Həbsindən 9 il sonra günahsız olduğu sübut olundu, bəraət aldı

Bakı Apelyasiya Məhkəməsi. Mənbə: axar.az

Ömürlük azadlıqdan məhrum edilən şəxs azadlığa buraxıldı

9 il əvvəl həbs olunan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük azadlıqdan məhrum edilən Aydın Qəhrəmanov oktyabrın 27-də bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsində Kamran Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası onun təqsirsiz olması və 2013-cü ildən bu yana nahaqdan həbsdə saxlandığı qənaətinə gəlib.

1958-ci il təvəllüdlü Aydın Qəhrəmanov iki nəfəri – Aidə və Samirə Yəhyayevaları qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuşdu. İttihama əsasən, Aydın Qəhrəmanov qeyri-rəsmi nikahda birlikdə yaşadığı Aidə Yəyayeva və onun qardaşı qızını evə görə zəhərləyib öldürüb. İddiaya görə, söhbət Aidə Yəhyayevanın bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzildən gedir.

Bu hadisə 2008-ci ildə baş verib. Həmin vaxt bibi və qardaşqızı ilə yanaşı, Aydın Qəhrəmanov özü də zəhərlənərək, bir müddət xəstəxanada saxlanılıb. Əvvəl istintaq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə gedib. İstintaq təxminən 5 il davam edib. Əvvəl zərərçəkmiş kimi tanınan Aydın Qəhrəmanov sonradan təqsirləndirilən şəxsə çevrilib. O, Yəhyayevaları “Finlepsin” və “Amirtiptilin” dərmanları vasitəsilə zəhərləməkdə ittiham edilib.

Bu işə hələ 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda Aydın Qəhrəmanov təqsirsiz olduğunu, həm özünün zəhərlənməsi, həm də Aidə və Samirə Yəhyayevaların ölümünə səbəb olmuş şəxslərin tapılmasını tələb etdiyinə görə cəzalandırıldığını bildirirdi.

Bu cinayət işinə bir dəfə Bakı Ağır Cinayətlər Məhkəməsi, 4 dəfə Bakı Apelyasiya Məhkəməsi, 3 dəfə də Ali Məhkəmə baxıb. Hər dəfə Ali Məhkəmə aşağı instansiyanın qərarı ləğv edib, işi təkrar araşdırma üçün apelyasiya məhkəməsinə qaytarır, apelyasiya məhkəməsi isə ömürlük cəza hökmünü qüvvədə saxlayırdı. Sonuncu dəfə Ali Məhkəmə işi geri qaytaranda araşdırma aparmaq Kamran Əkbərova həvalə edilib. Bu kollegiya uzun müddət araşdırma aparandan sonra onun təqsirsiz olması qənaətinə gəlib.

Bu cinayət işinin istintaqı Yasamal Rayon Prokurorluğunda aparılıb. 2008-2013-cü illər ərzində 11 dəfə cinayət işi üzrə icraat dayandırılıb, sonradan yenə təzələnib. Vəkil Tərlan Azayev bildirib ki, hər dəfə Aydın Qəhrəmanov şikayət edəndən sonra icraat təzələnir, bir müddət istintaq aparılır, sonra yenidən dayandırılırdı. O zaman da Aydın Qəhrəmanov məsələ ilə əlaqədar müxtəlif instansiyalara şikayət etmişdi. Vəkilin sözlərinə görə, bu iş üzrə indiyədək 20-dən çox ekspertiza keçirilib.

9 il sonra azadlığa buraxılan Aydın Qəhrəmanov haqqında ömürlük cəza hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarov vermiş, sonradan apelyasiya məhkəməsində ayrı-ayrı vaxtlarda Əmir Bayramov, İlqar Murquzov da qüvvədə saxlamışdı.

Ana səhifəSosialHəbsindən 9 il sonra günahsız olduğu sübut olundu, bəraət aldı