Həbsdəki deputat yenidən məhkəmə qarşısında

Foto: Report.az

Eldəniz Səlimovun şikayətinə baxılacaq

Həbsdə olan deputat Eldəniz Səlimov yenidən məhkəmə qarşısına çıxarılıb. Sumqayıt Apelyasiya Məhkəməsində onun şikayəti üzrə araşdırmalar başlayıb.

Deputat 3 il 6 ay azadlıqdan məhrum edilməsi haqda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən narazı qalaraq, apelyasiya şikayəti verib. Onun şikayətinə Məhəmmədəli Rzayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İlkin baxış iclasında təqsirləndirilən deputatın anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfi apelyasiya şikayətinə qismən istintaq aparılmaqla (sübutların araşdırılması) baxılmasını istəyib. Lakin məhkəmə şikayətə istintaq aparılmadan baxılmasına qərar verib. Bildirilib ki, zərurət yaranarsa, qismən məhkəmə istintaqı aparıla bilər.

Deputatın işi üzrə məhkəmə baxışı fevralın 14-nə təyin edilib.

Eldəniz Səlimovun birinci instansiya məhkəməsində də mühakiməsi ictimaiyyətdən gizli şəkildə həyata keçirilib. Deputatın məhkəməsinə jurnalistlərin girişinə qadağa qoyulduğuna görə, bu məhkəmə prosesində yaşananlardan, o cümlədən Eldəniz Səlimovun ifadəsi, ona qarşı hansı sübutların olmasından ictimaiyyət xəbər tuta bilmədi.

Eldəniz Səlimov avqustun 3-də həbs olunub. Deputat iyulun 29-da qohumuna məxsus restoranda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur.

Təqsirləndirilən deputat həbsindən öncə yaydığı açıqlamada əməlinin yanlış olduğunu etiraf edərək üzr istəsə də, bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub”.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, 2020-ci ilin fevralında keçirilən son parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunub. Amma bu ilin yayında məlum qalmaqaldan sonra o, YAP-dan çıxarılıb.

Apelyasiya Məhkəməsinin qərarından sonra hökm qüvvəyə minir. Əgər Eldəniz Səlimov haqqındakı ittiham hökmünü apelyasiya instansiyası da qüvvədə saxlayarsa, bu halda, onun mandatdan məhrum edilməsi məsələsi gündəmə gələ bilər. Nə qədər ki, barəsində qüvvəyə minmiş hökm yoxdur, o, təqsirli sayılmır.

Ana səhifəSiyasətHəbsdəki deputat yenidən məhkəmə qarşısında