AXCP üzvlərinin apelyasiya şikayətinə baxılıb
Avqustun 29-da Bakı Apelyasiya Məhkəməsində AXCP üzvləri Ceyhun Novruzovun 10, Vilayət Məmmədovun isə 30 sutkalıq inzibati həbsi barədə qərarlardan verilmiş şikayətə baxılıb. C.Novruzovun şikayətini hakim Qədim Babayev, V.Məmmədovun şikayətini isə Kamran Əkbərov araşdırıb. Hər iki hakim birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.
Məhkəmədə cəbhəçilər barələrindəki həbs qərarının qanunsuz və əsassız olduğunu bildiriblər.
C.Novruzov xırda xuliqanlıq ittihamıyla cəzalandırılıb. İddia edilir ki, qonşusu ondan polis bölməsinə şikayət edib.
C.Novruzov isə bildirib ki, yalandır, qonşuluğunda elə bir adam yaşamır:
"Guya məndən şikayət edən qonşum kimi təqdim olunan adam birinci instansiya məhkəməsində harada yaşadığımı deyə bilmədi. Bu adam heç öz atasının adını deyə bilmədi. Axırda şəxsiyyət vəsiqəsini gətirib tapdılar".
Digər cəbhəçi V.Məmmədov da apelyasiya şikayətində göstərib ki, küçədə gedərkən telefonda kimisə söyməsi, bu vaxt onu sakitləşdirməyə çalışan polislərə tabe olmaması barədə yazılanlar yalandır. Onun sözlərinə görə, həmin gün Cahangir adlı polis tanışından başqa heç kimlə telefonla danışmayıb. Cahangir də ona zəng edib, görüşüblər, birlikdə Binəqədi Rayon Polis İdarəsinə gediblər. Orada da barəsində küçədə söyüş söyməsi, polisin tələbinə tabe olmaması haqda inzibati xəta protokolu tərtib olunub:
"Telefon danışıqları yoxlansa, görünər ki, başqa heç kimlə danışmamışam. Heç kimlə danışmamışamsa, kimisə necə söyə bilərəm?"
Hər iki cəbhəçi barələrindəki həbs qərarından Ali Məhkəməyə şikayət edəcək.