Həbsxanada narkotik…

Ölkədə yenə repressiya tüğyan edir

Source:

Ölkədə yenə repressiya tüğyan edir. Mövcud rejim dövründə artıq neçənci dalğa olduğunu söyləməyə çətinlik çəkirəm. Siyasi müxalifətə qarşı basqılardan sonra növbə keçmiş səhiyyə naziri Əli İnsanova çatdı. 11 illik cəza müddətinin sonuna 2 aydan da az qalmış yeni cinayət işi qaldırılıb.

Hadisənin gözlənilməz olduğunu söyləmək olmaz. Əksinə, cəza müddəti bitdikdən sonra Əli İnsanovun azadlığa buraxılması çox gözlənilməz olardı. Buna görə də keçmiş nazir haqqında yeni cinayət işinin açılacağı, hətta qəfildən vəfat edəcəyi barədə proqnozlar eşidilirdi. Nəhayət, gözlənilən baş verdi. Keşmiş nazir və akademik barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb və bunlardan ikisi narkotiklər, daha dəqiq desək, narkotik tərkibli dərman maddələri haqqındadır.

Baş verən hadisənin qisasçılıq aktı olması şübhə dogurmasa da, cəzaçəkmə müəssisələrində məhkumların dərman preparatları saxlama qaydaları ictimaiyyətdə maraq dogurdu və suallara səbəb oldu. Bu faktı nəzərə alaraq keçmiş məhbus kimi problemə aydınlıq gətirmək istədim.

Məhkumların sovqat, banderol, bağlama almaq qaydaları Cəzaların İcrası Məcəlləsi və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tənzimlənir. Bu zaman göstərilir ki, göndərilən dərmanların çəkisi sovqat, bağlama və banderolun icazə verilən çəkisinə aid edilmir. Eləcə də əgər məhkuma yalnız dərman göndərilərsə, bu növbəti sovqat, bağlama və banderol kimi qeydə alınmır.

İstər Cəzaların İcrası Məcəlləsində, istərsə də Daxili İntizam Qaydalarında göstərilir ki, daxil olan dərmanlar cəzaçəkmə müəssisəsinin tibbi hissəsinə təhvil verilir. Bundan sonrakı proses sənədlərdə əks olunmadığından öz təcrübəmə istinad etməli oluram.

Məhkumun adına gələn dərmanlar arasında iynə varsa, o, birmənalı olaraq tibbi hissədə saxlanılır. Çünki məhkumlarda şpris olmur və inyeksiya üçün onsuz da tibbi hissəyə müraciət etməlidirlər. Bu sırada şəkərli diabetin ağır formasından əziyyət çəkən xəstələr istisna olur adətən. Onlara özlərində insulin və müvafiq şrpis saxlamağa icazə verilə bilər.

Həblərə gəlincə, burada onların tərkibi, xüsusiyyətləri rol oynayır. Həkimlərin məqsədəuyğun saydıqları dərmanlar bütövlükdə məkuma verilə bilər. Lakin cəzaçəkmə müəssisələrində məhkumların önəmli hissəsini narkotik maddələrin aludəçiləri təşkil edir. Buna görə də tərkibində narkotik maddələr olan və ya çoxlu sayda qəbul etdikdə narkotik sərxoşluq yarada biləcək dərmanlar (məsələn, ağrıkəsicilər) bir qayda olaraq məhkumun özünə verilmir. Hətta onun özü narkotik aludəçisi olmasa belə. Çünki qəbul etməyib, qazanc məqsədilə sata bilər.

Ümumiyyətlə, məhkumların dərmanlardan narkotik sərxoşluq qazana bilmə “bacarıq”ları heyrət doğurur. Ən ağlagəlməyən vasitələrdən, məsələn, öskürək əleyhinə dərmandan da istifadəyə rast gəlirsən. Bu zaman mədə, böyrək kimi daxili orqanlara vurulan zərər isə onları maraqlandırmır.

Dediyim qaydalarda istisnalar da olurdu təbii ki. Bəzi azsaylı etibar olunan dustaqlara özlərinə lazım olan dərmanları məhdudiyyətsiz əldə etməyə imkan verilirdi. O sırada mən də vardım. Həkimlər də, əməliyyat şöbəsi də mənim narkotiklərə olan kəskin mənfi münasibətim barədə şübhəsiz ki, xəbərdar idilər. Çünki məhkumlarla söhbətlərimdə az qala hər gün narkotiklər əleyhinə danışırdım. Buna görə də Lənkəran sakinlərinə məxsus revmatik ağrılarıma qarşı gətizdirdiyim ağrıkəsici dərmanları özümə verirdilər. Bilirdilər ki, nə satan, nə də bağışlayan deyiləm. Sonuncu təbii ki, çoxlu miqdarı ehtiva edir.

