“Zibil atmağa da icazə verilməyəcək”
Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi səbəbindən əhaliyə zibil atmağa da icazə verilməyəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalistlərə deyib.
O bildirib ki, qoyulan tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcək.
Ehsan Zahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu iki gündə evdən çıxmaq üçün iki hal müəyyən etdiyini xatırladıb:
“Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək. Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq, verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək, həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələcə biləcəklər”.
İyunun 5-də Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiq olunması haqqında
qərar
çıxarıb. Qərar 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tarixlərini əhatə edir.
Qərara əsasən, göstərilən ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.