Baş Prokurorluq böhtana görə cəzalandırılacağı barədə ona xəbərdarlıq edib
“Azel TV” saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova xüsusi xidmət orqanları tərəfindən təhdid edildiyini deyir. Onun sözlərinə görə, şəxsi həyatına aid görüntülərin yayılmasıyla şantaj edərək, həyat yoldaşının müdafiəsindən çəkindirməyə, susdurmağa çalışırlar.
Sevinc Sadıqovanın sözlərinə görə, onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırıb, orada açıq şəkildə şantaj ediblər.
“DTX-da olarkən mənə dedilər: “Bir kəlmə ilə səni həyat yoldaşından boşatdıra bilərik”. Mənim həyat yoldaşım ölüm ayağındadır, namusumu ləkələməyə çalışırlar, hətta uşaqlarımla təhdid olunuram. Əgər qorxub susacağımı düşünürlərsə, səhv edirlər. Öldü var, döndü yox…”, – deyə Sevinc Sadıqova bildirib.
Həyat yoldaşıyla martın 29-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşdüyünü deyən Sevinc Sadıqovanın sözlərinə görə, Əfqan Sadıqov 147 gündür qidadan imtina edib. Bu üzdən səhhətində kəskin problemlər yaranıb və hazırda reanimasiyadadır: “Aclığının 80-ci günündə komaya düşdü. Ondan sonra sistem və süni qidalandırılma ilə həyatda saxlamağa çalışırlar. Bir həftədir ki, sistemdən də imtina edib. Artıq özü də bezib”.
Baş Prokurorluq isə Sevinc Sadıqovanın təhdid edilməsi haqda dediklərini təkzib edib. Qurumun mətbuat xidmətindən Meydan TV-yə daxil olan açıqlamada bildirilir ki, onun DTX əməkdaşları tərəfindən şantaj olunması barədə söylədikləri böhtandır. Prokurorluq Sevinc Sadıqovaya cəzalandırıla biləcəyi haqda da xəbərdarlıq edib.
“Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən bu cür bəyanatlar Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyasıdır, həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönəlib.
Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, sosial şəbəkə və KİV-ə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya qanunsuz əməlləri davam etdirəcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir. Onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır”, – Baş Prokurorluğun açıqlamasında bildirilir.
Əfqan Sadıqov 2020-ci il mayın 13-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. İddia olunur ki, Əfqan Sadıqov “xeberfakt.az” saytının redaktoru Sakit Muradovla birlikdə Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən 10 min manat rüşvət alarkən saxlanılıb. İstintaq dövründə Sakit Muradov həbs olunmayıb. Məhkəmə də onun haqqında şərti cəza hökmü çıxarıb.