Rəfael Cəbrayılov zərərçəkmişlərin ifadəsinə etiraz edib
Bu ilin aprelindən həbsdə olan keçmiş deputat Rəfael Cəbrayılov deyir ki, onun işi üzrə zərərçəkən kimi tanınan adamlar əslində, ona sələmlə pul vermişdilər. Sabiq deputat avqustun 19-da öz məhkəməsində zərərçəkənlərin ifadələrinə etiraz edib, onların yalan danışdığını bildirib.
Rəfael Cəbrayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə baxılır.
Məhkəmə iclasında zərərçəkmiş qismində Yusif Orucov, Şəhanə Məmmədova, Sənan Ağamirov, Məlahət Qurbanova ifadə verib.
Yusif Orucov bildirib ki, sabiq deputata 2015-ci ilin martında 100 min dollar pul verib. Bu pulun 15 mini geri qaytarılıb.
Rəfael Cəbrayılov isə bildirib ki, Yusif Orucov bu pulu ona aylıq 2,5 faizlik sələmlə vermişdi. 15 min dollar da sələm olaraq ona verilib. Pulun özünün nə vaxt qaytarılmasıyla bağlı isə veriləndə konkret vaxt müəyyənləşdirilməyib.
Zərərçəkmiş Şəfanə Məmmədova bildirib ki, Rəfael Cəbrayılova 50 min dollar verib: "Demişdi ki, binanın liftini qoymaq üçün lazımdı. Sonra binanın mansart hissəsini satıb, üstündə 10 min də artıq qaytaracaqdı…"
Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, 30 min bir, 15 min də bir olmaqla, ümumilikdə sabiq deputata ümumilikdə 45 min dollar verib. Bu pulun 12 min dollarını geri ala bilməyib: "Məndən borc istəmişdi. Hissə-hissə qaytardı, qalanı qaldı…"
Təqsirləndirilən keçmiş deputat onun dediklərinə etiraz edib: "Mən sənin pulunu artıqlamasıyla qaytarmışam".
Lombard sahibi, "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova ifadəsində bildirib ki, keçmiş deputata 420 min manat və 80 min dollar pul verib: "Bu da ümumilikdə 561 min manat eləyir. Bir müddət faizlərini ödədi, sonra dayandı. Dedi ki, verməyəcəm. Mən ona bildirdim ki, şikayət edəcəm. Onda dedi ki, verəcəm. Verdiyim 561 min manatın əvəzində 180 min manatlıq borc müqaviləsi bağladıq. Borcun 169 min manatını qaytardı. Əvəzində ümumi sahəsi 450 kvadrat metr olan üç qeyri-yaşayış sahəsi və dörd mənzil vermişdi. Amma mənzilləri əldə edə bilmədim. Çünki o mənzillər başqasına da satılmışdı".
Rəfael Cəbrayılov bildirib ki, o, mənzillərin də sənədlərini ona vermişdi. Əgər həmin əmlaklar sonradan kiməsə satılıbsa, bu məsələnin ona aidiyyəti yoxdur: "Mənim verdiyim əmlaklar borcumu artıqlamasıyla ödəyir…"
Məhkəmə prosesi sentyabrın 2-də davam edəcək.
Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov bu ilin aprelindən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb, ondan hüquq-mühafizə orqanlarına şikayət olunub. 2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov özü mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.