Həbsxananın rəis müavini: Qarışıqlıq yaradıb səni aradan götürəcəyəm

“Yeni müavin məhbusları döydürür, söydürür, ölümlə hədələyir”

Source:
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə


“Yeni müavin məhbusları döydürür, söydürür, ölümlə hədələyir”

Həbsdə olan NİDA-çı İlkin Rüstəmzadənin ailəsi onun cəzaçəkmə müəssisəsinin rəis müavini tərəfindən təhdid edildiyini söyləyir. Bu barədə onun anası Atlas Hüseynova məlumat verib.

Bildirib ki, bu gün, avqustun 18-də onlar İlkin Rüstəmzadəni görmək üçün 13 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər:

“Orada vəziyyət yaxşı deyil. Təzə təyin olunmuş rəis müavini Elçin Əlicanov özünü hakimi-mütləq elan edib. İstədiyini döydürür, söydürür, təhdid edir, ölümlə hədələyir. İlkini də təhdid edib. Deyib, “qarışıqlıq yaradıb səni aradan götürəcəyəm. Səni heç Avropadan gələn homoseksual komissarlar da əlimdən ala bilməz”. Mən başa düşə bilmirəm, bu adam kimdir? Özünü nə hesab edir? Ola bilsin oturduğu kreslo onda hegemonluq iddiasi yaradıb”.

Atlas Hüseynova oğlunun düşdüyü bu durumdan narahatdır. Deyir, ola bilsin yeni rəis müavini vəzifəsinin yeniliyindən ilhamlanıb belə davranır:

“Amma vəzifə at kimi bir şeydir. Hamı minə bilər. Bu gün o kreslo, əynindəki mundir olmasa adi adamlardan birisən. Özü də cəmiyyət tərəfindən qəbul edilməyən, salama belə layiq olmayan adamlardan biri”.

İlkinin ailəsi onun hazırki durumu ilə bağlı media nümayəndələri, hüquq müdafiəçiləri, siyasi partiya rəhbərləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyinə səslənir. Bu vəziyyətə son qoymaqda onlara yardımçı olmalarını xahiş edirlər:

“Elçin Əlicanov, siz deyəsən öz səlahiyyətlərinizi bilmirsiniz. Mən bilən sizin vəzifəniz ümumi qayda-qanuna nəzarət etmək, məhbusların təhlükəsizliyinə nail olmaq, asayişi qorumaqdır. Siz isə sanki ora “killer” kimi göndərilmisiniz. Bilmirəm, sizin bu hərəkətiniz ya siyasi sifarişdir, ya da özünü göstərmək, ad çıxarmaqdır. Hər iki halda zərərlidir”.

Atlas Hüseynova deyir ki, hamı bilir, İlkin cinayətkar deyil, ölkəsinin, ölkə prezidentinin də şəxsi düşməni deyil:

“Siz utanmadan ona şər atır və öyünürsüz ki, şikayət etsən də heç kim məni qoyub, sənə inanmaz. Siz bu qədərmi özünüzdən razısınız? Qanunlar sizin üçün önəm daşımır? Bəs hüquqi dövlət anlayışı harada qaldı? Siz məmursunuz. Məmur isə xalqına xidmət etməlidir. Oradakı məhbuslar cinayətkar da olsalar (söz gəlişi) cəzalarını çəkirlər. Elçin Əlicanov siz orada İlkinin təhlükəsizliyinə (xüsusilə dediyiniz sözlərdən sonra) başınızla cavabdehsiniz. Bunu unutmayın!”

Nida Vətəndaş Hərəkatı İlkin Rüstəmzadəyə qarşı təzyiqləri pisləyir. Bu barədə yaydıqları bəyanatda deyilir.

Bildirilir ki, həbsxanalarda İlkin Rüstəmzadə və digər siyasi məhbusların başına gələ biləcək istənilən hadisəyə görə İlham Əliyev başda olmaqla hazırki siyasi hakimiyyət məsuliyyət daşıyır:

“Son vaxtlar Mehman Qələndərovun müəmmalı ölümü, Abbas Hüseyn və digər nidaçı siyasi məhbus Qiyas İbrahimovun işgəncəyə məruz qalması həbsxanalardakı vəziyyətlə bağlı bizim narahatlığımızı artırır”.

NİDA Vətəndaş Hərəkatı bütün yerli və beynəlxalq ictimaiyyəti İlkin Rüstəmzadənin aktiv müdafiəsinə çağırır.

Bildirir ki, yalnız aktiv müdafiə İlkinin həbsxanada provokasiyalardan qoruya bilər:

“NİDA Vətəndaş Hərəkatı hakimiyyəti İlkin Rüstəmzadə və digər siyasi məhbusları ən qısa zaman ərzində həbsdən azad edərək ölkədə gərginliyi azaltmağa çağırır”.

Məsələyə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bir müddət öncə 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cabbarlı Natiq Vaqif oğlu dilini kəsmişdi. Atası Vaqif Cabbarlı səbəb kimi oğlunun müəssisənin rəis müavini Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalmasını göstərmişdi.

Onun sözlərinə görə, məhkum Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini E.Əlicanov tərəfindən döyülərək karserə salınıb:

“Sonuncu dəfə isə oğlum Natiq Cabbarlı E.Əlicanov tərəfindən daha dəhşətli işgəncələrə məruz qalıb. Buna dözməyərək özünə qəsd edib. Etiraz olaraq da dilini kəsib”.

Ana səhifəXəbərlərHəbsxananın rəis müavini: Qarışıqlıq yaradıb səni aradan götürəcəyəm