Həbsdəki NİDA-çıdan bəyanat

Həbsdə olan NİDA-çı Rəşad Həsənov əfv fərmanına adlarının düşməməsi ilə bağlı bəyanat yayıb.

Source:


Həbsdə olan NİDA-çı Rəşad Həsənov əfv fərmanına adlarının düşməməsi ilə bağlı bəyanat yayıb.

Bu barədə həbsdə olan NİDA-çı Rəşad Həsənovun dostu Nərmin Rəhimli Facebook səhifəsində məlumat yayıb. O, bildirib ki, Rəşadla telefonla danışdıqda onun adından bu sözlərin çatdırılmasını istəyib.


Meydan TV bəyanatı olduğu kimi təqdim edir.

“Dünənki əfv sərəncamı prosesinin gözlənilməz sonluğunun sırf praqmatik baxımdan səbəbləri barədə gəldiyim nəticəni diqqətinizə çatdırıram: Bizim bu gün ailəmizin, dostlarımızın, yoldaşlarımızın yanında yox, hələ də həbsdə olmağımızın açıq səbəbi ABŞ-dakı, qərbdəki bəzi dairələrin sanksiya kimi alətlərlə daxili proseslərə müdaxilə cəhdləridir.

Hələ bu ilin noyabr ayının 12-də Arif Yunusun, ardınca dekabr ayının 9-da Leyla Yunusun həbsdən faktiki azad edilməsi Azərbaycan hökümətinin biz məhbusların taleyi ilə bağlı müsbət addımlar atmaq iradəsinin açıq göstəricisi idi. Bu müsbət yanaşmaların davamı kimi konkret olaraq mən də daxil olmaqla ən az 6 nəfərin, həm özümüz, həm ailə üzvlərimizlə aparılan danışıqların müsbət nəticəsi kimi dünənki əfv sərəncamı ilə azadlığa buraxılmamızla bağlı bütün hüquqi və texniki hazırlıqlar yerinə yetirilmişdi.

Lakin, ittiham olunduqları cinayət işlərinin bir-biri ilə sıx əlaqəsi olmasına rəğmən Arif və Leyla Yunusların azadlığa buraxılmasından sonra dünən, 28 dekabrda Rauf Mirqədirovun məhkəmədən azadlığa buraxılmamasının, imzalanan 210 nəfərlik əfv sərəncamından bizim adlarımızın son anda çıxarılmasının səbəbi məhz Azərbaycanın siyasi mühitini doğru analiz edə bilməyənlərin, daxili proseslərə müxtəlif mənfi rıçaqlarla müdaxilə edərək, guya müsbət nəticələrə nail olacağına inanan ABŞ-dakı müəyyən dairələrin irrasional addımlarıdır.

Belə dairələr başa düşməlidirlər ki, Azərbaycanda bu kimi vasitələrlə heç bir müsbət dəyişiklik etmək olmaz. Dünyanın müxtəlif bölgələrindəki təcrübələr də göstərir ki, bu kimi dairələrin kənardan müdaxilə cəhdləri heç yerdə sadə vətəndaşlar üçün daha faydalı nəticələrə səbəb olmayıb, əksi müşahidə edilib.

Ümid edirəm ki, bu kimi dairələr bütün bu sadaladıqlarımı nəzərə alıb, real müsbət nəticələr əldə etmək üçün gələcəklə bağlı addımlarını bir daha nəzərdən keçirəcək və daha münasib üslubdan istifadə edəcəklər. Əks təqdirdə, atdıqları addımları qeyri-səmimi, sırf şəxsi ambisiya və maraqların həyata keçirilməsinə yönəldiyinin göstəricisi kimi qəbul edəcəyəm”.

Ana səhifəXəbərlərHəbsdəki NİDA-çıdan bəyanat