Heç bir hal işgəncəyə bəraət qazandıra bilməz

Keçmiş siyasi məhbuslar dövlət orqanlarına müraciət etdi

Source:



Keçmiş siyasi məhbuslar – İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Tofiq Yaqublu, Rəşadət Axundov, Yadigar Sadıqov, Bəşir Süleymanlı, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Məmməd Əzizov və Ömər Məmmədov  gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova qarşı işgəncə faktlarının araşdırılması tələbi ilə dövlət orqanlarına müraciət ediblər.



Müraciətdə deyilir:

“Mayın 11-də həbs edilən Bayram Məmmədov və Qiyas İbrahimovun vəkilləri Elçin Sadıqov gənc fəalların tutulduqları və polis məntəqələrində saxlandıqları zaman işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalmaları barədə məlumat yayıb.

Gənclər vəkillərinin adına yazdıqları izahatlarda mayın 10-da saxlanılan zaman və sonradan Bakı Şəhər Baş Polis İdarəsində, Nərimanov Rayon Polis İdarəsində və Xətai Rayon 12-ci Polis Bölməsində məruz qaldıqları işgəncələri ətraflı təsvir ediblər. Gənclərin yaydığı məlumatda çox dəhşətli faktlardan söhbət açılır.

Media nümayəndələrinin olayla bağlı hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli qurumlara ünvanladığı suallara verilən cavablar da dövlətin bu faktları araşdırmaq fikrinin olmadığını göstərir. Belə ki, jurnalistlərin Daxili İşlər Nazirliyinin (DİN) və Respublika Prokurorluğunun mətbuat xidmətindən işgəncə iddialarının araşdırılması barədə məlumat almaq cəhdi uğursuzluqla nəticələnib.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra Bayram Məmmədov və Qiyas İbrahimov Təcridxananın əməkdaşlarına işgəncə izlərini göstərdikdən sonra onlara bildirilib ki, həkim çağırıb müayinə edəcəklər. Lakin bugünə qədər gənclər həkim müayinəsindən keçirilməyiblər. Xətai Rayon Məhkəməsi işgəncə hallarının olub-olmamasının araşdırılması barədə qərar verib. Ancaq qərardan 6 gün keçməsinə baxmayaraq, prokurorluqda işgəncə halını araşdırmalı olan məsul şəxs vəkillə və gənclərlə görüşməyib.

Bütün bu faktlar dövlət orqanlarının hadisəni ört-basdır etmək niyyətinin olmasını düşünməyə əsas verir.

Biz həm Azərbaycan qanunvericiliyində, həm də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdə işgəncələrə məruz qalmamaq hüququnun mütləqliyi ilə bağlı prinsipi və işgəncə barədə şikayətləri təxirəsalınmadan və obyektiv araşdırmaq öhdəliyini bir daha hökumətin nəzərinə çatdırırıq.

Heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmalarına əsas ola bilməz.

Biz Bayram Məmmədova və Qiyas İbrahimova işgəncə faktlarını araşdırmaq vəzifəsi olan hüquq-mühafizə orqanlarının, məhkəmələrin və digər dövlət qurumlarının, o cümlədən Ombudsman Aparatının bu barədə onlara daxil olan məlumatlara, şikayətlərə belə biganə reaksiyasından acı təəssüf və narahatlıq hissi keçirdiyimizi bildiririk.

Biz həmçinin son dövrlər polis idarələrində, həbsxanalarda, istintaq təcridxanalarında insan ölümləri, işgəncə barədə məlumatların araşdırılmamasından və qanunsuzluq edən şəxslərin cəzalandırılmamasından narahatlığımızı bildiririk.

Hesab edirik ki, bu faktların ciddi araşdırılması və müvafiq qiymətini alması üçün təxirsalınmadan aşağıdakı tədbirlər görülməlidir:

– Baş Prokuroruq tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsi (işgəncə) ilə cinayət işi qaldırılmalıdır;

– Gənclərə qarşı işgəncədə adları hallandırılan polis qurumlarının vəzifəli şəxsləri faktla bağlı araşdırma aparıldığı dövrdə vəzifələrindən kənarlaşdırılmalıdırlar;

– Gənclərin təxirəsalınmadan müstəqil həkimlər tərəfindən müayinəsinin aparılması üçün şərait yaradılmalıdır;

– Müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinə, hüquq müdafiə təşkilatlarına və bu sahədə monitorinq aparan beynəlxalq təşkilatların nümayəndələrinə baş verən hadisə ilə bağlı ictimai tədqiqat apara bilmələri üçün onların gənclərlə görüşünə şərait yaradılmalıdır.

Azərbaycan hökuməti BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatların hesabatlarında, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin işgəncələrlə bağlı şikayətlər üzrə qərarlarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinin yerinə yetirilməsi istiqaməsində təcili və real tədbirlər görməlidir”.

Ana səhifəXəbərlərHeç bir hal işgəncəyə bəraət qazandıra bilməz