Həcc ziyarətində ölənlərin sayı 1300 nəfəri keçib

Həcc ziyarəti. Foto: Reuters

Krallığın səhiyyə naziri ölənlərin əsasən qoca və xroniki xəstələr olduğunu deyir

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayının 1300 nəfəri keçdiyi bildirilir.

Krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacelinin məlumatına görə, ölənlərin 83%-nin müvafiq vizası olmayıb.

“Həmin şəxslərin Həcc ziyarətinə icazəsi yoxdur, lazımi sığınacaq və rahatlıq olmadan birbaşa günəş şüaları altında uzun məsafələri piyada gediblər. Ölənlər arasında bir neçə qoca və xroniki xəstələr də var”, – nazir bildirib.

“Associated Press”in məlumatına görə, ölənlər arasında 660 Misir, 165 İndoneziya, 98 Hindistan və onlarla İordaniya, Tunis, Mərakeş, Əlcəzair və Malayziya vətəndaşları var.

Ölənlərin çoxunun sənədləri üzərlərində olmadığı üçün cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.

Misir hakimiyyətinin 16 turizm şirkətinin fəaliyyət lisenziyasını ləğv edərək prokurorluğa təhvil verdiyi bildirilir.

İdarəyə göndərilən sənəddə deyilir ki, turizm agentlikləri Səudiyyə Ərəbistanına zəvvarları müvafiq ayinlərin keçirildiyi Məkkəyə daxil olmağa imkan verən Həcc vizası ilə deyil, şəxsi ziyarət üçün viza ilə göndərir.

Sənəddə qeyd olunur ki, bu səbəbdən zəvvarlar həbs olunmamaq və sürgün edilməmək üçün səhradan keçərək Məkkəyə getməyə məcbur olublar.

Bundan əlavə, verilən viza ilə onlar Səudiyyə Ərəbistanının təklif etdiyi tibbi xidmətlərdən yararlana bilməyiblər.

Məkkədə temperaturun hər on ildə 0,4 dərəcə yüksəldiyi bildirilir.

Səudiyyə Milli Meteorologiya Mərkəzinin məlumatına görə, 2024-cü il iyunun 17-də temperatur +51,8-ə, yəni rekord həddə çatıb.

Builki Həcc ziyarəti 14-19 iyun tarixlərində başlayıb.

Ziyarətə gedənlərin sayının 1,8 milyondan çox olduğu bildirilir.

Ziyarət zamanı bir çox rituallar açıq havada və uzun məsafələri qət etməklə başa gəlir.

Ana səhifəDünyaHəcc ziyarətində ölənlərin sayı 1300 nəfəri keçib