Həbsdəki jurnalistin xanımı: “Həyat yoldaşımı sifarişlə döyüblər”

Foto: Polad Aslanovun şəxsi arxivindən

Penitensiar Xidmət: “İki məhkum arasında yüngülvari mübahisə olub”

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova aprelin 4-də Penitensiar Xidmətin binası qarşısında etiraz aksiyası keçirib. Əlində “İşgəncəyə son!” yazılmış plakat qaldıran Gülmirə Aslanova Meydan TV-yə bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşına qarşı təxribat və işgəncələrə son qoyulmasını tələb edir.

Aprelin 2-də cəzaçəkmə müəssisəsində Polad Aslanovla görüşdüyünü deyən həyat yoldaşının sözlərinə görə, onun üzündə şişkinlik, başqa xəsarət izləri olub:

“Məlum oldu ki, uzun müddətdir ona təzyiq göstərən, təxribata çəkməyə çalışan başqa bir məhkum xəsarət yetirib. Məsələ ilə əlaqədar cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşdüm. O da Polad Aslanovun döyülməsini təsdiqlədi. Bildirdi ki, bunu edən məhbus cəzalandırılıb – “karsa” salınıb”.

Gülmirə Aslanova deyir ki, bu, həyat yoldaşına qarşı ilk təzyiq halı deyil. Onun fikrincə, baş verənlər siyasi sifarişlə həyata keçirildiyinə görə qarşısı alınmır. Məqsəd isə Polad Aslanovu əfv ərizəsi yazmağa məcbur etməkdir.

“Yoldaşım isə əfv ərizəsi yazmaqdan imtina edir. Deyir, mən cinayət törətməmişəm, əfv də istəyim. Üç instansiyada işinə baxıldı, heç birində ortaya sübut qoyulmadı. Sifarişlə həbs etməkləri kifayət etmir, orada da bezdirirlər. Az qala, havanı da pulla verirlər həbs yerlərində. Yoldaşım qan azlığından, ürək və böyrəyindəki xəstəliklərdən əziyyət çəkir. Yazıblar ki, salamatdır, problemi yoxdur. Bu qədər yalan, saxtakarlıq olmaz”, – Gülmirə Aslanova bildirib.

O tələb edir ki, həyat yoldaşına xəsarət yetirən məhbus onun saxlandığı kameradan uzaqlaşdırılsın və ümumiyyətlə, Polad Aslanova qarşı təzyiqlərə son qoyulsun.

Gülmirə Aslanova təxminən 20 dəqiqə Penitensiar Xidmətin qarşısında plakat qaldırıb, tələbini səsləndirəndən sonra ora gələn polis əməkdaşları onun əlindən “İşgəncələrə son!” yazılmış plakatı zorla alıblar.

Jurnalistin xanımı aprelin 4-də həyat yoldaşının döyülməsiylə əlaqədar Baş prokuror Kamran Əliyev və başqa dövlət orqanlarına da teleqram göndərib: “Baş prokurorla yanaşı, Nizami Rayon Prokurorluğuna da teleqram göndərmişəm. Ombudsman Aparatına məlumat vermişəm. Qanunların aliliyindən mənə nağıl danışanlar, vəzifələrini icra etsinlər”.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, məhkumun sifarişlə döyülməsi məsələsi doğru deyil:

“İki məhkum arasında yüngülvari mübahisə olub. Ciddi bir şey olmayıb. Məsələ araşdırılır. Kiminsə qəsdən döydürülməsi məsələsi ola bilməz. Tamamilə həqiqətə uyğun olmayan söhbətdir”.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi bundan əvvəlki açıqlamalarında da məhbuslara qarşı işgəncə və ayrı-seçkilik hallarıyla bağlı iddiaları təkzib edib. Bildirilib ki, kimliyindən asılı olmayaraq, bütün məhkumların qanunda nəzərdə tutulmuş hüquqları təmin olunur.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. 13 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:

“Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətHəbsdəki jurnalistin xanımı: “Həyat yoldaşımı sifarişlə döyüblər”