”Həbslə bağlı qanunvericilik konstitusiyaya ziddir”

Sivil Toplum Platforması “Azərbaycan hüquq sistemində beynəlxalq məhkəmələrin yeri və rolu” mövzusunu müzakirə edib

Source:


Sivil Toplum Platforması “Azərbaycan hüquq sistemində beynəlxalq məhkəmələrin yeri və rolu” mövzusunu müzakirə edib

“Milli Məclis 95 səs çoxluğuyla Konstitusiayaya əlavələr edə bilər. Amma çox maraqlıdır ki, bu prinsipdə parlamentə müstəsna səlahiyyət verilməyib. Parlamentin bununla bağlı  atacağı addımları da Konstitusiya məhdudlaşdırır. Konstitusiyanın 158-ci maddəsi çox açıq şəkildə deyir ki, Ana Yasanın 1-ci bölməsində əks olunmuş müddəalarla AR Konstitusiyasına əlavələr təklif edilə bilməz. Yəni Milli Məclis Konstitusiyanın birinci bölməsi, hansı ki, ora 2 fəsli daxildir, 1-23-cü maddələrlə bağlı parlamentə hər hansı qanun təklifi və əlavələr olunması mümkün deyil. Konstitusiya özü bunu məhdudlaşdırır”.

Bu açıqlamanı hüquqşünas Ələsgər Məmmədli Sivil Toplum Platformasının Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan hüquq sistemində beynəlxalq məhkəmələrin yeri və rolu” mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.


“Polis məntəqəsində ölən şəxslərin işi effektiv araşdırılmayıb”

Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarların icra vəziyyətindən danışan vəkil Xalid Bağırov diqqəti Konstitusiyanın yaşamaq hüququ olan 2-ci maddəsinə yönəldib: “Həmin maddə dövlətin üzərinə hər bir ölüm faktının effektiv araşdırma aparması məsuliyyətini və günahkarların cəzalandırılmasını qoyur. Bu mənada Avropa Məhkəməsi Azərbaycanın araşdırma mexanizmlərində qüsurların olduğunu müəyyən edib. Məsələn, jurnalist Elmar Hüseynovun və yazıçı Rafiq Tağının öldürülməsi faktı üzrə effektiv araşdırma aparılmayıb. Yaxud polis məntəqələrində ölən şəxslər var ki, onların ölümü effektiv araşdırılmayıb. Ümumiyyətlə, vətəndaşın polis idarəsində saxlanması pozuntularıyla bağlı Konstitusiya Məhkəməsinin qərarı var. Konstitusiya Məhkəməsi müəyyən etmişdi ki, həbslə bağlı qanunvericilik konstitusiyaya ziddir. Çox qəribədir ki, Avropa Məhkəməsi o normanı təsdiqləyib, amma yerli məhkəmələr etməyib. Belə çıxır ki, Azərbaycan Konstitusiyasını yerli məhkəmələrdən daha çox Avropa Məhkəməsi qoruyur”.



İşgəncə faktına görə heç kim istintaqa cəlb olunmayıb”

BMT-nin insan hüquqları müdafiə mexanizmləri və onlarla əməkdaşlıq formalarından danışan hüquqşünas Ziya Quliyev bildirib ki, müvafiq qurumun İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana nəzərdə tutulan təkliflər və həyata keçirdiyi islahatlar barədə hesabat təqdim etməsi üçün 2016-cı ilin dekabrın 9-na qədər vaxt vermişdi: “2010-15-ci illərdə işgəncə və pis rəftar faktları üzrə aparılmış təhqiqatın nəticəsində heç kim istintaqa cəlb olunmamışdır;  Yalnız Penitensiar Xidmətə məhkum etmə yerlərinin rəsmiləri barədə işgəncə və pis rəftarla əlaqədar 334 şikayət daxil olmuşdur (2009-2013-cü illər üzrə); Müvafiq olaraq 2010-13-cü illərdə Daxili İşlər Nazirliyinə 984 şikayət, Baş Prokurorluğa isə 678 şikayət daxil olmuşdur; Komitə qeyd edir ki, işgəncə və pis rəftarla bağlı bu şikayətlər üzrə, dərhal, effektiv və tərəfsiz araşdırma aparılmamışdır”.

Ombudsman Aparatının nümayəndəsi Faiz Ağayev isə hökumətin  Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi istiqamətində qəbul olunan qanunvericilik aktlarından danışıb.

Ana səhifəXəbərlər”Həbslə bağlı qanunvericilik konstitusiyaya ziddir”