Həbsdəki MTN-çilər bir-birinə nifrət etdiklərini açıqladılar

Mənbə: Azadlıq Radiosu

“Həyatımı məhv edib…”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnik – şöbə rəisi olmuş Vüsal Ələkbərov, ibtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini Sahib Ələkbərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir. Həbsdə olan keçmiş MTN-çilərin işinə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə baxılır.

Dekabrın 27-də məhkəmə iclasında təqsirləndirilən polkovniklərdən Sahib Ələkbərov deyib ki, 10-a yaxın xəstəliyi var, təcridxana şəraitində müalicə ala bilmir. O, apelyasiya məhkəməsinin yekun qərarına qədər həbsdən buraxılmasını xahiş edib: “Əgər məhkəmə yekunlaşanda sübut olunsa ki, ittihamda sadalanan cinayətləri törətmişəm, o zaman yenidən məni həbs edib, azadlıqdan məhrumetmə cəzasına məhkum edə bilərsiniz”.

Sahib Ələkbərov həmçinin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılmasını xahiş edib:

“Mənə ittiham veriblər ki, istintaq aparmadan adamı çağırıb cinayət məsuliyyətinə cəlb eləmişəm. Mən də deyirəm ki, istintaq aparmışam, cinayət işinin materiallarında həmin iş var. Həmin cinayət işi bura gəlmədən, obyektiv araşdırılmadan, məhkəmə hökmü ilə tanış olmadan işə baxıla bilməz. Həmin adamın barəsində MTN-in Hərbi Tibb İdarəsi həkimlərinin arayışı var. Arayışlar var ki, ağır xəstəlikdən əziyyət çəkir, təcridxana şəraitində saxlanıla bilməz. Ekspert rəy verir ki, epileptik tutmaları olur. Bu günə qədər də ekspert rəyi qüvvədədir. Həmin şəxsin başında şiş vardı, ürəkgetmələri olurdu”.

Təqsirləndirilən Sahib Ələkbərov, Yasin Məmmədov məhkəmə zalında iştirak edən jurnalistin çıxarılmasını tələb edib. İddia ediblər ki, jurnalist qərəzlidir. Çünki işlərinə Bakı Hərbi Məhkəməsində baxılanda da onların barəsində materiallar hazırlayırdı.

Zərərçəkmişlər isə etiraz edib. Onlar bildirib ki, əksinə, jurnalist təqsirləndirilən şəxslərin də fikrini soruşur, yayımlamağa çalışırdı, lakin onlar qaçırdılar, indi isə medianı qərəzlilikdə ittiham edirlər: “Qaçmayıb açıqlama verərdilər”.

Məhkəmənin davamında həbsdə olan keçmiş MTN-çilər arasında qalmaqal müşahidə olunub. Yasin Məmmədov keçmiş rəhbəri olan generalla bir-birinə nifrət etdiklərini açıq şəkildə dilə gətirib: “Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona. Onun mənə hörməti olmayıb, mənim də ona. Ona vəzifəsinə görə hörmət etmişəm. Təhsin Ağayev də onun müavini olub. O da mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam. Həyatım boyu bununla münasibətlərim gərgin olub. Bütün respublika bunu bilir. Həyatımı məhv edib – rütbə almağa, ev almağa qoymayıb. Eldar Mahmudovu tanımıram, ümumiyyətlə, bir də ünsiyyətdə olmamışam. Mən 2016-2021-ci illərdə də DTX-da işləmişəm, idarə rəisinin müavini olmuşam, ustalıq dərəcələrim var, 5-6 medal almışam. 2015-ci ilə qədər MTN-in yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər DTX-da necə işləmişəm? Dövlət əhəmiyyətli işləri aparmışam. Çünki vaxtında Mövlam Şıxəliyev məni yüksəlməyə qoymayıb. Sonra da sənədlərimi vəkilliyə verdim.1 il keçəndən sonra isə məni istintaqa çağırdılar ki, guya kimdənsə pul almışam. Araşdırıb xitam vermək əvəzinə, mənə qanunsuz ittiham verildi…”

Yasin Məmmədovun belə çıxışından sonra zərərçəkmişlərdən Hüseyn Səfərov təklif edib ki, onu məhkəmə zalında Mövlan Şıxəliyevlə eyni şüşə kabinədə saxlamasınlar. Çünki bu, xoşagəlməz nəticəyə gətirib çıxara bilər: “Deyir, Mövlam Şıxəliyevlə düşmən mövqedəyik, bir-birini vurub öldürə bilərlər”.

Mövlam Şıxəliyev keçmiş işçisinin dediklərinə belə münasibət bildirib: “Mən bununla necə işbirliyində olub rüşvət almışam?”

Zərərçəkmişlər sabiq MTN-çilərin ev dustaqlığına buraxılmasına etiraz edib.

“Təqsirləndirilən 4 nəfərdən üçü istintaq və birinci instansiyada məhkəmə prosesi getdiyi bir il ərzində azadlıqda olub. Məhkəmədə və məhkəmə binası önündə zərərçəkənlərə dəfələrlə təzyiq göstərirdilər, təhqir edirdilər. Həbs qətiimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Ağır cinayət törətməkdə təqsirli bilinərək məhkum olunublar. Hesab edirlərsə ki, ağır xəstəlikləri var, Penitensiar Xidmətin Müalicə Müəssisəsi var, orada müalicə ala bilərlər. Ziyan da ödənilməyib, ödənilməsinə cəhd belə etməyiblər”, – zərərçəkmişlərin nümayəndəsi, vəkil Osman Kazımov bildirib.

Zərərçəkmişlər məhkəmədə sabiq Baş prokuror Zakir Qaralov, onun birinci müavini olmuş Rüstəm Usubov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev, DTX əməkdaşları Mamay Qulubəyov, Rafiq Abdullayev, MTN-in İstintaq Baş İdarəsinin rəis müavini işləmiş Təhsin Ağayevin məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıb. Təqsirləndirilən şəxslər də bunu dəstəkləyib. Lakin hakimlər təmin etməyib. Ümumiyyətlə, hakimlər sabiq MTN-çilərin apelyasiya şikayətinə məhkəmə araşdırması aparılmadan baxılmasına qərar verib.

Məhkəmə prosesi yanvarın 9-da davam edəcək.

Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Ana səhifəXəbərlərHəbsdəki MTN-çilər bir-birinə nifrət etdiklərini açıqladılar