“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Ramil Məmmədov müxtəlif bəhanələrlə vəkilə bu məktubu vermir”
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin müdafiə hüququnun pozulduğu bildirilir. AY Partiya başqanının müavini Gülşən Hacıyevanın verdiyi məlumata görə, onun vəkili ilə görüşünə imkan verilmir.
Gülşən Hacıyeva deyir ki, Anar Əsədlinin həbsindən iki həftə keçməsinə baxmayaraq, indiyədək vəkili ilə görüşüb məsləhətləşmələr apara bilmir. Çünki partiya sədrinin saxlandığı Bakı İstintaq Təcridxanasına vəkilin buraxılması üçün işin istintaqını aparan müstəntiqin müvafiq icazə məktubu olmalıdır. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Ramil Məmmədov müxtəlif bəhanələrlə vəkilə bu məktubu vermir.
Anar Əsədli aprelin 21-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla həbs olunub. Həmin qərardan apelyasiya şikayəti verilsə də, təmin olunmayıb – həbs qərarı qüvvədə saxlanılıb. Vəkil Hikmət Əliyev yalnız Bakı Apelyasiya Məhkəməsində bu şikayətə baxılanda müvəkkili ilə orada görüşə bilib.
Gülşən Hacıyeva əlavə edib ki, Anar Əsədlinin vəkili ilə görüşməsinə imkan verilməməsilə əlaqədar aidiyyəti qurumlara şikayət məktubları göndərilib.
Anar Əsədli Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2022-ci ilin noyabrında Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması haqda məlumatlarla bağlı açıqlama yayan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirlmişdi ki, partiya rəhbərindən iki vətəndaş şikayətçi olub:
“Anar Əsədli yalan vədlər verərək, onların birindən 150 min, digərindən isə 10 min dollar pullarını alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı araşdırma aparılır”.
Bu cinayət işində zərərçəkmiş qismində adı hallanan şəxslər arasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov, Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və digərləri var.
Anar Əsədli dələduzluq ittihamını rədd edərək, kimsənin pulunu mənimsəmədiyini, baş verənlərin anlaşılmazlıq olduğunu bildirmişdi.