Kimsə ağradığı üçün gəlib 1 ədəd istəsəydi, rədd cavabı almırdı.

Etaplar zamanı, istintaq təcridxanasında, Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhkumlardan başqa cəzaçəkmə müəssisələrində narkotik sərxoşluq yaradan müxtəlif dərmanların həkimlər və yaxud əməkdaşlar tərəfindən məhkumlara satılması barədə əhvalatlar eşitmək olurdu. Amma mənim cəza çəkdiyim 14 saylı cəzaçəkmə müəssisəsində belə halla rastlaşmadım. Ümumiyyətlə, buradakı həkimlər məndə ən xoş təəssürat buraxdılar.

Əli İnsanovla bağlı halda nə baş verdiyini söyləmək çətindir. Bəlkə də onda heç narkotik tərkibli dərman olmayıb. Bəlkə də məhkumlara tibbi yardım etmək üçün özündə dərman saxlamağa imtiyazlı şərait yaradılıb. Sonra da bundan ona qarşı cinayət işi açmaq üçün istifadə olunub. Amma bir şey dəqiqdir ki, əgər məhkumda narkotik tərkibli dərman aşkar olunubsa, bu, cəzaçəkmə müəssisəsi əməkdaşlarının məsuliyyətsizliyi səbəbindən baş verib.

Anaşa, tiryək, heroin kimi narkotik maddələri müxtəlif üsullarla məhkuma ötürmək olar. Dustaqlardan eşitdiyim üsullar o qədər çoxdur ki, onlar haqqında ayrıca bir kitab da olmasa, broşür yazmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi də buna qarşı mübarizə aparır. Belə mübarizə üsullarından ən effektlisi çuğullardır.

Aludəçi üçün narkotikin gətirilməsi perspektivi o qədər böyük hadisədir ki, bunu gizlədə bilmir və sevincini kiminləsə bölüşür. Bölüşdüyü adam da sevincini kiminləsə bölüşür, çünki ona da pay çatması ehtimalı var. Nəticədə bu bölüşmə zəncirində mütləq bir çuğul ortaya çıxır.

Digər tərəfdən, narkotikin gizlədilə biləcəyi məmulatlar ya ciddi surətdə yoxlanılır, ya da onların gətirilməsinə qadağa qoyulur. Məsələn, şəkər tozu, konfet (şəffaf kaqıza bükülmüşlər istisna olmaqla), hazır yeməklərdən dolma (yarpaq və ya kələm dolması, fərq etmir) bizim cəzaçəkmə müəssisəsində qəbul edilmirdi.

Bundan əlavə, görüşdən əvvəl gələnlərin, görüşdən sonra isə məhkumun üst-başı yoxlanılır. Lakin bütün tədbirlərə baxmayaraq, arada-sırada müəssisəyə narkotik sızması baş verir.

Amma narkotik və narkotik tərkibli dərmanlar fərqli şeylərdir. Dərman 1-2 həb deyilsə (Əli İnsanovda da yəqin belə olmayıb), onu gizli şəkildə məhkuma ötürmək mümkünsüz bir işdir. Beləcə, yenə də keçmiş nazirdə qadağan olunmuş dərmanların müəssisə əməkdaşlarından gizli movcud olması fikrinin inandırıcı olmaması qənaəti yaranır.

Əli İnsanova münasibətim heç də birmənalı deyil. Bir çoxundan fərqli olaraq, onun tövbəsi barədə də yüksək fikirdə deyiləm. Hələ ki, keşmiş nazirin səhiyyə sahəsini ucdantutma YAP-laşdırması, müxalifətçi mənsubiyyəti olan həkimlərə təzyiqi barədə peşmançılığını eşitməmişəm. Əsas qurucularından biri olan sistemlə bağlı tənqidi fikirlərini də həmçinin. Onun narazılığı, mübarizəsi sırf İlham Əliyevə qarşı yönəlib. Mənim üçün, bu, yetərli deyil. Amma hazırda ona qarşı qaldırılan cinayət işinin də qurama olduğuna şübhə etmirəm.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHəbsxanada narkotik…