“Həbsimin arxasında hüquqi yox, siyasi motivlər dayanır”

“Seçki işlərinə dair bütün sənədlər istintaq orqanı tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülüb”

Source:


“Seçki işlərinə dair bütün sənədlər  istintaq orqanı tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülüb”

Hüquq müdafiəçisi İntiqam Əliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir və hesab edir ki, həmin ittihamların arxasında hüquqi yox,  siyasi motivlər dayanır. Onun həbsi hüquq müdafiəçisi kimi fəaliyyətinə görə, onu susdurmaq məqsədilə siyasi sifariş əsasında həyata keçirilib.

Bəyanatı avqustun 9-da Bakı istintaq Təcridxanasında İntiqam Əliyevlə görüşən vəkil Anar Qasımlı yayıb.

Bəyanatda bildirilir ki, İntiqam Əliyev Azərbaycanda insan haqlarının pozuntusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlər göndərib. Onun 2010-cu il parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə göndərdiyi 40-dan çox şikayət üzrə hazırda hökumətlə kommunikasiya gedir. İntiqam Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmasının qarşısını almağa xidmət edir. Təsadüfi deyil ki, rəhbəri olduğu “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin ofisində axtarış aparılarkən həmin seçki işlərinə dair bütün sənədlər (vəkil dosyesi) istintaq orqanı tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülüb. Bu isə, o deməkdir ki, İntiqam Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə maneçilik törədilməsi ilə kifayətlənməyib, seçki işlərinin dosyeləri götürülməklə həmin işlərin kommunikasiyasının “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin başqa əməkdaşları və ya şikayətçilərin özləri tərəfinən davam etdirilməsinin qarşısı aınıbdır. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki işlərini şikayətçinin işin nəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması mümkündür.

Anar Qasımlı bəyan edir ki, İntiqam Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyi, eyni zamanda mülkiyyət hüququnun pozuntusuna, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çosaylı şikayətlər göndərilib: “Həmin şkayətlərlə bağlı dosyelər də istintaq orqanı tərəfndən qanunsuz olaraq götürülüb. Bundan əlavə, nəzərə almaq lazımdır ki, indiyədək Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların əksəriyyəti İntiqam Əliyevin vəkillik etdiyi işlər üzrə, yəni onun tərfindən göndərilmiş şikayətlər əsasında çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, İntiqam Əliyevin həbsinin başlıca səbəbi onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusən də 2010-cu il Parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana qarşı qərarlar çıxmasının qarşısını almaqdır. Başqa sözlə, hüquq müdafiəçisi İntiqam Əliyevin Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir. İntiqam Əliyevin həbsinin başqa bir səbəbi isə, onun hüquq müdafiəçisi kimi Avropa Şurası Parlament Assambleyasının ötən ay keçirilən iclasında etdiyi çıxışdır. Həmin çıxışında o, Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmış, hakimiyyəti sərt şəkildə tənqid etmişdir. Bu mənada onun həbsi həm də ifadə azadlığını pozuntusudur”.

“Hüquq müdafiəçisi İntiqam Əliyev hesab edir ki, onun həbsi həm də ölkədə müstəqil QHT-lərin susudurulması və tamamilə sıradan çıxarılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Təsadüfi deyil ki, son bir neçə ay ərzində xeyli sayda hüquq müdafiəçisi analoji ittihamlarla şərlənərək tutulub, müstəqil QHT-lrin və onların rəhbərlərinin, o cümlədən “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin və şəxsən İntiqam Əliyevin bank hesablarına həbslər qoyulub, qrant layihələrinin qeydiyyatına süni maneələr yaradılıb. Bu mənada onun həbsi həm də birləşmək hüququnun pozuntusudur” deyə bəyanat bu fikirlərlə bitir.

Ana səhifəXəbərlər“Həbsimin arxasında hüquqi yox, siyasi motivlər dayanır”