“Yığılan rüşvətin təyinatı və həcmini əks etdirən cədvəl Hesabatda yer alıb”
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” Hesabat hazırlayıb.
Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb.
Bu barədə Meydan TV-y’ məlumat verən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Hesabatın əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə problemin meydana gəlməsi, onu doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, əhf imitasiyası, yerli və beynəlxalq rəylər əks olunub;
“Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi. Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur”.
Hesabatda həbs yerlərində hökm sürən korrupsiya ilə bağlı geniş qeydlər var. Həbsxanalarda yığılan rüşvətin təyinatı və həcminı əks etdirən cədvəl Hesabatda yer alıb. Cədvəldə alınan rüşvətlər detallı şəkildə göstərilib.
O, həbs yerlərində məhbuslara işgəncə verilməsindən də Hesabatda ətraflı söz açıldığını deyib: “Sənəddə məhbuslara işgəncə verilməsi ilə bağlı nümunələr və çox saylı faktlar yer alıb. Eyni zamanda dustaqlara qarşı qeyri-insanı münasibəti həyata keçirən vəzifəli şəxslərin Qara Siyahısı tərtib olunub”.
Araşdırmada Qobustan Qapalı həbsxanasında cəza çəkən, ömürlük həbs cəzasına məhkum edilmiş məhbuslarla bağlı bölümün olduğunu Gülalıyev bildirib ki, Hesabatın maraqlı və diqqət çəkən bölümlərindən biri siyasi girovlarla bağlı bölümdür. Sənəddə qeyd olunur ki, Azərbaycanda siyasi məhbuslar problemi ilə yanaşı siyasi girovlar problemi də var. Siyasi girovlar hakimiyyətin repressiyasına məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanılan, ölkədən çıxşına yasaq qoyulan ictimai siyasi fəallar, onların qohumları, iş adamları və s.- dir. Siyasi məhbuslar, siyasi mühacirlər kimi siyasi girovlar da bu rejimin qurbanlarıdır.
Hesabatda Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, dustaqların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması və siyasi məhbus probleminin həll edilməsi üçün tövsiyyələr irəli sürülüb.
Hesabatın ictimai təqdimatının keçirilməsi və ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara da təqdim olunacağı nəzərdə tutulur.