Kənan Musayev

Mənbə: Meydan TV

Başlıq: Kənan Musayev

"Həkim döyüşdə ayağını itirən oğlumun sarğılarını dəyişməyə gəlmir"

Məqalə yeniləndi:  1 Dekabr 2020

Valideyn deyir ki, onların vəziyyəti ilə maraqlanan yoxdur

Qazax sakini 19 yaşlı Kənan Musayev oktyabrın 3-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı minaya düşərək sol ayağını dizdən aşağı itirib.

Keçmiş döyüşçünün anası Məhəbbət Məmmədova Meydan TV-yə müsahibəsində bildirib ki, oğlu yaralanandan sonra əvvəlcə Naftalan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılaraq, daha iki dəfə də orada əməliyyat keçirib:

“Əməliyyatlardan sonra oktyabrın 18-də evə buraxılıb. Həkim demişdi ki, hər gün sarğısı dəyişdirilməli, yarasına nəzarət olunmalıdır. Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik ki, həkim ayırsınlar. Həkim hər gün gəlib, oğluma baş çəkməli, sarğısını dəyişdirməli idi. Lakin uşağın ayağının sarğısı bir ay, 15 gün ərzində 4 dəfə dəyişdirilib. Gəlmədiyi üçün axırda əlacsız qalıb, sarğını qonşuların köməkliyi ilə özüm təzələyirdim. Qonşuda bir qadın var, sağ olsun, hər gün gəlib sarğını dəyişir”.

Kənan Musayev 2001-ci ildə Qazax rayonunda doğulub. 2009-cu ildə valideynləri boşanıb. Hazırda maddi vəziyyəti ağır olan ailə Qazax Kənd Təsərrüffatı Texnikumunun yataqxanasında yaşayır:

“Üç övladım – iki qızım, bir oğlum var. Qızlarım ailə həyatı qurub. Oğlumla ikimiz birgə yaşayırıq. Kənan əsgərlikdən əvvəl maşın ustası işləyirdi. Mən də kartof yığımına və evlərə təmizlik işləri görməyə gedirəm. Oğlum on ay idi ki, əsgərlikdə idi. Tətərdə xidmət göstəriridi. Müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Deyir ki, bizə “İrəli!” komandası verilib, bununla bərabər başqa bir əsgər yoldaşı irəli gedəndə, ikisi də eyni yerdə, sol ayaqlarından minaya düşüblər. Uşaq kontuziya alıb, beyin silkələnməsi olub. Psixoloji durumu yerində deyil, əsəbləri çox oyaqdır. Müharibə ilə bağlı ümumiyyətlə danışmağı sevmir”.

Ailənin maddi vəziyyəti ağırdır. Məhəbbət Məmmədova deyir ki, maddi çatımazlıqlarının olması ilə bağlı rayonun aidiyyətli qurumlarına müraciət etsə də, Qarabağ döyüşlərində sol ayağını itirən gəncin problemləri ilə maraqlanan yoxdur:

“Dəfələrlə Qazax Rayon İcra Hakimiyyətinə getmişəm. Aşağıda, pilləkənin ayağında nümayəndələri qarşılayıb. Nə soruşublar, cavab vermişəm, yazıbar. Deyiblər ki, maraqlanacağıq, amma heç bir nəticəsi olmayıb. Qazax Rayon Mərkəzi Xəstəxanası da həmçinin, uşağın sarğısını qonşu dəyişir. Halbuki, bunun üçün həkim təyin olunmuşdu, vaxtlı-vaxtında gəlmədi”.

Qazax Rayon İcra Hakimiyyətindən zəngi cavablandırmayıblar. Qazax Rayon Mərkəzi Xəstəxasının qəbul şöbəsindən isə şikayəti rəhbərliyə çatdıracaqlarını deyiblər.

Bu il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Noyabrın 9-dək sürən 44 günlük əməliyyat nəticəsində, Azərbaycan təxminən 280 kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları atəşkəs bəyanatı imzalayıb. Sənədə görə, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə olan atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Dekabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z8uhx0

Ən çox baxılan