həkim-ginekoloq Təranə Həsənova Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, hamilə qadınlar COVİD-19 infeksiyasını çox ağır keçirir: “Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxan hamilələrlə məşğul olan 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimiyəm. İl yarımdır ki, COVİD-19- yoluxan hamiləliyin aparılması, doğuşu, əməliyyatı prosesini edirəm. Yəni bu barədə müşahidələrim hədsiz çoxdur. Yeni növ koronavirusdan ölənlərin yaşı çox cavanlaşıb. Adamlar özlərinə ürək-dirək verirlər ki, ölənlərin xroniki xəstəliyi olub. İyirmi dörd yaşındakı qızın hansı xroniki xəstəliyi ola bilər? Cavan insanlar göz qırpımında ölürlər. Ona görə də hesab edirəm ki, peyvənd edilməyən qadın hamilə olmasın. Çünki həddindən artıq çox fəsadlar yaranır, üstəlik, ölüm faizi də gündən-günə artır. Hamilə orqanizmi də çox həssasdır”.

Bu günlərdə Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov da deyib ki, hamilələr və hamiləlik planlaşdıran şəxslər mütləq vaksin vurdurmalıdır.

O, bunu ABŞ Səhiyyə Nazirliyinin belə tövsiyə etdiyini

bildirib

.

Məsələyə münasibət bildirən Təranə Səmədova deyir ki, bununla bağlı geniş məlumatlar, hər hansı elmi araşdırmalara rast gəlməyib: “Ümumiyyətlə, bu barədə geniş məlumatlar yoxdur. Bəzi dərman preparatlarının dölə və yeni doğulmuş körpəyə mənfi təsiri məlumdur. Hər dərmanı hamiləyə yazmırıq, xüsusən də antibiotikləri. Dərmanlar hamiləliyin bütün müddətlərində dölə öz mənfi təsirini göstərə bilir. Xüsusən də körpənin orqanları və sistemlərinin təşəkkülü və formalaşmasının getdiyi ilk üç ayda dərman preparatları qəbul etmək heç məsləhət görülmür. Bəzi preparatların anadangəlmə qüsurlara səbəb olduğu bəllidir. Uşaqlar kar-kor doğula bilir. Məsələn, hormonlar ürək qüsurunu, sidik-cinsiyyət xəstəliklərini yaradır. Estrogenlər, sintetik progestinlər kimi cinsiyyət hormonları isə cinsi oriyentasiyaya təsir edir. Bəzən hamiləlik müddətində onları qəbul edən qadınların uşaqlarında hermafroditizm, psixikanın pozulması aşkar edilir, cinsi dəyişdirmək istəyi yaranır. Şəkəri azaldan sulfanilamidlər də döldə ciddi çatışmazlıqlara səbəb olur. Hamiləlik dövründə qıcolmaya qarşı bir çox preparatları da qəbul etmək olmaz. Bu siyahını nə qədər desəniz, uzatmaq olar. Bu baxımdan dərmanlar çox böyük ehtiyatla işlədilməlidir. Əvvəllər hər dərmana da icazə yox idi. Ancaq indi vəziyyət elə gətirib ki, COVİD-19 infeksiyasına yoluxan ananı xilas etmək üçün dərmanların vurulması məcburiyyəti yaranıb. Artıq burada ananın həyatı düşünülür. Ona görə də hamiləlik planlaşdırılmazdan öncə vaksinasiya olunmaq lazımdır”.

Həkim bildirir ki, əvvəllər vaksinasiyadan 6 ay sonra hamiləliyin planlaşdırılması tövsiyə olunurdusa, sonradan bu müddət 3, son olaraq isə 1 aya qədər azaldılıb: “Ölüm hallarının artması insanlarda məsuliyyət hissi yaratmalıdır ki, mütləq peyvənd olunsunlar. Hamilə ikən ölməkdənsə, vaksinasiya olmaq daha yaxşıdır. Çünki COVİD-19 baxmır ki, hamilədir, onu öldürməyim. Bir məqamı da qeyd edim ki, indiyə kimi COVİD-19-un doğuş zamanı dölə keçməsi hallarını müşahidə etməmişəm. Dölyanı mayedə infeksiyanın olması, dölə keçməsi ehtimalı yüz faizdir. Hətta ən ağır xəstə analardan belə sağlam uşaqlar doğulub. Ana südündə də virusun aşkarlanması halına rast gəlməmişəm. Bu, çox yaxşı haldır. Yalnız doğuşdan sonra xəstə ananı yenidoğulmuşdan ayırırıq ki, uşağa virusun keçməsini önləyək”.

Ana səhifəXəbərlərHəkim-ginekoloq: Hamiləlik planlaşdıranlar mütləq peyvənd olunmalıdır