Həkim barədə bir daha

Kəsilən ayağa yox, görünən döşə etiraz…

Source:

Sosial şəbəkələrdə məni ən çox narahat edən gün ərzində bir çox insandan yardım üçün aldığım mesajlar olur. Bunların içindən gücüm çatan qədər müxtəlif yollarla kömək edə bildiyim olur. Kömək dediyim də cibimdə olan qəpik-quruşla külli miqdarda pula ehtiyacı olan insanlara yardım əli uzatmaqdır. Çoxu da sonradan məlum olur ki, heç bir yardım kömək etməyib, xəstə həyatını itirib.

Yəqin bu mənzərə hər kəsə tanışdır. Belə halların çoxu öz həllini tapmır deyə, insanlar arasında artıq çoxdan ümidsizlik yaranıb. Bu, haradasa hamımızın son ümid yeri idi. Hansısa xəstəlikdən əziyyət çəkən insanların az ya çox pula ehtiyacı olur, insanlar bu pulu toplamağa çalışır və adətən nəticəsiz qalır. Bu işlərin çoxu ilə dərindən maraqlananda məlum olur ki, həmin xəstəliklərin çoxu elə həkim ehtiyatsızlığından əmələ gəlib, həkimlərin günahıdır.

Yəni pulun olsa da, olmasa da, həkimlər səni öldürə bilər. Belə bir ölkədə tibbi sğortadan, pulsuz, pulun olsa da ciddi müayinə və ya müalicədən söhbət gedə bilməz. Amma daha real danışsaq, belə bir ölkədə ümumiyyətlə yaşamaqdan söhbət gedə bilməz. Axır-əvvəl hamı qəbul edir ki, xəstələndinsə bir həkimin əlində ölmək şansın daha çoxdur, nəinki yaşamaq. Bəs, bu qədər cinayətin cəzası harada çəkilir və ya kim çəkir?! Bundan da ümidimiz üzülüb yəqin. Mən hələ görməmişəm ki, hansısa həkim etdiyi səhvlərə görə cəza alsın. Cəza alıbsa da o qədər az olub ki, gözə dəyməyib.

Bir çoxlarınız deyə bilərsiniz, ölkədə savadlı, öz işini məsuliyyətlə yerinə yetirən həkimlər var. Bunun da səbəbini izah edim. İnsanlar o həkimləri necə tapır və ya sizcə tapa bilirmi? Kimlərinsə məsləhətilə. Bir nəfər xəstələnir və tanıdığı bütün insanlardan “yaxşı həkim” məsləhəti axtarır. Sizcə səhiyyəyə bu qədər pul ayrılan ölkədə belə  halların olması nə qədər normaldır?

Niyə bir insan günlərlə həkim axtarmalıdır? Kim əmin edə bilər ki, məsləhət görülən həkimlər etibarlıdır?! Deyil etibarlı! Bu ölkədə etibar ediləcək heç nə qalmayıb, nə təhsili, nə həkimi… Heç yediyimiz ərzaqlar da etibarlı deyil.

Yəqin ki, bu dəhşətli günləri heç vaxt unutmarıq. Xəstəxanaların həkimlərindən tutmuş, cansız əşyalarına qədər hər şey insan həyatı üçün təhlükəlidir.

İki gün əvvəl Salyanda yeni doğulan iki körpə həyatını itirdi, ölkə gündəmindən günlərlə düşməyən mənasız, bayağı, heç bir ciddiyyəti olmayan xəbərlərin içində o xəbər demək olar ki, heç gözə görünmədi. İnsanlar bu hadisəyə görə narahatlıq hissi keçirmədi. Səhiyyə Nazirliyi yenə xalqı təhqir elədi, yalan açıqlama verdi və beləcə hadisə unuduldu.

Yaşamaq üçün heç bir şansı olmayan xalqı belə hadisələr heç maraqlandırmır. Sanki artıq onlar üçün belə hadisələr tam olduğu kimi qəbul edilib. Sanki belə hadisələr həqiqətən də olmalıdır.

Bir neçə gün əvvəl Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Hələ bizim bilmədiyimiz, mətbuata çıxmayan nə qədər belə hadislər var. Polislərin, həkimlərin təyziqindən qorxub susanlar, məhkəmələrin ədalətsiz qərarlarında haqqı tapdalananlar və s.

Bəs bunlar niyə heç kimin vecinə deyil? Əslində, günlərlə bir xanımın döşlərini müzakirə edən, döşə etiraz edən, səsi batana qədər bağıran insanların içindəyik. Döş maraqlıdı, amma normal yaşamaq haqqı maraqlı deyil. Bu ölkədə insanlar axmaq mental dəyərlərin qurbanı olublar, təhsilsizliyin, düşüncəsizliyin qurbanı olublar. Onlar öz acılarını, etiraz hisslərini də belə mənasız düşüncələrinə qurban veriblər. Normal yaşamaq haqqlarını qorxularına, düşünməməyə qurban veriblər. Bunlar necə də dəhşətlidir!

Normal danışa bilməyən, yeyib-içib gic-gic sağlıqlar deməklə həyatını yaşayan, dünyadan xəbərsiz, savadsız həkimləri rədd eləməyin bir yolu var, o insanları bir-bir xəstəxanalardan qovmaq lazımdır. O insanlar bizim cəlladlarımızdır. Bunun başqa adı yoxdur.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHəkim barədə bir daha