Həbsdəki jurnalist aclıq elan edib

“Müəssisə rəhbərliyi hesab edir ki, Polad Aslanov məhbuslara təsir göstərir, onları etiraz etməyə öyrədir”

Source: Архив


Həyat yoldaşı Polad Aslanovun cəzaçəkmə müəssisəsindəki təzyiqlərə etiraz olaraq aclıq etdiyini deyir

“Xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanovun saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində aclığa başladığı bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, jurnalist ona qarşı təzyiqlərə etiraz olaraq, bu addımı atmaq qərarı verib. Həyat yoldaşı deyir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi digər məhkumları Polad Aslanovun əleyhinə yönləndirməyə çalışır.

Gülmirə Aslanovanın sözlərinə görə, bir müddət əvvəl cəzaçəkmə müəssisəsindəki məhkumlardan biri görüşlər, sovqat və s. üçün rüşvət tələb olunmasına etiraz edərək, aclıq aksiyasına başlayıb: “Müəssisə rəhbərliyi hesab edir ki, Polad Aslanov məhbuslara təsir göstərir, onları etiraz etməyə öyrədir. Həmin məhbusa da aclığı dayandırmaq üçün təzyiq edirdilər. Onu “karsa” salmışdılar. Təzyiqlərin sayəsində həmin məhbusu ondan pul tələb olunmadığı haqda ərizə yazmağa məcbur edə biliblər. Guya o, rüşvətə etiraz edib aclıq aksiyası keçirdiyinə görə yox, daxili intizam qaydalarını pozduğuna görə cəzalandırılıb. Neçə gündür ki, cəzaçəkmə müəssisəsində yayın günündə su problemi yaşanır. Məhbuslarda belə rəy yaradırlar ki, Polad Aslanova görə onlar susuz qalıb”.

Həyat yoldaşı vurğulayıb ki, Polad Aslanov beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələrinin 1 saylı cəzaçəkmə müəssisəsinə gəlib, onunla görüşmələrini istəyir: “Polad Aslanov deyir ki, Azərbaycanda fəaliyyət göstərən heç bir quruma etimadı, inamı yoxdur. Ona görə də ölkədəki beynəlxalq təşkilatların, xarici səfirliklərin nümayəndələrinə müraciət edib ki, ona baş çəksinlər”.

Penitensiar Xidmət də Polad Aslanovun təzyiqlərə məruz qalması və bu üzdən aclıq etməsi haqda deyilənləri təkzib edib. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məhkumlardan rüşvət tələb olunması, Polad Aslanovun təzyiqə məruz qalması haqda səslənən fikirlər həqiqətə uyğun deyil: “Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə məhkumlar arasında heç bir fərq qoyulmur. Hər bir məhkumun qanunverilikdə nəzərdə tutulan hüquqları təmin olunur. Hər bir məhkum da daxili intizam qaydalarına əməl etməlidir”.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Baş redaktor isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətHəbsdəki jurnalist aclıq elan edib