Həbsdəki sayt rəhbərinin aclıq etdiyi bildirilir

Foto: Meydan TV

“Aclıq etməkdə tələbi siyasi məhbusların azadlığa buraxılmasıdır”

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun noyabrın 4-dən aclığa başladığı bildirilir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Həyat yoldaşının sözlərinə görə, Polad Aslanovun tələbi özü və digər siyasi məhbusların azadlığa buraxılmasıdır:

“Polad Aslanov deyir ki, COP29 kimi beynəlxalq tədbir keçirən ölkədə siyasi məhbus olmamalıdır, insanlar ictimai-siyasi mövqeyinə, jurnalist fəaliyyətinə görə həbs olunmamalıdır. Adamları ailələri ilə hədələyib, onların özlərinin əleyhinə ifadə almamalıdılar. Özünə qarşı da məhz bu cür davranıblar. Bu gün ölkədə belə saxta hökmlərlə cəza çəkən yüzlərlə siyasi məhbus var. Aclıq etməkdə tələbi siyasi məhbusların azadlığa buraxılmasıdır. Əks halda, bu qədər günahsız vətəndaşları zindanlarda saxlanılan ölkədə belə bir tədbir necə keçirilə bilər?”.

Polad Aslanov beynəlxalq təşkilatlara, xarici ölkə səfirliklərinə də çağırış edib.

Həyat yoldaşı deyir ki, noyabrın 4-də 1 saylı cəzaçəkmə müəssisəsində Polad Aslanovla görüşüb. Görüşdə müəssisənin rəisi də iştirak edib:

“Onu yola gətirməyə çalışırdı ki, aclığı dayandırsın”.

Gülmirə Aslanova əlavə edib ki, noyabrın 5-də artıq həyat yoldaşının Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi haqda məlumat alıb:

Məlumat aldım ki, mən gələndən sonra Poladı Müalicə Müəssisəsinə göndəriblər. Hazırda orada hansı vəziyyətdə olduğunu bilmirəm. Polad Aslanov 49 kiloqram çəki ilə aclığa başlayıb”.

Gülmirə Aslanova vurğulayıb ki, həyat yoldaşının şikayətinə Avropa Məhkəməsi baxıb və onun xeyrinə qərar verib. Azərbaycan hökuməti də bu qərarla razılaşıb, hətta kəsilən kompensasiyanı da ödəyib:

Hansı əsasla, hansı məntiqlə onu həbsdə saxlayırlar, bunu anlamaq olmur”.

Polad Aslanovun aclıq aksiyası keçirməsi haqda həyat yoldaşının dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. 13 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:

Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətHəbsdəki sayt rəhbərinin aclıq etdiyi bildirilir