Həbsxanada ölüm həddinə necə çatdırırlar?!

İşgəncə altında ölümün şahidi olduğum gün 14 cü kolona etap edilmişdim.

Source:
Rəsul Mürsəlov
Rəsul Mürsəlov

İşgəncə altında ölümün şahidi olduğum gün 14 cü kolona etap edilmişdim. “Varanok” tozlu Qızıldaş yolu ilə gedib zonun həyətinə girdi. Normalda 10 nəfər üçün nəzərdə tutulmuş “varanok”dan 22 nəfər məhbus aşağı düşüb konvoyun müşayiəti ilə düzüldük. Rəis müavini məhkumların dosyalarına bir –bir baxdı, mən və başqa iki nəfər gürcü vətəndaşı qalmaq şərti ilə digərləri konvoy nəzarətində zonun “kars”ına aparıldı.

Mənim dosyemin üstündə karandaşla “siyasi”, gürcülərin dosyesinə isə “strimlyaqa” (həbsxana aləmində “Oğru” adına gedən yolda strimlyaqa alt tituldur) yazılmışdı. Məni rəisin otağına aparırdılar, digər iki məhbusu isə 6-7 nazor dəyənək, yumruq-təpiklə döyə-döyə “kars”a tərəf apardı. Məni müşayiət edən rəis müavininə etiraz etdim ki, niyə döyürsüz onları, bu qanunsuzdur və.s Cavabında “səni də gözləyir o gündən, hələlik gəl rəisin qəbuluna”- dedi.

Rəisin otağından “kars”a aparıldım. Artıq gürcü məhkumların səsi xırıltı ilə eşidilirdi. Hələ də növbə ilə nazorlar onları döyürdü. Səhər biri ölmüşdü, digərinin isə ciyərini patladıb “tubzon”a (vərəmli məhkumlar kolonu) göndərdilər. Bu zonda ilk məhkum ölümü ilə tanışlığım idi. Çox sonralar isə “kars”da mənimlə yan-yana kamerada saxlanılan inanclı bir məhkumun ölümünə şahid oldum. Ona o qədər işgəncə verdilər ki, çığırtısı hələ də qulaqlarımda qalır. Əlləri bağlı məhkumu vura-vura, çığırda-çığırda öldürdülər. Bir gün yaşadı işgəncə altında.

Xatırlayırsızsa, 2015-ci ildə sırf həmin zonun “kars”ında Elşad Babayev adlı məhkumun işgəncə ilə öldürülməsi faktı çıxmışdı ortaya. Bu, sadəcə ortaya çıxan idi.

* * *

Aylar sonra bir gün qəfildən “varanok”a mindirib zondan çıxardılar. Hara getdiyimi çatanda bilmişdim: məhkumların ümumi xəstəxanası idi bura. Niyə gətirildiyim məlum deyildi. Cərrahiyyə korpusuna yerləşdirildim. Keçmiş siyasətçilərdən biri qarşıladı məni. Palatada 4 nəfər qalırdıq. Biri, həmin keçmiş siyasətçi 13-cü kolondan ağır işgəncələr altında sağ ayağında çürümə ilə burda idi. Digər məhkumlardan biri rüşvət verərək “istirahətə” gəlmişdi. O biri məhkum isə Əli-Bayramlı rayonundan olan bir gənc idi. Saxlanıldığı 15-ci kolonda “kars”da verilən işgəncələrə dözməyərək çay qaşıqlarının böyük hissəsini qırıb udmuşdu – 6 və ya 7 dənəsini. Mədəsində bu qədər qaşıqla gəzir, əməliyyatla onları çıxaracaqlarını gözləyirdi. Ondan istədikləri 3000 manatı gətirmək üçün evinə xəbər yollamışdı. Bu məbləğ gəlmədən əməliyyat etmirdilər. Əməliyyat edilmədiyi hər gün ağrı –acı ilə qıvrılırdı, nə yemək yeyə bilirdi, nə də normal oturub-dura. Ailəsi pul tapa bilmədiyi üçün hər gün bir az daha əriyirdi. Bir gün səhər durduqda onun cansız bədənini gördük yataqda. Həkimlər gəldi, adyala bükdü və apardı. Bundan sonra da səhərlər sıra baxışı üçün duranda digər palatalardan adyala bükülmüş cansız bədənlərin aparıldığının şahidi olurduq. Demək olar ki, hər gün bir cəsəd çıxırdı korpusdan.

Başqa bir məhkum vardı, Çin vətəndaşı olan bu cavan oğlan MTN-in yerli şöbəsinin tələb etdiyi rüşvəti vermədiyi üçün 2 illik zindana atılmışdı. Biznesinin hamısına əl qoyulmuşdu, qara qəpiksiz 2 ilinin tamamını gözləyirdi. Yaxınları olmadığı üçün zonun yeməklərini yeyən çinli Li babasil xəstəliyindən əziyyət çəkirdi. Təbii ki, pulu yox idi və bu səbəbdən xəstəliyi irəliləmiş, qanaxmaya kimi getmişdi. Ölməsin deyə əməliyyata aldılar, ancaq nə keyləşdirici iynə, nə də narkoz vurmadan qışqırda-qışqırda yazığı kəsdilər. Ağrıya dözə bilmirdi, ulayırdı. Mentalitemimizə görə, çinlini gözümçıxdı edən “qaqaşlar” ona təpinir, səssiz qalmasını deyirdi.

Səhər cansız bədənini çıxardılar palatadan. Gecə qanaxma olmuş, baxmamışdılar.

Yuxarıda sadaladıqlarımdan onlarla bu kimi misallar çəkmək olar. Hər birini canlı yaşamış, şahidi olmuşam.

İndi siyasi məhbuslardan ömürlük həbs həyatı yaşayan Elçin Əmiraslanovun “hepatit”-ə yoluxduğunu, İlkin Rüstəmzadənin təzyiq altında olduğunu, Bayram Məmmədovun işgəncə ilə saxlanıldığını, xəstəliyinin müayinə olunmadığını, İlqar Məmmədovun ciddi sağlıq problemləri yaşadığını və nəhayətində Mehman Qələndərovun həbsxanada öldürüldüyünü düşünün. Bu insanlar ictimaiyyət tərəfindən tanındığı halda bu cür təzyiqlə üzləşirlər. Həbsxanada olan minlərlə insanın taleyini düşünün. Və onu da düşünün ki, bu minlərlə insan ordan birbaşa cəmiyyətin içinə çıxırlar, öz hepatit, vərəm və başqa bu kimi xəstəliklərilə.

Ölkədə azadlıqda qalmaq belə ölümlə üz-üzə qalmağa bərabərdir, o ki qaldı həbsxana olsun.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHəbsxanada ölüm həddinə necə çatdırırlar?!