Mənbə: Meydan.TV

Həbsxana rəisinin Qarabağ qazisini cəzalandırdığı deyilir

Məqalə yeniləndi:  18 May 2019

AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov ona verilmiş üç illik həbs cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkəcək. AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, B.Həsənov mayın 15-də ora köçürülüb və dərhal da cəzalandırılıb. Onun cəzaçəkmə müəssisəsində “karsa” salındığı bildirilir: “6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vaxtilə 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi olub. O vaxtdan da Babək Həsənova qarşı qərəzi var. Çünki Babək Həsənov 2011-ci ilin aprel mitinqinə görə ona verilmiş 1 il 6 aylıq həbs cəzasını o vaxt 16 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. O müəssisədə gördüyü qanunsuzluqlar haqda mətbuata məlumat verdiyinə görə həmin vaxt rəis onu və daha bir neçə cəbhəçini cəzalandırmışdı. Cəza da onların Qızıldaşdakı 14 saylı müəssisəyə köçürülməsi olmuşdu”.

Məmməd Mahmudovun Baş nazirin müavini Abid Şərifovun kürəkəni olduğu bildirilir.

Penitensiar Xidmət isə B.Həsənovun cərimə təcridxanasında saxlanması, ona işgəncə verilməsi barədə məlumatların tam əsassız olduğunu bəyan edib. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, qanunvericiliyin tələbinə görə, cəzaçəkmə müəssisəsinə daxil olan istənilən məhkum 14 günə qədər cəzaçəkmə müəssisəsində saxlanılır. Karantin müddətində məhkuma müəssisədəki intizam qaydaları, hüquq və vəzifələri izah olunur. Ona görə də B.Həsənovun karantində saxlanmasını onun cəzalandırılması kimi qiymətləndirmək yanlışdır.

B.Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsilə bağlı cinayət işilə əlaqədar həbs olunub.

Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz.

Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.

S.Rüstəmlinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dpzuzy

Ən çox baxılan