Penitensiar Xidmət: “Cəzaçəkmə Müəssisələrində işgəncə olmur”
7gun.az saytının redaktoru, 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Cavid Şirəliyev işgəncəyə məruz qaldığını iddia edir.
Bu barədə onun həbsxanadan yazdığı məktubunda deyilir:
“Sentyabrın 22-də 9 saylı Cəzaçəkmə Müəssisəsində təxminən 20-25 dəqiqə işgəncəyə məruz qalmışam. Səhhətimdəki problemlərlə əlaqədar sentyabrın 22-də aclıq aksiyası ilə bağlı izahat yazmadığım halda, əldə etdiyim məlumata görə, şəxsi işimə mənim adımdan Rüfət Səfərovun əleyhinə yazılmış izahat daxil edilib. Bundan başqa, Xəzər Rayon Prokurorluğunun müstəntiqi, 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədov və onun tərbiyə işləri üzrə müavini Azər Bağırzadənin də iştirakı ilə məndən izahat alındı. Onların təhdid və təzyiqlərinə baxmayaraq, mən öz izahatımda özümə və Rüfət Səfərova işgəncələrin olduğunu qeyd etmişəm. Məndə olan başqa bir məlumata görə, həmin izahatı da saxtalaşdırıblar”.
Cavid Şirəliyev bununla bağlı aidiyyatı dövlət orqanlarına müraciət etdiyini bildirib:
“İzahatların saxtalaşdırılmasını hakimiyyətin mənə qarşı təxribatı hesab edirəm. Son olaraq aidiyyatı hüquq mühafizə orqanlarının rəhbər şəxslərini 22 sentyabr 2017-ci il tarixli aclıq aksiyası ilə bağlı yazılmış izahatlarla əlaqədar araşdırma aparmağa və saxtakarlığa yol vermiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram”.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov Meydan TV-yə deyilənləri təkzib edib:
“Bu, mümkün deyil. Ümumiyyətlə, Cəzaçəkmə Müəssisələrində işgəncə olmur, amma daxili nizamnamə qaydalarını pozan məhbuslar “karsa” salınır. Bu, qanunvericilikdə də təsbit edilib”.
Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.
C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir.