Kənan Rövşənoğlu bildirib ki, QMİ yeganə şirkət olduğundan istədiyi qiyməti diktə edir
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)
APA
-ya verilən məlumata görə, otellərin xərclərindən asılı olaraq ziyarət xərclərinin qiyməti iki variantda təklif olunur.
Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir.
Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq, Suriyada baş verən hadisələr ilə əlaqədar olaraq bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər isə 4 ədəd 3×4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir.
Azərbaycanda Həcc Ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər QMİ-də qəbul olunur.
QMİ-nin açıqlamasını Meydan TV-yə şərh edən “Yeni Müsavat”ən dini mövzulardan yazan əməkdaşı Kənan Rövşənoğlu bildirib ki, QMİ yeganə şirkətdir, istədiyi qiyməti diktə edir. Bu isə monopoliyadan xəbər verir.
“Bizdə isə bu sahə müəyyən mənada biznesə, gəlir yerinə çevrilib. Daha əvvəl, yəni 2009-cu ilə qədər rəqabət olduğu üçün qiymətlər nisbətən yaxşı idi. Özəl şirkətlərin kvotaları az olsa da, daha ucuz və keyfiyyətli xidmət təklif etdikləri üçün qiymətlər tənzimlənirdi. Amma 2009-cu ildən sonra bu lisenziya yalnız QMİ-yə verildi və idarə də öz istədiyi qiyməti qoyur”,-Kənan Rövşənoğlu belə deyir.
O, Azərbaycanda Həcc Ziyarətinin qiymətlərinin hətta Türkiyə qiymətlərindən də az qala iki dəfə baha olduğunu bildirib: “Qonşu Türkiyə və İranda daha ucuz və keyfiyyətli olur. Bu il Türkiyədə 3600 dollar olacaq. Üstəlik, Türkiyə xidmətləri daha yüksək, otellər daha keyfiyyətli olur, tibbi xidmət, yeməklər yaxşı olur. Bizdə bahalığın əsas səbəbi monopoliyadır”.