”Rail Rüstəmli AXCP üzvü olduğuna, atasının haqsız həbsinə etiraz etdiyinə, sosial şəbəkələrdə fəallığına görə saxlanıb”
Sentyabrın 24-də səhər saatlarında AXCP Sabirabad şöbəsinin həbsdə saxlanan funksioneri, partiyanın Ali Məclisinin üzvü Sahib Rüstəmlinın oğlu Rail Rüstəmli polisə aparılıb.
Bu haqda məlumatı partiyanın mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, polis əməkdaşları R.Rüstəmlini rəsmi çağırış olmadan evdən aparıblar.
“Rail Rüstəmlinin durumundan ciddi narahatıq. O, neçə gün idi, hüquq-mühafizə orqanları tərəfindən sərt formada hədələnirdi. Rail onları ictimailəşdirməyib, lakin onların bir çoxu qeydə alınıb saxlanılır”, – partiyanın məlumatında bildirilir.
Partiya bəyan edir ki, R.Rüstəmli AXCP üzvü olduğuna, atasının haqsız həbsinə etiraz etdiyinə, sosial şəbəkələrdə fəallığına görə saxlanıb.
“Rail Rüstəmli atasının həbsinin hüquqi davasını aparır, bu işi məhkəməyə hazırlayırdı. Bütün bundan xəbərdar olan yerli polis ona açıq təhdidlər yağdırır, sakitləşməsə, həbs və başqa tədbirlər görüləcəyini bildirirdi”, – partiyanın açıqlamasında qeyd olunur.
AXCP R.Rüstəmliyə işgəncə verilməsindən də narahatlığını ifadə edib.
R.Rüstəmlinin atası Sahib Rüstəmli Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 17-də keçirdiyi icazəli mitinqdən sonra həbs edilmişdi. Ona 15 sutka inzibati həbs cəzası verilib.