Araz Əliyev Daxili İşlər Nazirliyinə müraciət edib
Dekabrın 23-də saxlanılaraq 25 sutka inzibati cəza alan III Respublika Platformasının Qurucu Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyevin komputer və əşyaları hələ də qaytarılmayıb.
Araz Əliyev sosial media hesabında yazıb ki, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
O qeyd edib ki, saxlanılan gün üzərində olan elektron cihazlar (noutbuk, makbuk və mobil telefon), o cümlədən bank və iş kartları, evin açarları götürülüb:
“Onların harada olmasından və hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsizəm. Məni saxlayan və 24-cü polis bölməsinə aparan şəxslər mülki geyimli polislər idi, əşyalarım və elektron cihazlarım da məhz bu şəxslər tərəfindən götürülüb”.
“Əşyalarımın və elektron cihazlarımın qaytarılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Elşad Hacıyevə ictimai olaraq müraciət edirəm. Bir vətəndaş olaraq hüquqlarımın təmin edilməsini, mülki geyimli şəxslər tərəfindən götürülmüş əşyalarımın qaytarılmasını tələb edirəm”, – deyən A.Əliyev məsələ ilə bağlı artıq 102 xidmətinə də rəsmi şikayət ünvanladığını əlavə edib.
III Respublika Platformasının spikeri Akif Qurbanov da “Facebook” səhifəsində yazıb ki, Araz Əliyev saxlanılarkən ona məxsus çantanı da götürüblər:
“Araz Əliyev saxlanılarkən onun və mənim çantam, içindəki qiymətli əşyalar və elektron cihazlarla birlikdə götürülüb. 1 aydan çoxdur ki, götürülən əşyalarla bağlı hər hansı məlumat ala bilməmişik. Araz Əliyevin vəkili də müdafiə zamanı buna dair müvafiq hüquq mühafizə orqanlarına və məhkəməyə rəsmi müraciətlər edib”.
Onun sözlərinə görə, Araz Əliyev inzibati həbsdən çıxarkən verdiyi açıqlamada deyib ki, onu saxlayarkən Akif Qurbanova məxsus kompüterin açılmasını istəyiblər:
“Araz bəyin təbii olaraq mənim şifrəmi bilməməsi, həmçinin də kompüterin “Macbook” markası olması onun açılmasını mümkünsüz edib. Bundan sonra mənim əleyhimə ifadələr almağa çalışılıb. Əsas fokus da belə olub: Araz bəy təsdiq etsin ki, mən üzərimdə valyuta gəzdirirəm və o dəfələrlə valyuta dəyişdirdiyimin şahidi olub. Azərbaycan hökuməti və onun hüquq-mühafizə orqanlarına məlum olmalıdır ki, mənim valyuta gəzdirməyim və dəyişdirməyim çox təbiidir. Çünki həm yoldaşım, həm də mən ötən illər ərzində davamlı valyuta ilə rəsmi gəlirlər əldə etmişik və edirik. Bunun da vergisini və digər ödəmələrini həyata keçiririk“.
Akif Qurbanov əşyalarla bağlı müvafiq orqanlara müraciət etdiklərini də vurğulayıb:
“Hesab edirəm ki, yuxarıda deyilənləri nəzərə alaraq Daxili İşlər Nazirliyi rəsmiləri bu məsələyə dair mövqeyini ifadə etməlidir. Hər hansı ittihamları varsa, buyurub addımlarını atsınlar, yoxdursa, götürülən əşyaların qaytarılmasına dair müvafiq tədbir görsünlər”.
2023-cü ilin dekabrın 23-də III Respublika Platformasının Qurucu Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev saxlanılıb.
Dekabrın 24-də məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib və barəsində 25 sutka həbs qərarı çıxarıb.
O, yanvarın 17-də axşam saatlarında azadlığa çıxıb.
Araz Əliyev polis bölməsinə aparılarkən zorakılığa məruz qaldığını desə də, sonrakı günlərdə ona qarşı şiddət olmadığını əlavə edib.
Ötən il dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib.
Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.
Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.
Platformanın şüarı belədir: “Tək Adama deyil, Hüquqa itaət edirik!”