Avqustun 1-də İşçi Masası və Kuryerlər Birliyi “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliyə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motolar üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsinin tələb olunması ilə bağlı qaydanın qüvvəyə minməsinə etiraz ediblər. İttifaqın sədri Afiəddin Məmmədov elə həmin gün axşam saatlarında evə gedərkən polislər tərəfindən saxlanıldı. Xətai Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 30 sutka inzibati həbs cəzası seçilib. Avqustun 5-də İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyası (HİK) üzvləri Baкı Şəhər Baş Polis İdarəsinin binasına plaкatları yapışdıraraq onun həbsinə etiraz ediblər. Konfederasiyanın kişi üzvlərinin həbsindən sonra İşçi Masasının yükü qadınların üzərinə düşüb. Nərmin Rüstəmli bildirir ki, artıq qadınlara qarşı da təzyiqlər başlayıb. Elə həmin gün ittifaqın digər üzvü Elvin Mustafayev polislər tərəfindən həbs edildi. Onun barəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açıldı və Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Avqustun 8-də İşçi Masasının digər üzvü Orxan Zeynalov barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi açıldı və ona qarşı təqiblər başlanıldığı bildirildi. Daxili İşlər Nazirliyi isə Orxan Zeynalovun təqib olunması ilə bağlı iddiaları təkzib edib. Avqustun 11-də isə İşçi Masası İdarə Heyətinin üzvü Ayxan İsrafilov polislər tərəfindən saxlanıldı və onun barəsində də “narkotik” ittihamı ilə cinayət işi açılaraq həbs edildi. İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyası 2022-ci martın 1-də qurulub. Azərbaycanda işçi hüquqlarını müdafiə edən tək həmkarlar ittifaqı olan İşçi Masası üç il ərzində işçilərin hüquqlarını müdafiə etmək məqsədilə bir sıra etiraz aksiyaları keçirib, İdarə Heyəti üzvləri və fəalları təqiblərə və həbslərə məruz qalıb. Azərbaycan rəsmiləri isə birmənalı olaraq heç kimin siyasi baxışlarına görə həbs edilmədiyini deyir.
Bu yazı 1 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Avqust 2023 19:02
Son dəyişiklik: 22 Avqust 2023 09:51