İctimai fəal aclıq aksiyasını davam etdirir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin 13 gündür ki, aclıq aksiyasını davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb. Müdafiəçinin sözlərinə görə, ictimai fəal dekabrın 26-dan 27-nə keçən gecə sağ qol nahiyəsində keyləşmə əlamətləri hiss elədiyini, şəkərin miqdarının kəskin azaldığını, qan təzyiqinin də aşağı düşdüyünü bildirib.
Bəxtiyar Hacıyev vəkilinə onu da bildirib ki, Ədliyyə Nazirliyinin tabeliyindəki Tibb Baş İdarəsindən gəlib ona baş çəkiblər.
Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində saxlanılır. Həkim Adil Qeybulla da dekabrın 27-də onunla görüşüb. Həkimin verdiyi məlumata görə, Bəxtiyar Hacıyevi müayinə etməsinə Tibb Baş İdarəsi icazə vermişdi. Müayinə prosesi bu idarənin həkimlərinin iştirakıyla aparılıb.
“Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70-cir, nəbzi 80, səkəri 5 mmol/l. Çəkisi 77.5 kiloqramdır. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırması tövsiyə edildi. Əlavə dəstək müalicəsi kimi, su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi. İki saat infuziya aparıldı və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi”, – Adil Qeybulla belə deyib.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.