Həbslərə səbəb olan şahid kimdir?

Anne Brasseurun açıqlaması çaşqınlıq yaradıb

Source:


Anne Brasseurun açıqlaması çaşqınlıq yaradıb

“Əlbəttə, mən prezident İlham Əliyevlə son həbsləri müzakirə etdim. Ondan avqust ayında niyə bu qədər çox adamın həbs edildiyini soruşdum. Cavab belə oldu ki, bu həbslər bir cinayət işi üzrə bir şahidin verdiyi məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatlarda söhbət vətənə xəyanətdən gedir. Bu məsələni ədliyyə naziri və baş prokurorla söhbətlərdə də qaldırdım. Mənə bildirildi ki, bu həbslər Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun aparılıb və hansısa qanun pozuntusuna yol verilməyib”.

Sitat Avropa Şurası Parlament Asambleyasının (AŞPA) prezidenti Anne Brasseurun Azadlıq Radiosuna müsahibəsindəndir.

Ölkə başçısı ictimai fəalların bir şahid ifadəsi ilə həbs olunduğunu deyir, həmin şəxslər isə müxtəlif maddələrlə və ittihamlarla günahlandırılır. Şahidin kimliyi də maraq doğurur. Həbs olunanların vəkilləri həmin şahidin kimliyindən xəbərdardılarmı? Ümumiyyətlə, yalnız bir şahid ifadəsi ilə bir neçə şəxsi həbs etməyin hüquqi əsası varmı?

Avqustda həbs edilən hüquq müdafiəçiləri -Arif Yunus və Rəsul Cəfərovun vəkili  Xalid Bağırov hesab edir ki, istintaq yekunlaşmadan bu haqda nə isə demək mümkün deyil: “ İstintaq getdiyi üçün biz bilmirik onlar kimi nəzərdə tutur. Bilirsiz söhbət nədən gedir? Yəni bunlar səhər-axşam deyirlər də. Nə dediklərini özləri bilirlər. Düşünürlər ki, onlar üçün dedikləri keçəcək . Hələ ki, onlar  üçün dedikləri keçir də. Biz nəyi müzakirə edirik ki? Deyir, bir şahid, bir şahid də. İstintaq yekunlaşar, görərik ki, bir şahiddir, ya yox.  Mən bilmirəm orada şahid varmı, yoxmu? Kimdir o şahid? Bunu istintaq yekunlaşandan sonra biləcəyik”.

Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili  Fuad Ağayev isə hesab edir ki, şahid

ifadəsinə əlavə sübutlar yoxdursa, kimisə həbs etmək hüquqi baxımdan doğru deyil: “Mən bir söz deyə bilmərəm.  Bundan ötrü istintaq materialları ilə tanış olmaq lazımdır. İstənilən halda, bu məsələ araşdırma tələb edir. Və hətta kimsə ifadə belə veribsə, bu, o demək deyil ki, onun dedikləri tam həqiqətə uyğundur. Onun dedikləri mütləq  yoxlanılmalıdır və başqa sübutlarla təsdiqini tapmalıdır. Əks halda, bir ifadə əsasında kimləri isə məsuliyyətə cəlb etmək düzgün deyil.  Prezidentin dilindən belə bir fikrin səslənməsinin hüquqi baxımdan doğru olub-olmaması məsələsinə gəlincə, biz o söhbətdə olmamışıq.  Onun hansı şəkildə, hansı kontekstə deyildiyini ehtimal edə bilərik. Ona görə də bu haqda  hər hansı bir ciddi rəy söyləmək çətindir”.

Hüquqşünas İntiqam Əliyevin vəkili  Anar  Qasımlının dediyinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin işi ilə bağlı o, hər hansı bir şahid ifadəsi ilə tanış olmayıb: “Düzü, o şahidin kim olması haqda mənim bir məlumatım yoxdur. Çünki indiyə kimi həbs olunanlardan mən yalnız İntiqam Əliyevin vəkiliyəm.  Və ona qarşı qaldırılan ittihamların heç birində hər hansı bir şahidə istinad olunmayıb.  Və ya hər hansı bir şahidin ifadəsi əks -sübut  kimi bizə təqdim olunmayıb.  Ona görə də mən bu barədə bir söz deyə bilmirəm”.

Hazırda Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Murad Ədliovun vəkili

Yalçın İmanov deyir ki,o, bir şahidin ifadəsi ilə bütün QHT sektoruna qarşı cinayət işi açılmasına inanmır: “Məncə, həbslərə hüquqi qiymət verməyə çalışırlar. Amma söhbət hansı şahiddən gedir? Onun hansı faktlarla ifadə verməsi bizə məlum deyil. Hesab edirəm ki,  bu, hüquqi əsas yaratmaq niyyəti ilə verilmiş bir fikirdir. Amma bu, tamamilə qanunsuz mülahizədir.  Bilirsiniz, həbs üçün, ümumiyyətlə, cinayət işi açmaq üçün sübutların məcmusu ona imkan verməlidir. Bir şahidin ifadəsi ilə cinayət işi açmaq və nəinki ölkədə, ölkədən kənarda da tanınmış fəalları, hüquq müdafiəçilərini həbs etmək qeyri-hüquqi bir məsələdir. Şahidin ifadələri digər sübutlarla təsdiq olunursa, həbs  və ya cinayət işinin açılması üçün yığılmış digər sübutların məcmusu buna əsas verirsə, o halda cinayət işi açıla bilərdi. Bir şahidin ifadəsi ilə cinayət işi açmaq yumşaq desək, qeyri-ciddi məsələdir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə, ümumiyyətlə, Anne Brasseurun Bakı səfərini yüksək qiymətləndirir: “Prokurorluğa nə qədər şahid çağrılıb. Mən nə bilim hansı şahiddən söhbət gedir? Mən onu deyə bilərəm ki, Anne Brasseurun Bakıya gəlməsi çox vacib idi. Məncə, hakimiyyət  Obamanın, Anne Brasseurun çıxışlarından sonra Qurban Bayramı üçün bir addımlar atmalıdır ki, siyasi məhbus məsələsi Azərbaycandan qurtarsın. Çünki Azərbaycan 3 tərəfdən düşmənlə əhatə olunub. Həm Rusiya, həm Ermənistan, həm də İran. Bunların hamısı Azərbaycan üçün təhləkə yaradacaq dövlətlərdir. Ona görə də, Azərbaycan hakimiyyəti  bu gün həm ölkədə olan siyasi partiyalarla, həm  də vətəndaş cəmiyyətləri ilə dialoqa getməlidir. Biz Rusiya deyilik. Rusiya böyük dövlətdir, biz xırda dövlətik. Biz suverenliyimizi qorumaq üçün ölkədə sülh olmalıdır. Ona görə də hakimiyyət  bu sülhü yaratmaq üçün addım atmalıdır ki, biz də birlikdə təzyiqlərə cavab verə bilək”.

Ana səhifəXəbərlərHəbslərə səbəb olan şahid kimdir?