Sübahir Qurbanov ikinci dəfədir ərizəsini geri götürür
Fevralın 27-də Ali Məhkəmədə ləğv edilmiş MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Sübahir Qurbanov və onun rəhbərlik etdiyi idarənin əməkdaşı olmuş Natiq Alıyevın şikayətinə baxılıb.
Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Sübahir Qurbanov məhkəməyə ərizə göndərib. General yazıb ki, kassasiya şikayətini geri götürür. Hakim bildirib ki, bu, şəxsin hüququdur. Əgər şikayətindən imtina edirsə, onun işi üzrə məhkəmə baxışına xitam verilir.
S.Qurbanov bundan öncə də bir dəfə Ali Məhkəməyə kassasiya şikayətini geri götürmüş, bu üzdən onun işinə baxılmamışdı. Daha sonra o, yenidən kassasiya şikayəti vermişdi.
Natiq Alıyevin şikayətinə gəlincə, Ali Məhkəmə onun işinə qapalı iclasda baxıb. Daha sonra bu iş üzrə məhkəmə martın 6-na təxirə salınıb.
Adları çəkilən şəxslər 2015-ci ilin oktyabrında MTN-də vəzifəli şəxslərin həbsi, nazir Eldar Mahmudovun istefaya göndərilməsilə nəticələnən əməliyyat nəticəsində tutulub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Natiq Alıyev 10 il 6 ay azadlıqdan məhrum ediliblər.
Onlar vətəndaşları hədələyib, onları MTN-ə gətirib böyük məbləğdə pullarını, əmlaklarını əllərindən almaqda, qanunsuz telefon dinləmələri və başqa əməllərdə təqsirləndirilirlər. Lakin heç biri bu ittihamları qəbul etmir.